İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropaya verdiyi qazı yenidən azaltdı – Aİ nazirləri təcili toplaşır

538 26.07.2022 11:03 İqtisadiyyat A A

Rusiya Avropaya qaz nəqlini minimum həddə salıb. “Qazprom” şirkətinin iyulunun 25-də açıqladığı məlumatda “Şimal axını 1” kəməri ilə qaz nəqlinin mövcud gündəlik 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azaldıldığı bildirilib. Şirkət bunu “Liman” məntəqəsində kompressor stansiyasının daha bir mühərrikinin əsaslı təmirə dayandırılması ilə bağlasa da, artıq Avropa İttifaqından bu addımın siyasi şantaj olduğuna dair açıqlamalar gəlməkdədir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranda olarkən Rusiya prezidenti Vladimir Putin kəmərlə qaz nəqlinin daha da azaldılacağının anonsunu vermiş, Avropanı “Şimal axını 2” kəmərinin istismarına icazə verməyə çağırmışdı. Hələ iyunun ortalarından Rusiyanın Siemens şirkətinə məxsus mühərrikin təmirdən sonra Kanadadan vaxtında gətirilməməsini əsas gətirməklə “Şimal axını 1”lə qaz nəqlini 60 faiz azaltmışdı. Siemens isə əslində “Qazprom”da yetərincə ehtiyat mühərrik olduğunu açıqlayaraq, Moskvanın məqsədinin Avropanı təhdid etmək olduğunu bəyan etmişdi. Daha sonra Rusiyanın bəhanələrini kəsmək üçün Kanada mühərrikin ölkədən çıxarılmasına icazə verdi, avadanlıq Almaniyaya çatdırıldı. Artıq 10 günə yaxındır ki, Rusiya ən müxtəlif bəhanələrlə mühərrikin öz ərazisinə gətirilməsinə imkan vermir. Son olaraq prezident Putin açıq şəkildə Avropadan “Şimal axını 2”nin istismarına icazə verilməsini tələb etməklə əslində mühərriklə bağlı məsələsinin sırf bəhanə olduğunu nümayiş etdirdi.

Avropa Komissiyasının rəhbəri Ursula on der Lyayen iyulun 25-də - hələ “Qazprom” qaz nəqlinin daha 50 faiz azaldılmasını elan etməzdən əvvəl Avropanın Rusiyadan qaz nəqlinin tamamilə dayanmasına hazırlaşdığını, bu perspektivin real olduğunu bəyan edib. Ötən həftə Avropa Komissiyası ittifaq ölkələrinin qaz istehlakını 15 faiz azaltmasına dair təklif-qərar qəbul edib. Həmin qərara əsasən 1 avqust 2022-ci ildən 31 mart 2023-cü ilədək Avropa Birliyi ölkələri qaz istehlakını 15 faiz azaltmalıdılar. Bu, 45 milyard kubmetr qaza qənaət demək olacaq və Avropanın Rusiya qazı olmadan qış mövsümündən çıxmasını təmin edəcək.

Dünənə qədər bir sıra Avropa ölkələri bu qərara qarşı çıxsalar da, Almaniyanın DPA agentliyinin yaydığı məlumata əsasən artıq müvafiq razılaşma əldə olunub. Bu gün Aİ energetika nazirlərinin təcili görüşündə planın rəsmən qəbul ediləcəyi gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR