İnsanlara hürriyət, millətlərə istiqlal!

Rublun çöküşü Azərbaycana nə vəd edir? Narahat olmalıyıqmı? PEŞƏKAR ŞƏRH

1245 14.08.2023 12:59 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, bu gün Moskva valyuta birjasında keçirilən hərraclar zamanı 1 dollar 101 rubldan, 1 avro 110 rubldan yuxarı ticarət olunmağa başlayıb.

vuqar.jpg (75 KB)

İqtisadçı-alim, Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb:

“Artıq 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.

Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.

Bu baxımdan rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcminə xüsusi təsirləri olmasa da, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının həm yığımlarını, həm də sərmayə qoyuluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu, onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR