İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanı cəzalandırmağa başladı: Bu ölkədən süd məhsullarının idxalı dayandırıldı

1058 31.03.2023 18:27 Son xəbər A A

Rusiya Fitosanitar və Veterinar Nəzarəti Xidməti(Rosselxoznadzor) aprelin 5-dən etibarən Ermənistandan bütün növ süd məhsullarının idxalını dayandırır.

Musavat.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Ermənistan Veterinar Xidmətinə bütün şirkətlərə Rusiyaya məhsul ixracının sertifikatlaşdırılmasının dayandırmasına dair xəbərdarlıq olunub.

Rusiya tərəfi bu addımını martın 20-24-də Ermənistanın süd məhsulları istehsalı müəssisələrində aparılan yoxlamaların qaneedici nəticələnməməsi ilə izah edir. Yoxlamalar Ermənistandan Rusiyaya süd məhsulları ixracının qısa müddətdə kəskin artmasından sonra aparılıb. Yoxlama zamanı məlum olub ki, Ermənistanın süd məhsulları istehsalçıları İranda istehsal olunan xammaldan istifadə edirlər. Rusiya 2018-ci ildən İrandan süd məhsulları idxalını tam dayandırıb. Buna səbəb həmin məhsulların tərkibində antibiotiklərin və zərərli maddələrin aşkarlanmasıdır.

Rusiya tərəfi bəyan edib ki, Ermənistandan süd məhsullarının idxalının mümkünlüyü Veterinar Xidmətin aşkarlanan pozuntuları aradan qaldırılması istiqamətində atacağı addımlardan asılı olacaq.


Maraqlıdır ki, Ermənistandan Rusiyanın bu addımı siyasi təzyiq mexanizminin işə salınması kimi qiymətləndirilir. Erməni iqtisadçı-politoloq Qrant Mikaelyan mətbuata verdiyi açıqlamada Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusuna qoşulması ilə bağlı açıqlanan rəsmi mövqenin Moskvanı qəzəbləndirdiyini diqqətə gətirib: “Ermənistandan Rusiyaya süd məhsullarının illik ixracı 20 milyon dollar civarındadır. 2022-ci ildə kərə yağının hesabına bu göstərici 35 milyon dollara yüksəlib. Amma burada yalnız Ermənistanın öz istehsalı deyil, digər ölkələrin istehsalı da var. Yəni artım daha çox reeksport hesabınadır. Ötən il niyə keyfiyyət məsələsinə diqqət yetirilmirdi? Rusiyanın indi bu məsələyə diqqət yetirməsi göstərir ki, məsələ siyasidir. Düşünürəm ki, Moskva təzyiqləri daha da artıracaq,digər məhsullarla bağlı da bəhanələr tapılacaq. Nəzərə alsaq ki, Rusiya Xarici İşlər Nazirliyi açıq mətnlə Ermənistana narazılığını bildirib, nəticələrin ağır olacağına dair xəbərdarlıq edib, onda prosesin hara doğru getdiyini görmək çətin olmaz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR