İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “kart evi” kimi dağılacaq - İlginc proqnoza 2 rəy

847 04.03.2023 08:50 Siyasət A A

“Rusiya Federasiyasının dağılması bu və ya digər dərəcədə qaçılmazdır”. Bunu rusiyalı müxalifət lideri, sosioloq, Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko deyib.

Onun sözlərinə görə, çox güclü mərkəzdənqaçma tendensiyaları var ki, onlar indi görünmür və hiss olunmur, çünki zorla yatırılır: “Əgər dövlət yox olarsa, o zaman mərkəzdənqaçma hərəkatları üstünlük təşkil etməyə başlayacaq və Rusiya kart evi kimi dağılacaq. Və təkcə ayrılma potensialının kifayət qədər güclü olduğu milli respublikalarda (Tatarıstan, Tıva, Yakutiya, Şimali Qafqaz respublikaları) deyil, həm də Rusiyanın Uzaq Şərq, Ural, Sibir, Kamçatka kimi regionlarında və s. bu tendensiya qalib gələcək”.

Yakovenkonun sözlərinə görə, Rusiyada növbəti iğtişaşlar baş verəcək, imperialist müharibə əmlakın və ərazilərin yenidən bölüşdürülməsi üçün mafioz klanların müharibəsinə çevriləcək.

Qeyd edək ki, bu qəbildən təxminlər son vaxtlar tez-tez səslənməkdədir. Onları nə dərəcədə ciddiyə almaq olar? Azərbaycan bundan necə təsirlənə bilər? Ukrayna müharibəsinin belə perspektivə təsiri ola bilərmi?

Bu günlərdə NATO baş katibi Yens Stoltenberq bildirdi ki, müharibə bitsə də, Rusiya ilə münasibətlər uzun müddət əvvəlki vəziyyətə qayıtmayacaq. Yəni yeni “soyuq müharibə” dövrü artıq başlayıb. Hansı ki, SSRİ-nin sonunu gətirdi. Eyni aqibəti Rusiya da yaşayacaq fikri var.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov: “Azərbaycanı Rusiya ilə sıx əlaqələr bağlayır və bu...”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov şimal qonşumuzu kiçiltməyin əleyhinə olduğunu söylədi: “Rusiyanın dağılacağı barədə proqnozlar son dövrlər tez-tez səsləndirilir. Əvvəl buna inanmaq çox çətin olsa da, Rusiyada gedən proseslərin axarı bu ehtimalların təsadüfən qaynaqlanmadığını ortaya qoyur. Ukrayna ilə aparılan uğursuz müharibə dağılmağa gedən yolu bir az daha da yaxınlaşdırır. Biz də belə düşünə bilərik ki, bəli, keçmiş SSRİ kimi Rusiyanın da dağılması baş verəcək və yeni müstəqil respublikalar yaranacaq. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın böyük dövlət təcrübəsi və ənənəsi var. Ən kritik və böhranlı dönəmlərdə vəziyyətdən çıxa bilir. Və bu yöndə heç nədən çəkinmədən, məqbul və qeyri-məqbul üsullara əl atıb.

Rusiyada ötən əsrin 90-cı illərində, konkret desək, Yeltsinin hakimiyyəti dönəmində mərkəzdənqaçma meyilləri indikindən qat-qat güclü idi. Çeçenistan faktiki müstəqilliyini elan etmişdi. Tatarıstan özünü müstəqil dövlət kimi aparırdı. Dağıstan və İnquşetiya, Başqırdıstan Moskvaya tabesizlik göstərirdi. Amma Rusiyanın heç bir subyekti müstəqil ola bilmədi. Hamısı sərt şəkildə cəzalandırıldı və tabe etdirildi. Məncə, indiki böhranlı dövründə belə Moskvanı küçümsəmək olmaz. Rusiya ərazisinə, əhalisinə və potensialına görə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Və Rusiyanın parçalanması çox ciddi dəyişikliklərə gətirib çıxarar. Qərbin özü də Rusiyanın parçalanmasını istəməz. Çünki Qərblə Çin arasında bufet zona məhz Rusiya vasitəsilədir".

Politoloq fikirlərinə bu cür davam etdi: “O ki qaldı Rusiya dağılarsa Azərbaycana təsirinin necə olacağına, etiraf etmək lazımdır ki, Azərbaycanı Rusiya ilə sıx əlaqələr bağlayır və bu əlaqələr bəzən bizim maraqlarımıza zidd olsa da buna məcburuq.  Hər halda yeni reallığa uyğun yeni siyasət sərgilənəcək. Amma bütün bunlar ehtimallardır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı: “Şeytan elə də qorxulu deyil”, amma..."

Azad Vətən Partiyasının sədri Akif Nağı da eyni düşüncədədir. O da Rusiyanı zəif görməyin əleyhinədir: “Kartlarla tikilən ev” dedikdə zəif əsaslı, təməlsiz tikililər, həmçinin sosial, siyasi quruluşlar nəzərdə tutulur. Bunu tam şəkildə Rusiyaya tətbiq etmək düzgün olmaz. Biz “Rusiya tezliklə dağılacaq” tezisini rəhbər tutub, özümüz üçün yanlış nəticələr çıxara, ona uyğun planlar qura bilmərik. Bismark Rusiya amili ilə hesablaşmağın vacibliyini qeyd edirdi. Türkiyə lideri Ərdoğan da Qərbə xəbərdarlıq etdi ki, Rusiyanı o qədər zəif hesab etməyin. Bunlarla Rusiya faktorunun rolunu şişirtmək istəmirik, “şeytan elə də qorxulu deyil”, amma saymazlıq edib, problem yaratmaqdan da çəkinməliyik. Aydındır ki, Rusiya çox geniş ərazidə, ən müxtəlif xalqların zorla bir yerə toplanıldığı, zor gücünə bir arada saxlanıldığı məkandır. Rusiya düzgün və ədalətli qanunlarla idarə olunan ölkəyə çevrilə bilmədi. Ona görə də artıq parçalanma prosesi xeyli sürətlənib.

Amma kritik həddə çatdığını, tezliklə baş verəcəyini demək olmaz. Bu proses daxili və xarici amillərlə bağlıdır. Daxili amillər göz önündədir, klassik yanaşmanı nəzərə alsaq, əhalinin böyük hissəsi, hətta etnik rusların xeyli bölümü bu dövlətdə yaşamaq istəmir, çıxıb getməyə çalışır. Tatar, başqırd, çuvaş, yakut, çeçen, inquş, balkar, qaraçay kimi xalqlar ayrılıb müstəqil yaşamaq iddiasını ortaya qoyur. Onlar buna kifayət qədər hazırdırlar. Tarixdə müəyyən qurumları olub, məsələn, “Dağlı Respublikası” kimi təcrübələri var. Həm də muxtar qurum şəklində xeyli dövlətçilik təcrübəsi qazanıblar. Kremlin də ölkəni zor gücünə nəzarətdə saxlamaq imkanı yoxdur. Xarici amil Qərbin Rusiyanı bu şəkildə saxlayıb, özlərinə uyğun qüvvələri hakimiyyətə gətirib idarəetməni davam etdirmək istəyi ilə bağlıdır. Vəziyyət belədir. Yaxın vaxtlarda hadisələrin hansı istiqamətə gedəcəyi aydınlaşa bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR