İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərin muxtariyyət “sancısı” güclənir

973 19.03.2024 11:55 Ölkə A A

Bakıya qarşı “14-cu bənd” bəhanəsi

“Əgər siz bu Ermənistan ərazilərini (?! - red.) Azərbaycana verməyə hazırsınızsa, Azərbaycanın qarşısına Qarabağa muxtar vilayət statusunun qaytarılması tələbini qoymağa borclusunuz. Bunlar eyni səviyyədədir. Bu, sovet dövrünün mirasıdır”.

Xəbər verdiyimiz kimi, belə bir sərsəm iddianı Ermənistanın keçmiş xarici işlər naziri, Suriya (Hələb) doğumlu Vardan Oskanyan Nikol Paşinyanın Tavuşun 4 kəndi ilə bağlı məlum açıqlamasına reaksiyasında bildirib.

Oskanyan iddia edib ki, Ermənistanın bu məsələni, eləcə də “Dağlıq Qarabağ sakinlərinin qaytarılmasını gündəmə gətirmək” hüququ var.

Sayıqlamalarını davam edən eks-nazir daha sonra bildirib: “Avropa Parlamentinin (13 mart - red.) qətnaməsində bizim üçün praktiki əhəmiyyət kəsb edən bir bənd var. Bu, 14-cü bənddir. Orada Azərbaycan "artsax" erməniləri və onların rəhbərliyi ilə, beynəlxalq təmsilçilik altında (?! - red.) danışıqlar aparmağa və onların öz evlərinə, torpaqlarına geri qayıtmasını təmin etməyə çağırılır. Bu gün "artsax" ermənilərinin öz evlərinə qaytarılması məsələsini reallığa çevirmək şansı var. Əgər Ermənistan hakimiyyəti Avropa Parlamentinin bu müddəalarına əsaslansa, məsələni gündəmə gətirəcək yeni hakimiyyət olsa, bizim nəyisə bərpa etmək şansımız olacaq və beynəlxalq təminatlarla onların geri qayıdışını təmin edəcəyik”.

Oskanyan əlavə edib ki, bu, müharibəyə səbəb olmayacaq, əksinə, Ermənistanla Azərbaycan arasında sabit sülhə gətirib çıxaracaq. 

Görəsən, bu zat Qarabağda ermənilərin hansı haqq-hüququndan, sovetin hansı mirasından dəm vurur? Suveren, müstəqil və unitar Azərbaycan niyə sovetin cızdığı yolla getməli, öz daxili inzibati-ərazi quruluşunu SSRİ modeli üzrə müəyyən etməli, muxtariyyəti bərpa edib öz altına təzədən “gec partlayan mina” qoymalıdır? 

Yaxud 10 noyabr (2020) kapitulyasiya sənədindən fərqli olaraq, Azərbaycan üçün heç bir hüquqi öhdəlik yaratmayan və kağız parçasından savayı bir şey olmayan Avroparlamentin qərəz və böhtan dolu qətnamələrini Bakı nə üçün rəhbər tutmalıdır? 

SSRİ dövrünün mirası (muxtariyyət) nə demək? Bu Azərbaycan üçün hansısa öhdəlik yaradırmı? 

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Vardan Oskanyan sərsəmləyir: “İflic olmuş beyninin bir hissəsi işləmir deyə belə açıqlamalar verir. Sağlam biri olsaydı, belə məntiqsiz fikirləri dilə gətirə bilməzdi. Avropa Parlamenti istəyir gündə bir qətnamə qəbul etsin, onların qəbul etdiyi qətnamələr tövsiyə xarakterlidir və imperativ gücə malik deyil. Tövsiyə xarakterli qətnamələrin kim tərəfindən qəbul edilib-edilməməsi bizim üçün o qədər də önəmli deyil”.

Çingiz Qənizadə deyib ki, dünyada tanınan hüquq prinsipləri və dövlətlərin ərazi bütövlüyü, suverenliyi anlayışı var: “Sərsəm Vardan Oskanyanın dilə gətirdiyi məlum 14-cü bəndə gəldikdə isə mifik "artsax" erməniləri ilə Azərbaycan arasında hər hansı bir beynəlxalq təmsilçilikdən söhbət gedə bilməz. “Artsax” adlı qurum yoxdur və Azərbaycanın Qarabağ ərazisində bir qrup erməni vardı. Onlar antiterror tədbirləri keçiriləndən, silahlı separatçılar tərk-silah edildikdən sonra heç bir səbəb göstərmədən, separatçıların təbliğatı nəticəsində ərazini öz istəkləri ilə tərk edərək gediblər. Azərbaycan tərəfi əlində silah olmayan, dinc yaşayışa hazır ermənilərə sərhədləri heç zaman bağlamayıb. 1987-ci ilə qədər Qarabağ ərazisində yaşamış, onlardan törənən şəxslərin bölgəyə qayıdışına heç bir maneə yoxdur".

Çingiz Qənizadə deyib ki, torpaqlarımız işğal altına düşəndən sonra qanunsuz olaraq Azərbaycan torpaqlarına köçürülmüş şəxslərin geridönüş məsələsi təbii ki, mümkün deyil: “Azərbaycan hər zaman mehriban qonşuluq, dinc birgəyaşayış tərəfdarı olub. Geriyə dönmək istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib dinc həyatlarını sürə bilərlər. Azərbaycanın şərtlərini qəbul edən mülki əhalinin geri qayıtmasında hər hansı bir problem yoxdur. Ermənilərə Azərbaycan ərazisində hansasa statusun verilməsi, muxtariyyətin bərpasından danışan sərsəm siyasətçi hesab edir ki, Azərbaycan buna gedəcək. Əslində o başa düşməlidir ki, Azərbaycan daha əvvəlki, 30 il öncəki Azərbaycan deyil. Özünün hüquqlarını qorumağa malik olan bir dövlətdir. Boşbağazlıq etməkdənsə, Azərbaycanın beynəlxalq hüquqa söykənən şərtlərini qəbul etməlidirlər”.

Çingiz Qənizadə Avropa Parlamentində kimlərin oturduğu, erməni lobbisinin təsiri altında qərar verildiyini bu gün hər kəsin bildiyini diqqətə çatdırıb: “Tövsiyə xarakterli qətnamə qəbul ediblər və belə hesab edirlər ki, bununla öz "dayılarına", yəni siyasi karyeralarına yol açan, maliyyələşdirənlərə xidmət etdiklərini kimsə başa düşmür. Nə bu qətnamə, nə də 14-cü bənd Azərbaycan üçün keçərli deyil".

Sonda qeyd edək ki, martın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Əskipara, Bağanis və digər qəsəbələrin sakinləri ilə görüşüb.

Musavat.com bildirir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində yazıb.

N.Paşinyan delimitasiya prosesinin Tavuş bölgəsindən başlaya biləcəyini də istisna etməyib.

Erməni mediası xatırladır ki, yuxarıda qeyd olunan mətbuat konfransından sonra Tavuşun dörd kəndinin Azərbaycana təslim edilməsi mövzusu fəal şəkildə müzakirə olunub.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR