İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlər Naxçıvanı niyə hədəfə alıb? - İran və Rusiyanın rolu varmı...

991 22.06.2023 09:28 Gündəm A A

Ermənistanın başını “əcəl kötüyü”nün üstünə qoymasına səbəb nədir; düşmən Naxçıvanın Kərki kəndini qaytarmamaq üçün növbəti təxribata əl atıb-ABŞ bayrağının kölgəsində gizlənmək cəhdi; ekspertlərdən ilginc təhlillər

Ermənistanda hazırda panik bir durum var: bir qism reallıqlarla barışmağa tərəfdar olsa da, revanşist düşüncəli, xüsusilə xarici dairələrin təsirində olan ermənilər kifayət qədərdir. Elə son günlərdə keçirilən rəy soyğusunun nəticələrinə baxdıqda, ermənilərin növbəti fəlakətə meyilli olduqlarını söyləmək olar. Belə ki, respondentlərin böyük əksəriyyəti Azərbaycan ərazilərinə qarşı iddialarından əl çəkmək niyyətində olmadıqlarını açıqlayıblar.

Üstəlik, revanşistlərin mövqeləri orduda da güclüdür və bəzən Ermənistan hökuməti nəzarəti itirdiyini etiraf edir. Biz hazırda bu vəziyyəti əyani müşahidə edə bilirik: Başı əzilən, 44 günlük müharibədə “Dəmir yumruğ”un gücünü dəqiq bilən və Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu olmadığını bilən Ermənistanın bir sıra rəsmiləri pozitiv açıqlamalar versələr də, davamlı olaraq cəbhədə atəşkəsin qarşı tərəfdən kobud şəkildə pozulması da diqqətdən kənarda qala bilməz. Düzdür, bu təxribatların arxasında İran və Rusiya dairələrinin dayandığı da iddia edilir. Ancaq hər halda, atəş Ermənistandan açılır və son nəticədə növbəti yumruğu da onlar yeyəcək...

Son günlərdə bu prosesdə bir məsələ də diqqət çəkir: Ermənistan, xüsusilə Naxçıvan Muxtar Respublikası istiqamətində müxtəlif təxribatlar törətməyə başlayıb. Təxribatların niyə məhz bu istiqamətdə baş verməsi səbəbləri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə bölgədə vəziyyətin gərginləşməsində Qərbin də müəyyən rolu və məqsədləri var: “Naxçıvan tərəfindən atəşkəsin pozulması Ermənistanın planıdır. Arazadəyən bölgəsində ABŞ-ın metallurgiya zavodunu tikməsi iddiası və ideyası üzərindən bir az da prosesləri genişləndirirlər. Hətta bu istiqamət üzrə ikinci bir yol da açmış oldular ki, Azərbaycan tərəfi guya bu mədənlərdə tikintidə çalışan hindistanlı fəhlələrə atəş açıb. Bu hadisələri isə Naxçıvan ərazisindən baxdıqda Zəngəzur dəhlizinə həmlə kimi qəbul etmək lazımdır. Biz burada Hindistanın, Ermənistanın, həmçinin Qərbin müəyyən güclərinin xüsusilə Amerikanın bölgəyə gəlişini görürüksə artıq bilməliyik ki, daha qlobal güclərin hesablaşması prosesinə start verilir. Burada elə hesab olunur ki, Rusiyanın da əli var. Fransanın isə Rusiyanın məğlub olmasında xüsusi istəyi var. Bu proseslərdə 3 mərhələ diqqəti çəkir: birinci mərhələdə Ermənistanı müharibəyə cəlb etmək, ikinci mərhələdə ona Fransız silahları vermək, üçüncüsü isə Azərbaycanın məğlubiyyətinə nail olmaqla həm də dolayısı ilə hədəflədikləri Qafqazda Rusiyanın da güc itirməsinə nail olmaq niyyəti daşıyır. Qarabağda Kəlbəcər, Laçının "Dığ" kəndi, cənub tərəfdən Zəngilanın “Ağbənd” qəsəbəsi kimi Naxçıvan istiqaməti də strateji nöqtədir. Naxçıvan istiqamətində təxribatların törədilməsində digər səbəblər isə Şuşa Bəyannaməsi, həmçinin Azərbaycanın anklavlar məsələsi - Kərki kəndi məsələsinin gündəmə gəlməsidir". Maraqlı yanaşmadır və kifayət qədər məntiq var. Ermənistan nə yolla olursa-olsun anklavları qaytarmaqdan imtinaya cəhd göstərir. Eyni zamanda təkbaşına buna müqavimət göstərməyin mənasız olduğunu anladığı üçün özünə tərəfdaşlar axtarışına çıxıb və konkret halda ABŞ bayrağının kölgəsində gizlənməyə cəhd göstərir. Maraqlıdır, ölkənin digər fikir adamları bu barədə nə düşünürlər: Ermənistan başqa hansı səbəblərdən Naxçıvanı hədəf seçə bilər? İranın bu məsələdə rolundan da danışa bilərikmi?

Oqtay Qasımov: “Ermənistan Azərbaycana qarşı hansısa şərt irəli  sürəcəksə...” » Reyting.az

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Arazdəyən istiqamətindən törətdiyi təxribatın məqsədi anklavda olan Kərki məsələsi ilə bərabər, bölgədə tikiləcək metallurgiya zavodunun təhlükəsizliyinin təmin olunması bəhanəsi ilə Qərbin bölgəyə yerləşməsini təmin etməkdir: “Belə ki, Ermənistan bu istiqamətdə vəziyyəti gərginləşdirməklə Kərkinin qaytarılmaması üçün beynəlxalq dəstək qazanmağa çalışır. ABŞ bayrağının qaldırılması da bununla bağlıdır. İki gün əvvəl Paşinyan etiraf etdi ki, 44 günlük savaşda Putindən Zəngəzurda, sərhədlər boyunca Rusiya bayrağını qaldırmaqla Azərbaycan Ordusunun qarşısına çıxmağı xahiş edib. Yəni Ermənistan öz təhlükəsizliyi təmin edə bilmədiyi üçün Rusiya və Avropa İttifaqından sonra ABŞ-dan da təhlükəsizlik təminatını almağa çalışır. Əlbəttə, bu təxribatlarda Fransa, İran Hindista kimi ölkələrin maraqlı olması gerçəkdir”.

O.Qasımov qeyd etdi ki, metallurgiya zavodunun investorlarından birinin Hindistan əsilli olduğu məlumdur: “Xatırladım ki, İran bir müddət əvvəl məhz bu əraziyə yaxın yerdə - Türkiyə, Naxçıvan və Ermənistan sərhəddində hərbi təlimlər keçirmişdi. Fransa isə bölgədəki gərginlik fonunda Ermənistanı sılahlandırmaqla bərabər, onun "təhlükəsizliyinin təminatı" adı ilə oraya yerləşmək istəyir. Tikilən zavod və orada qaldırılan bayraq məsələsinin arxasında ABŞ-ın dövlət iradəsinin olub-olmadığı hələlik məlum deyil. Ona görə ABŞ-ın bu gərginlikdə və Zəngəzur dəhlizinin açılmamasında nə qədər maraqlı olduğunu söyləmək çətindir. Baxmayaraq ki, Amerika israrla bölgədə sülh və sabitlikdən, o cümlədən kommunikasiyaların açılmasından yana olduğunu vurğulayır. Amma o da bir gerçək ki, ABŞ və kollektiv Qərb Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılması üçün aktiv fəaliyyətdədir".

Naxçıvanın özünə təhdidlərə gəlincə, politoloq bildirdi ki, bunun qarşısında Qars müqaviləsinin və Şuşa Bəyannaməsinin olduğu da unudulmamalıdır.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Naxçıvanın hədəf seçilməsində bir neçə amil rol oynayır: “Onlardan Kərki məsələsi və Zəngəzur dəhlizini qeyd etmək olar. Ermənistan Kərki kəndini qaytarmaq istəmir. Bu kənd onların Zəngəzura, oradan da İrana gediş-gəlişində mühüm məntəqədir. Ona görə də müxtəlif vasitələr, o cümlədən bu cür təxribatlarla diqqəti Kərkidən yayındırmağa, mümkün qədər vaxtı uzatmağa çalışırlar”. Partiya sədri çox ilginc bir məqama da diqqət çəkdi: “Bu məsələdə ermənilərin İranla maraqları üst-üstə düşür. Deməli, təxribatlar İranın da təşəbbüsünə bağlı ola bilər. Zəngəzur dəhlizinin açılması artıq real görünür. Ermənistan bu prosesin qarşısını almaq imkanlarını demək olar ki, itirib, yalnız təxribatlarla nəyəsə nail ola bilər”.

A.Nağı bildirdi ki, Zəngəzur dəhlizi iqtisadi cəhətdən erməniləri qane edir, amma siyasi cəhətdən onlara yaxşı bir perspektiv görünmür: “Dəhlizin istənilən ad altında açılması perspektivdə Türkiyə və Azərbaycanın həm iqtisadi, həm də siyasi hegemonluğunu bərqərar edəcək. Bu, Ermənistan, İran, ABŞ-ı, qismən də Rusiyanı narahat edir. Həmin ölkələr təxribat və digər vasitələrlə prosesi uzadır, Zəngəzur dəhlizində Ermənistanın və onun əli ilə özlərinin mövqelərini gücləndirməyə, təsir imkanlarını artırmağa çalışırlar. Rusiyanın və İranın Zəngəzurda konsulluq açmaq, Amerikanın Arazdəyəndə zavod tikmək cəhdləri həmin məqsədə xidmət edir”.

Partiya sədrinin ehtimalına görə, yaxın vaxtlarda bu yöndə digər təşəbbüslərin ediləcəyi gözləniləndir: “Bu prosesin qarşısının alınması üçün biz müxtəlif yollarla onları dayandırmalıyıq. Onları sözümüz və hərəkətlərimizlə başa salmalıyıq ki, zavodları, konsulluqları işləyə bilməyəcək. Digər tərəfdən, Türkiyə, Pakistan və digər dost ölkələrin vasitəsi ilə alternativ addımlar atmalıyıq. Məsələn, Türkiyəyə şərait yaratmalıyıq ki, Arazdəyənlə üzbəüz Heydərabad qəsəbəsində eyni metallurgiya zavodunun tikintisinə başlasın. Və yaxud Qafan, Gorus, Mehri və digər ərazilərin birbaşa yaxınlığında, Şərqi Zəngəzurda Türkiyə, Pakistan kimi dost ölkələrin konsulluqları açılsın. Həmin ərazilərdə uyğun hərbi bazaların qurulması variantı da nəzərdən keçirilməlidir. Bir sözlə, "pazı pazla" prinsipini daim nəzərdə saxlamalıyıq".

Tural İsmayılov. Miokard - sim-sim

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirdi ki, Ermənistan kifayət qədər təhlükəli addımlar atır: “Bu proses sistematik şəkildə müşahidə edilir artıq. Belə ki, son dövrlər təxribatların baş verdiyi lokasiyalar da yeni hiyləgər plandan xəbər verir. Ermənistan indi iki istiqamət təxribat mərkəzi edir: Naxçıvan və Kəlbəcər. Kəlbəcərə atəş tuşlanması Laçından sonra Kəlbəcərə də köç edəcək insanlarımızda narahatlıq yaratmaq arzusudur. Təbii ki, bu, xam xəyallar belə Ermənistanın nə qədər ağılsız olduğunu sübut edir”. T.İsmayılov əlavə etdi ki, eyni zamanda Naxçıvan istiqaməti məqsədli seçilib: “Birincisi, Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubatmaq istəyir. İkincisi, Ermənistan Naxçıvana quru yolda rusların nəzarətini mümkünsüz göstərmək üçün qəsdən gərginlik yaradır. Bundan başqa, nəzərə almalıyıq ki, Azərbaycana qarşı xain planların vintciyi Ermənistan, qızışdırıcısı isə bizə bəlli olan dairələrdir”.

STM əməkdaşı qeyd etdi ki, Ermənistan Naxçıvanla sərhəddə qəsdən ekoloji problemlər yaratmaq istədiyi üçün Arazdəyəndə fabrik tikir: “Naxçıvanın Kərki kəndini qaytarmamaq üçün həm də bütün sabotajlardan "yararlanır". İranın Qafanda konsulluq açması da Ermənistanın bu tip oyunlarını yaxından müşahidə etmək üçündür. Bu günə qədər İran etdiyi təxribatlara aydın cavab vermir. Bütün bunlar bir daha İrandan şübhələnməyimizi labüd edir".

Hər halda, müşahidələr və ekspertlərimizin təhlilləri ondan xəbər verir ki, Ermənistan başını “əcəl kötüyü”nün üstünə qoymaqdadır. 44 günlük müharibə dərs olmayıb, görünən budur...

 Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR