İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulzadənin heykəli nə zaman və harada qoyulacaq?

1954 07.06.2023 08:25 Siyasət A A

Tarixçi alim: “Cəmiyyətin sifarişi və tələbi budur ki, Bakının mərkəzində Rəsulzadənin heykəli qoyulsun”

“1996-cı ildə 28 May Cümhuriyyət bayramı münasibətilə məqalə hazırlamağa qərar verdim. Məşhur heykəltəraş Ömər Eldarova zəng edib, onunla görüşmək istədim, məni emalatxanasına dəvət etdi. Ömər Eldarov hələ 1990-cı illərin əvvəllərində ona Məhəmməd Əmin Rəsulzadənin heykəlinin sifariş edildiyini bildirdi və həmin heykəlin maketi ilə məni tanış etdi. Ömər Eldarov heykəlin orijinalını hazırlamaq istəyirdi, sadəcə, dövlət sifarişinin təsdiqi və heykəlin qoyulacağı məkanın müəyyələnləşməsi vacib idi. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş "Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan" adlı təqdimat mərasimi keçirilib.  Həmin mərasimdə Ömər Eldarov mənim 27 il əvvəl gördüyüm “Məhəmməd Əmin Rəsulzadənin heykəli” layihəsini geniş kütləyə təqdim edib.

Hörmətli heykəltəraşımızın arzusunun yerinə yetirilməsini mən də böyük səbirsizliklə arzu edirəm". Bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə qeyd edib.

Bəs Şərqdə ilk demokratik respublikasının qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin heykəli nə zaman və harada qoyulacaq?

Məlumata görə, 1993-cü ildə Rəsulzadəyə heykəl qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. O vaxt dövlət başçısı olan mərhum Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda heykəlin qoyulacağı yer də göstərilib. Heykəl indiki Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond da yaradılıb. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılıb. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılıb. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldib.

Ömər Eldarov - Bioqrafiya.com

Ömər Eldarov 

Heykəltəraş Ömər Eldarov eskiz layihəsi haqqında mətbuata açıqlamasında deyib: “Bu heykəlin aşağısında silindrik formada piltələr və pillələr olmalı idi. Ondan yuxarıda üzərində müstəqil respublikanın rəmzlərinin əks olunduğu postament qoyulacaqdı. Postamentin üzərində isə Məhəmməd Əmin Rəsulzadənin 20-ci illərin əvvəlindəki xarici görünüşünün əks olunduğu heykəl qoyulmalı idi. Burada o, gənc, enerjili yaraşıqlı kişi idi”.

Ömər Eldarov qərar gözlədiyini, Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyini də açıqlamışdı. Eskiz layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin işçi layihəsi də hazırlanıb. Hansı ki, iki metr olan bu işçi layihə heykəlin hazırlanması üçün əsas olmalı idi. Layihə də müvafiq qurumlar tərəfindən təsdiq olunur. Ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər də sifariş verilir. Lakin sonradan fondda pulun bitməsi əsas gətirilir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən uzun illər keçməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də qoyulmayıb. Hətta Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalandığı dövrdə onun heykəlinin də qoyulacağı gözlən ilsə də, bu baş vermədi. Xatırladaq ki, ötən il Milli Məclisin bir neçə deputatı mətbuat vasitəsilə Rəsulzadəyə heykəl qoyulması məsələsini gündəmə gətirmişdi. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu təklifləri dəstəkləyərək, Bakıda babasının heykəlinin ucaldılacağına əminliyini ifadə etmişdi.

Osmanlı əsgəri Azərbaycanı kütləvi qırğından xilas etmək üçün gəlmişdi -  tarixçi şərhi - 17.09.2018, Sputnik Azərbaycan

Firdovsiyyə Əhmədova 

Tarixçi alim Firdovsiyyə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rəsulzadə və bu kimi tarixi şəxsiyyətlərin heykəlinin qoyulması vacib məsələdir: “Rəsulzadənin heykəlinin qoyulması məsələsi cəmiyyətdə zaman-zaman müzakirə predmeti olub. Cəmiyyət bu heykəlin qoyulmasını illərlə gözləyib, arzulayıb. Müxtəlif dövrlərdə Bakı Dövlət Universitetinin həyətində heykəlinin qoyulması ilə əlaqədar xüsusi yer ayrılmışdı, yazılmışdı ki, "Rəsulzadənin heykəli burada qoyulacaq". Və yaxud Kula Teatrının önündə heykəllə bağlı xüsusi yer ayrılmışdı. Lakin  bunların heç biri reallaşmadı.

Azərbaycan Cümhuriyyətinin banisi, azərbaycançılıq ideologiyasının rəhbəri  Rəsulzadəyə heykəlin ucaldılması həm tarixi irsimizə etimad, o dəyərlərə sahib çıxmaq, həm də dövlətçiliyə varislik məsələsidir. Gələn il artıq Rəsulzadənin 140 illik yubileyidir. Həmin yubiley ərəfəsində heykəlin ucaldılması nəinki arzuolunandır, bu cəmiyyətin artıq tələbatıdır. Bu həm də mənəvi, tarixi, siyasi baxımdan əhəmiyyət daşıyan məsələdir. Ucaldılan heykəllər istər-istəməz qarşısından hər gün insanlara informasiya ötürür. Bu baxımdan, həm hörmət, ehtiram, irsə sahib çıxmaq, həm də dəyərlərin gələcəyə daşınması baxımından tarixi şəxsiyyətlərin, xüsusən də konkret olaraq Rəsulzadənin heykəlinin olması vacibdir. Bir neçə cümhuriyyət qurucusunun yaşadığı evin qarşısındakı barelyefləri və İstiqlaliyyət küçəsində istiqlaliyyət aktını imzalayan  şəxslərin adı göstərilən simvolik abidəni çıxmaq şərti ilə demək olar ki, cümhuriyyət xadimlərinə nə xiyaban salınıb, nə onların məzarları gətirilib, nə də Bakıda,  Gəncədə və yaxud başqa yerlərdə abidələri ucaldılıb.

Artıq 30 ildir ki, görkəmli sənətkar Ömər Eldarov tərəfindən hazırlanan heykəl emalatxanada saxlanılır. Hətta  bildiyim məlumata görə, heykəl deformasiyaya da uğrayıb. Ona görə çox yaxşı olardı ki, Bakıda Rəsulzadənin heykəli  ucaldılsın, yaşadığı evdə muzeyi təşkil olunsun. Bu, cəmiyyətin sifarişi, tələbidir.

Həm də  çox istərdik Ömər Eldarovun da yaşını nəzərə alıb, bu məsələ çox uzanmasın,  sağlığında arzusu reallaşın. Beləliklə, bu, həm Rəsulzadənin 140 illiyinə töhfə olar, həm də qeyd etdiyim kimi, görkəmli sənətkarın işi yarımçıq qalmaz".

Yazını hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR