İnsanlara hürriyət, millətlərə istiqlal!

Rey Kərimoğlu: “Demişdim ki, 50 yaşımadək Qarabağ azad olunmasa, silahlanıb o tərəfə keçəcəm”

2220 02.06.2022 09:50 Müsahibə A A

 “Birmənalı şəkildə hamıya deyirəm ki, mən Ağdama qayıdacağam!”

Eləcə Rey Kərimoğlu adı kifayətdir onun təqdimatı üçün. Çünki bir ömrü əbəs yerə yaşamayıb. Odur ki, adının qarşısına Qarabağ qazisi, jurnalist, Qarabağ Qaziləri Birliyinin mətbuat katibi, yaxud Qazilər.az saytının baş redaktoru yazmağa o qədər də ehtiyac qalmır.

Mayın 9-da Rey qardaşımızın 55 yaşı tamam oldu, ünvanına haqq etdiyi xoş sözlər deyildi, yazıldı, ən gözəli də bu idi ki, uğrunda canının yarısını qoyduğu, qanı ilə suvardığı torpaqların azadlığından sonra qeyd edirdi budəfəki yubileyi. Vaxtilə çoxsaylı söhbətlərimiz olub, amma bu dəfə bir başqa ovqatda keçdi müsahibəmiz, buyurun, Vətən oğlu ilə müsahibəni təqdim edirik: 

- Rey bəy, 5-ləri qoşalaşdırdın. Ürəkdən təbrik edirik. Özünüzü necə hiss edirsən?

- Təşəkkür edirəm. Nə bilim, vallah. Biz tərəfdə “loto”da 55 çıxanda deyirdilər “partapart”. (gülür) 55-di də. Hələlik 50 ilə 55-in fərqini hiss eləmirəm. 50 yaşım tamam olanda, mayın 10-da səhər saat 6-7 radələrində yuxudan oyandım. Ona qədər bir az gec dururdum. 55-in tamamında da başım qarışıq oldu. O qədər işlərim vardı ki, nə evdə bir məclis elədik, nə dostlarla yığışmışıq. Kim soruşursa, deyirəm, dekabrın 31-dək hələ vaxt var.

- Yubileydir, bəlkə elə Ağdamda da məclis quruldu...

- Ola bilər. Səfər niyyətimiz var. Şahbulaqda pürrəngi çay içib, paxlava ilə qeyd edərik, inşallah!

- Aqil Abbas ənənənin əsasını qoyub, ad gününü Ağdamda keçirir...

- Aqil Abbas heç də, onu verənin başına dönüm. Dəyərli ziyalımızdır, el adamıdır, Allah ona dəyməsin! Hərdən reallıqları açıq şəkildə səsləndirir, bəziləri başa düşmür, üstünə gedirlər. Amma Aqil Abbas illərdir Qarabağın azad olunması, orada yaşamağımız üçün əziyyət çəkən, çalışan aydınımızdır. Yeri gəlmişkən, bizim ad günümüz də ardıcıl düşür, mayın 9-u mənim, 10-u sənin...

- Müəyyən səbəblərdən mənin doğum günüm başqa tarixə yazılıb. Deyəsən, sənin də doğum gününlə bağlı bir “sirr” var, bəlkə nəhayət, açıqlayasan?

Rey Kerimoglu.jpg (82 KB)

- Heç vaxt açıqlamamışam, sadəcə, dostlar bilirlər. Mən mayın 9-u, 1967-ci ildə səhərlə günorta arası - rəhmətlik anam belə xatırlayırdı - doğulmuşam. Bizim kənddə doğum haqqında şəhadətnaməni yazan Nadya xala olub. Nadya xala deyib ki, gələcəkdə Reyin əsgərliyə payızda getməsi üçün onun doğum tarixini 1-2 ay sonraya yazaq. Əsgərliyə 6 ay gec gedim deyə, Nadya xala götürüb sənəddə doğum tariximi iyulun 9-u yazıb. Bütün analar üçün körpə həmişə körpədir. Deyib körpədir, qoy yarım il gec getsin. Beləcə, mənim doğum tarixim rəsmən 9 iyula düşüb.

- Yadımdadır, hər dəfə doğum günündə zəngləşəndə Şuşanın işğalda olmasının əzabını çəkə-çəkə danışırdın...

- Hə, biz şənlənə bilmirdik ki. Hətta mənim 50 yaşımla bağlı bir tədbir oldu, tədbiri də Əflatun Amaşov aparırdı. Onda həm kitabımın təqdimatı oldu, həm də yubileyi qeyd etdik. Yəni rəsmi bir tədbir oldu. Vaxtilə müsahibələrimdə hər zaman əminliklə deyirdim ki, biz o yurdlara qayıdacağıq. Ağız büzənlərə, inanmayanlara inadkarcasına başa salırdıq. Çox yaxın dostlarım bilirlər, bunu ilk dəfə sizə açıqlayıram. Demişdim ki, 50 yaşıma qədər Qarabağ azad olunmasa, mən təkbaşına bir müddət məşq edib, silahlanıb, o tərəfə keçəcəyəm. Ömür nə qədər vəfa eləsə, Ağdamla Şuşanın arasında yaşayacağam, ermənilərə qarşı da döyüşəcəyəm. Bir gün, ya on gün yaşayacağam, bilmirdim, amma ora getmək niyyətim vardı. Mən kəşfiyyatçı olmuşam, müəyyən məsələləri bilirdim, ora hansı silahlarla gedəcəyimi, nələr götürəcəyimi, meşədə, çöllərdə necə yaşayacağımı da hesablamışdım. Sonra Ramil Səfərov, Mübariz İbrahimov məsələsi oldu, məndə yavaş-yavaş inam artdı ki, cəmiyyətdə Qarabağın azad olunacağına inanan insanlar az deyil, çoxdur.

- Şübhəsiz ki, aprel döyüşləri də təkan verdi...

- Hə. Sonra da düşündüm ki, geci-tezi var, bu, olacaq. İlham Əliyev cənabları 2003-cü ildə prezident seçiləndən sonra, açığı, ilk 4-5 ildə hiss olunmadı, sonrakı müddətdə - mən ordu ilə bağlı adamam - gördüm ki, yox, proses gedir. O prosesi tam açıqlamaq istəmirdim, amma hamıya deyirdim ki, biz mütləq yurdumuza qayıdacağıq, mütləq müharibə olacaq! Hətta məndən soruşurdular ki, Qarabağ necə azad olunacaq? Deyirdim variantları dəqiq bilmirəm, amma bir gün biz gedib Ağdamda, Şuşada oturanda mənə sual verəcəksiniz, onda deyəcəyəm mən sizə demirdimmi ki, elə ola bilər torpaqların necə azad edildiyini bilmərik.

“Biz bir gün Ağdamdan Şuşaya, Kəlbəcərə gedəcəyik, dədə-baba yolu ilə - əsas yollarımızla!”

Yəni 49-50 yaşlarımda artıq əmin oldum ki, müharibə olacaq və torpaqlarımızı azad edəcəyik. 2015-də Ağdam istiqamətində ilk döyüşlər oldu, bir il sonra aprel döyüşləri. Dostlara dedim ki, deyəsən, mən 50 yaşımı o tərəfdə keçirə bilməyəcəyəm, amma Qarabağ azad olunacaq. 2016-dan sonra daha 4 il gözləmək lazım gəldi. Mən düşündüm ki, artıq özfəaliyyətə ehtiyac yoxdur, dövlətimiz, dövlət başçımız bütün məsələləri düşünüb, güclənən nizami ordumuz üçün alınan silahlara baxırdım və torpaqlarımızın azadlığına əmin olurdum. Şükür! 

- 1992-ci ildə yaralanmışdın, amma hələlik o bölgəyə gedə bilməmisən, eləmi?

- Hə, Xankəndi istiqamətində, Əsgərandan sağ tərəfdə, Fərruxun arxasında. Oralarda artıq bizimkilərdir, yüksəkliklərdən nəzarət edirik. Xocalıya yaxın bir yerdə Noraguhda Xalid, Azad və mən minaya düşdük. Getmək istərdim. Amma inandırım səni, torpaqlar azad olunandan sonra başqa hiss yaşayıram. Şuşaya üç dəfə dəvət almışam, administrasiya tərəfindən. İki dəvətdə ayağımda problem oldu, gedəmmədim. Üçüncüdə dedim gedəcəyəm, rəsmilər dedilər səhər 04.40-da “Azneft” tərəfdə görüşək. Gecə saat 1-2-də təzyiqim 180-ə qalxdı, heç vaxt olmadığı kimi. Koronadan sonra məndə təzyiq yaranıb...

- Keçmiş olsun! 44 günlük müharibəni də xatırladaq, mümkünsə... Bilirik ki, sizlərin budəfəki Vətən savaşına da böyük qatqınız oldu. O günləri necə xatırlayırsan?

- Torpaqlarımız azad olunub, bəzi şeyləri demək olar. Cənab Prezidentə rəsmi müraciət etmişdik ki, biz keçmiş döyüşçülər bilik və bacarığımızı, təcrübəmizi bölüşməyə hazırıq, yanınızdayıq, döyüş olarsa, biz də gedək, kömək edək. Aprel hadisələri zamanı da bizi cəlb etmişdilər, kiçik bir qrup idi. Allah rəhmət eləsin, baş qazimiz Etimad Əsədovun da iştirak etdiyi qrup idi, aprelin 2-dən 5-dək həm cəbhə bölgəsi, həm təmas xəttindəki rayonlarda olduq. Sonrakı günlərdə, mayın 28-dək 3 səfərimiz oldu, Etimad müəllimin rəhbərliyi ilə. Tovuz hadisələri zamanı artıq Etimad rəhmətə getmişdi. Qazilər Birliyinin sədri Asəf Əliyev müraciət etdi və Müdafiə Nazirliyindən bizi dəvət etdilər ki, qruplar hazırlanır, yəni döyüş olarsa, sizlərin də görəcəyiniz işlər müəyyənləşsin. Qrup müəyyənləşdi: Asəf Əliyev, Ədalət Məhərrəmov, Fəzail Əsədov, Sadiq Quliyev, Rafiq Kərimov və mən. Qazilər olduğumuz üçün bizi çağırışla çağırmırdılar. Sentyabrın 27-si Asəf zəng etdi ki, “hazırlaşın, gedirik!” Oktyabrın 1-dən 30-dək bizə ezamiyyə yazıldı. Biz 6 nəfər 30 gün Füzuli istiqamətində N saylı hərbi hissədə olduq. Orada müəyyən işlər gördük, döyüş hazırlığı ilə bağlı təcrübələrimizi bölüşdük, əsgərlərimizə psixoloji dəstək verdik. Mən zaman gələndə müəyyən qeydlərimi açıqlayacağam, bəzi sahələrdə ciddi dəstək lazım idi. Təsəvvür edin ki, biz bir taborla söhbət aparırıq. Söhbətlərimiz gecə saat 10-11-də qurtarırdı. Görürdük ki, 4-5 zabit, əsgər gəlib, deyirlər, qazi qardaşlar, bizim taborda şəxsi heyət yığışıb, sizi gözləyir, gedək bizimlə. Biz də böyük həvəslə gedib görüş keçirirdik, ruh yüksəkliyi aşılayırdıq, sualları cavablandırırdıq. Biz cəbhə istiqamətindəki hərbi hissədə xidmət etsək də, ön cəbhədə deyildik, heyəti hazırlayıb irəli göndərirdik. Bir dəfə diqqətsizlik olmuşdu, döyüşün qızğın vaxtında qripə qarşı dərmanlar, maska, antibiotiklərlə bağlı çatışmazlıq var idi. Fred Asifin qardaşı Ədalət dərhal Bakı ilə danışdı. Ədalətin tanıdığı ağdamlı iş adamları Almaniyadan dəstək göndərmişdilər, onlar dərhal qoşuldular işə, böyük bir partiya dərman gətirdilər.

- Və... Günün birində avtomobil qəzası keçirdin. Daha bir sınaq...

- Allahın başına dönüm, taleyimizə mübarək işləri çox yazıb. Allahın lütfü şəhidlik, qazilikdir. Təəssüf ki, şəhidlik qismətimiz olmadı, amma qazilik nəsibimiz oldu, Vətən torpağına qanımız bulaşdı. Fəxrdir! Oktyabrın 24-ü hərbi hissəyə dönərkən maşın aşdı, qolum qırıldı. Sağ qolum çiyindən dirsəyə qədər dörd yerdən qırılmışdı. Qayıtdım, gəldim, amma bizim uşaqlar ayın sonunadək xidmətdə oldular. Oktyabrın 30-dan sonra yəqin ki, başqa istiqamətə göndəriləcəkdilər, amma artıq zəfər qazandıq.

- Rey, hazırda rus hərbçilərin nəzarətində olan ərazilərimizlə bağlı intuisiya nə deyir?

- Bu ərazilərin məsələsi də həll olunacaq, çox qısa zamanda! Necə ki, birinci müharibədən sonra “azad olunacaq” dediyimiz zaman “nə təhər soruşurdular”, indi soruşanlara da cavabım budur ki, biz bir gün Ağdamdan Şuşaya, Kəlbəcərə gedəcəyik, dədə-baba yolu ilə, əsas yollarımızla!

- İnşallah! Rey, sənin iki övladın var, 7 yaşlı Qazilər.az  saytı, bir də 4 yaşlı Qaya bala, Allah saxlasın! Hər iki övladın sənə əzizdir, taleyinlə birbaşa bağlıdır. Övladlarla bağlı nə düşünürsən?

- (Gülür.) Bir iş adamı, qazi dostumuz vardı, mənə deyirdi ki, bir qəzet, sayt yarat, dəstək olaq, bu, vacibdir. Mən başqa adda bir şey düşünürdüm. Etimadla məsləhətləşəndə dedi ki, 2006-cı ildə biz qeydiyyatdan keçəndə Qarabağ Qaziləri İctimai Birliyi olaraq qeydiyyatdan keçmişik. 2007-ci ildə də rəsmi adı “Qazi” olan qəzetimiz olub. Əslində bu saytın yaranmasında Etimadın da rolu var, uzun illər dəstək verdi. İndi də sədrimiz Asəf müəllim dəstək verir. Bu sayt bizim tribunamızdır, orada həm qazilərimizin problemlərini qaldırırıq, həm hədəflərimizi göstəririk. Eyni zamanda da dövlətin şəhid ailələri, veteran, qazilərlə bağlı gördüyü işlər, qanunvericiliyə dəyişikliklər əksini tapır. Qaldı Qayaya... (Çöhrəsinə xoş bir təbəssüm yayılır-E.P.) Allah bütün balaları qorusun! Ağdam azad olunanda məndən çox soruşurdular ki, Bakıdamı yaşayacaqsa, ya qayıdacaqsan Ağdama? Bilirsən ki, mənim Bakıda evim var, cənab Prezident jurnalist kimi məni mənzillə təmin edib. Mən indi Əhmədlidə yaşayıram, 3 otaqlı mənzilim var. Dövlət mənə avtomobil verib, dövlətimdən çox razıyam. Suallara cavab olaraq birmənalı şəkildə hamıya deyirəm ki, mən Ağdama qayıdacağam! Ailəlikcə Şıxbabalı kəndinə, yurdumuza dönəcəyik, orada yaşamaq üçün. Qaya hələ körpədir, 3 yaş 7 aylıqdır. İnşallah, biz qayıdana qədər orta məktəbə getməyə yaşı çatar, elə 1-ci sinfə Şıxbabalıda gedər. Proqramımız budur. Şıxbabalı, Muğanlıdır, bunlar qonşu, bir-birinə qarışmış kəndlərdir. Yəqin ki, dədə-baba qaydasında tikilib veriləcək.

Qeyd: Rauf Arifoğlu və “Yeni Müsavat” Media Qrupu dəyərli həmkarımızı, qazi qardaşımızı bir daha yubiley yaşı münasibətilə olaraq təbrik edir. Ona sağlam, uzun ömür yaşamasını və ürəyindəki bütün arzularına, qarşısındakı hədəflərə qovuşmasını arzulayırıq!

Elşad PAŞASOY,
Foto: “YM”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR