İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 2 ildə Ukraynanın bu qədər ərazini ələ keçirib

2488 25.02.2024 20:39 Gündəm A A

Ölkənin xarici işlər naziri Kuleba:”İtirdiyimiz ərazilərin  strateji əhəmiyyəti yoxdur”   

Fevralın 24-də Rusiyanın Ukraynaya elan etmədiyi müharibənin 2 ili tamam oldu.  Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edirdi ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.

Снимок.JPG (128 KB) 

 Rusiya 2022-ci ilin 24 fevralından bəri isə Ukraynanın 62 min kv.km-dən çox ərazisini işğal edib. Bu barədə Ukraynanın “DeepState” Teleqram kanalı məlumat yayıb.  Hərbi əməliyyatların ilk həftəsində Rusiya Ukraynanın Kiyev, Çerniqov, Sum, Xarkov, Zaporojye, Xerson, Donetsk və Luqansk (bu iki vilayətin ərazisinin bir hissəsi 2014-cü ildə işğal olunmuşdu – red.) vilayətlərinin bir hissəsini işğal etmişdi.

Lakin 2022-ci ilin martın sonu-aprelin əvvəllərində rus ordusu işğal etdiyi Kiyev, Çerniqov və Sum vilayətlərinin ərazisindən çıxmağa məcbur oldu.

Sentyabrın 6-da isə Ukrayna ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin də işğal olunmuş əraziləri ruslardan təmizləndi. 6 sentyabr-10 oktyabr əməliyyatları nəticəsində Ukrayna Xarkov istiqamətindəki dövlət sərhədini bərpa etdi. Bundan başqa, Donetsk və Luqansk vilayətlərinin işğal altında olan bəzi əraziləri də azad edildi.

Ukrayna Silahlı Qüvvələrinin avqustun 29-da Xerson istiqamətində başladığı əks-hücum əməliyyatları noyabrın 11-də rus ordusunun Xerson şəhərindən çıxması ilə başa çatdı. Bu əməliyyat nəticəsində Rusiya ordusu Dnepr çayının sağ sahilindən çıxmağa məcbur oldu.

000_323Y8UM(1).jpg (192 KB)

Ukrayna ordusunun 2023-cü ilin iyununda Zaporojye istiqamətində başlatdığı əks-hücum əməliyyatı isə uğursuzluqla nəticələndi. Ukraynalılar rusların “Surovikin xətti” adlandırdıqları müdafiə xəttini tam yara bilmədilər. Nəticədə Ukrayna ordusu yalnız bir neçə yüz kv.km ərazini azad edə bildi.

Hazırda isə Rusiya ordusu hücumdadır və ən son Avdeyevka şəhərini işğal edib. Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə gözləyirlər:

-Cənub cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin bütün qruplaşması üçün təhlükə yaradacaq Pavloqrada hücum perspektivi ilə “DXR”-nin qərbində Pokrovska doğru;

-Çasov Yar və Slavyansk-Kramatorsk-Drujkovka-Konstantinovka şəhər aqlomerasiyasına irəililəmək;

-Orexovdan Zaporojye və Dnepropetrovska doğru getmək.

 “Ukraynanın ərazi  itkilərin strateji əhəmiyyəti yoxdur”. Bunu isə bu gün Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. Ukrayna.ru Teleqram kanalında nazirin Amerika televiziya kanalına verdiyi bəyanatdan sitat gətirib: "Biz  itkilər verdik, lakin onlar cəbhə xəttinin ümumi sabitliyi üçün strateji əhəmiyyət kəsb etmir". Kuleba Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bəzi  istiqamətlərində geri çəkildiyini etiraf edib.

Orxan Əliyev, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR