Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Partiya lideri ilə söhbətimizin əsas mövzusu Ukraynanın Rusiya dərinliklərinə artan hücumları, Moskva və digər vilayətlərdə yaranmış yanacaq böhranı, Krımın təcrid edilməsinə başlanmasıdır. Hazırda ölkənin bir sıra respublikalarında və vilayətlərində benzin, dizel yanacağının məhdudiyyətlə verilməsi qərarı tətbiq olunur. Həmçinin ilhaq olunmuş Krımda ciddi böhran yaranıb: yanacaq çatışmır, Aksyonov sentyabra qədər turizm obyektlərinin bağlı qalmasına qərar verib.
Müsahibəni təqdim edirik:
- Natiq bəy, Rusiyada SSRİ-nin yaşadıqları təkrar olunurmu? Yəni iqtisadi böhran yekunda çöküşə səbəb oldu...
- Rusiyadakı yanacaq böhranını SSRİ dövrü ilə müqayisə etmək doğru deyil. Keçmiş sovet ittifaqını dağıdan faktorlardan biri neftin qiymətinin kəskin ucuzlaşması idi. İndi dünya bazarında neft qiymətləri hələ ki yüksəkdir. Hə, Rusiyada benzin çatışmazlığı var. Bu da ondan irəli gəlir ki, neftayırma zavodları istehsalı azaldıb. Rusiya miqyası üçün ciddi nəticələrə səbəb olur. Həm də ona görə ki, kənd təsərrüfatı mövsümüdür, bu sahəyə də dizel yanacağı lazımdır, orduya da. İkisini eyni anda təmin etmək isə asan deyil və vətəndaşlar narazı qalır.
- Sizcə, Ukrayna hücumları gücləndirməklə nəyə nail ola bilər?
- Son hücumlar və Krımda yaranmış vəziyyət Rusiya vətəndaşlarının müharibəyə münasibətini dəyişir. Məncə, prezident Zelenski və ordusunun taktikası da odur ki, Rusiya vətəndaşları müharibənin öz evlərinin içində olduğunu hiss etsinlər. Çünki ruslar son 4 ildə müharibəni hiss etmirdi. İndi aeroportlar işləyə bilmir, uçuş problemi yaranır, yanacaq çatışmazlığı var, qiymətlər artır, inflyasiya yüksəlir. Bu da əhalidə narazılığı kütləviləşdirir. Ukraynanın PUA hücumları olmayana qədər ruslar gündəlik həyatında müharibəni yaşamırdılar. Xüsusən də Moskva və digər mərkəzi şəhərlərdə savaş hiss olunmurdu. Çünki müharibə Ukrayna ərazilərində gedirdi, orduya əsasən regionlardan döyüşçü cəlb olunurdu. İndi isə PUA hücumları Moskvaya, Sankt-Peterburqa və başqa şəhərlərə çatır.
- Bəs Krımda yaranmış son vəziyyət nə ilə nəticələnə bilər?
- Krımın izolyasiya edilməsi Putinin ən vacib hekayəsini dağıdır. Onun hakimiyyətdə qalmasının səbəbi Krım hadisələri idi. Hazırda Krımda və iqtisadiyyatda problemlər meydana gəlib. Zelenskinin planı da odur ki, Rusiya işğal edə bilmədiyi torpaqları istəməsin və müharibə dayansın. Yəni söhbət Donbasdan, Zaporojye və Xersonun işğal olunmayan ərazilərindən gedir. Ukrayna öz torpaqlarını təslim etmək niyyətində deyil. Eyni zamanda, arxa cəbhəyə - yəni Rusiya dərinliklərinə hücumları genişləndirməklə Moskvanı danışıqlara gətirib çıxarmağa çalışır. Bu da ona hesablanıb ki, atəşkəslə bağlı danışıqlarda həmin ərazilər müzakirə edilməsin və Rusiya razılaşmalı olsun. Ona görə də bu hücumların təsirlərini gözləmək lazımdır. Amma Rusiya ciddi böhrana gedir. Söhbət təkcə iqtisadi şəraitdən getmir. Bu müharibə ciddi fəsadlara səbəb olur və getdikcə əhalinin narazılığının artmasına gətirib çıxaracaq.
Emil Salamoğlu
Musavat.com






