İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakı Qərbin çarpaz təzyiqi altında

765 19.05.2023 12:58 Siyasət A A

Azərbaycana insan haqları üzərindən basqı yaradılmaqdadır; bəs bunun səbəbləri nədir və niyə indi?

Son bir həftədə Azərbaycana Qərbdən təzyiqin artdığı müşahidə olunmaqdadır. Əvvəl “Freedom House” Azərbaycanı hədəf alan hesabat yayıb. Sənəddə deyilir ki, dünya diqqətini Ukraynaya yönəltdiyi halda, guya “Dağlıq Qarabağda mülki əhali avtoritar mühasirə ilə üz-üzədir və demokratik ölkələrin təcili yardımına ehtiyacı var”.

Bədnam təşkilatın hesabatında Azərbaycan Prezidenti İlham Əliyevi də hədəf alan fikirlər yer alıb.  “Avropa Şurasının Venesiya Komissiyasının rəyi kimi məcburi olmayan siyasi tövsiyələrin Əliyev hökuməti üçün heç bir dəyəri yoxdur. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını mütəmadi olaraq icra etmir və bu baxılmamış işlərin təxminən 40 faizi münaqişə ilə bağlıdır”.

“Freedom Hause” təşkilatından sonra ABŞ Dövlət Departamenti Azərbaycanda din azadlığı ilə bağlı vəziyyəti tənqid edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. ABŞ-ın hesabatında qeyd edilir ki, Azərbaycanda ötən ilin sonuna olan məlumata görə, 22 nəfər dini inanclarına və ya ibadətlərinə görə həbsdə olub. Yerli hüquq müdafiəçiləri və digər təşkilatlar bildiriblər ki, hökumət “dini fəallara qarşı fiziki zorakılıq tətbiq etməyə, onları müvəqqəti olaraq xarici dünya ilə rabitədən məhrum etməyə, həbs etməyə davam edib və bir çox dini fəalların həbsi, o cümlədən narkotik saxlamaq ittihamı ilə aparılan həbslər siyasi motivli olub”, deyə hesabatda bildirilir.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq və təqiblərə toxunan komissar bunun qəbuledilməz olduğunu deyib. Daha əvvəl ATƏT-in media azadlığı üzrə nümayəndəsi vəzifəsini tutan Dunya Miyatoviç dəfələrlə Azərbaycanda olub. Miyatoviç o vaxtdan bəri ölkədə söz və media azadlığının vəziyyətində heç bir müsbət dəyişikliyin olmadığını, məhdudlaşdırıcı mühitin davam etdiyini, “Media haqqında” yeni qanunun da daha çox senzura və məhdudiyyətlər tətbiq etdiyini qeyd edib.

Açıq-aşkar görünən budur ki, Azərbaycana insan haqları üzərindən bir basqı yaradılmaqdadır. Bəs bunun səbəbləri nədir və niyə indi?

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, həmin beynəlxalq təşkilatlar bəzi ölkələrin əlində alətdir: “Onların kimə xidmət etdikləri aydındır. Məsələn, "Freedom House"un özü və Avropa Şurasına bağlı bir sıra insan hüquqları təsisatlarının necə formalaşması da bunu sübut edir. Bir sıra ölkələr özlərinin birbaşa deyə bilmədiyi fikirləri, təzyiqləri bu cür təşkilatları yaratmaqla onların dili ilə deyirlər. Hansı ölkələrə təzyiq etmək istəyirlərsə, media ilə bağlı özlərinə sərf edən indekslər yaradırlar və media, insan hüquqları kimi məsələləri qabardırlar. Azərbaycanın güclənməsi, Ermənistanın qarşısında haqlı mövqeyini qəbul etdirməyə çalışması ermənipərəst ölkələri və beynəlxalq təşkilatları narahat edir. Ona görə də həmin təşkilatlara Azərbaycanda medianın, insan hüquqlarının durumunun mənfi göstərilməsi, guya Azərbaycanın erməniləri blokadada saxladığının qeyd olunması göstərişi verilib. Bu təşkilatlar da sifarişi anti-Azərbaycan bəyanatları, hesabatları yaymaqla icra edirlər. Azərbaycanda sosial media azaddır, hər kəs fikirlərini azad ifadə edə bilir. İnsan hüquqlarının əsas fundamentlərindən olan söz azadlığı Azərbaycanda təmin edilib. Qəzetlər, saytlar kifayət qədər çoxdur və fəaliyyət göstərirlər. Onlayn media inkişaf edib. Azərbaycan dövləti mediaya dəstək verir.

Azərbaycan müstəqil mediasının və QHT-lərin dəstəklənməsi məqsədilə Avropa təşkilatları, fondları bu il 13 milyon ayırıb. İndi bir sıra beynəlxalq təşkilatların anti-Azərbaycan hesabatları bu məbləğin əsaslandırılması üçündür. Beynəlxalq qrant mafiyası Azərbaycan üçün ayrılmış həmin 13 milyonun bölüşdürülməsi üçün özlərinə əsaslar formalaşdırmaq istəyirlər. Ona görə də Azərbaycanı qeyri-azad ölkə, Azərbaycan mediasını qeyri-azad media kimi göstərirlər. Dünyanın çox az ölkəsində dövlət tərəfindən mediaya bu qədər diqqət ayrılır. Azərbaycanın qəbul etdiyi “Media haqqında” Qanunu mütərəqqi qanun hesab etməmək ya prosesdən xəbərsiz olmaqdır, ya da qərəzlidir. Dünya Miyatoviçə gəlincə, o, indiyə qədər olan ən qərəzli insan haqları komissarıdır. Dünya Miyatoviç insan haqları mövzusunda, istər ATƏT coğrafiyasında, istər Avropa Şurası tarixi coğrafiyasında günün günorta çağı mülki insanların yaşadığı şəhərləri ballistik raketlərlə bombalayan Ermənistana qarşı səsini çıxarmamış insan haqları komissarıdır. Ona görə də bu cür insanın səsləndirdiyi hər hansı fikri ciddi qəbul etmək lazım deyil". 

Ələsgərli: “Jurnalistin öldürülməsi Avropanı silkələyib” - 10.10.2018,  Sputnik Azərbaycan

 Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, Qərb institutlarının Azərbaycana qarşı münasibəti heç zaman birmənalı, səmimi və obyektiv olmayıb: “Qərəz, ikili standartlarla  yanaşma həmişə özünü büruzə verib. Təkcə 1992-ci ildə ABŞ-da qəbul edilmiş "Azadlığı müdafiə aktına 907-ci düzəliş"i misal göstərmək kifayətdir ki, Qərbin yanaşmasındakı ikili standartlar barədə təsəvvür formalaşsın. Həmin vaxt Azərbaycanın  rayonları ard-arda Ermənistan tərəfindən işğal edilirdi. Amma ABŞ və digər Qərb institutları  Azərbaycanı ittiham edirdilər ki, guya Ermənistanı blokadada saxlayır. 907-ci düzəlişin mahiyyəti budur. Bu baxımdan, deyə bilərik ki, ABŞ başda olmaqla, Qərb institutlarının Azərbaycana qarşı qeyri-obyektiv, ikili standartlarla yanaşmalarının ən azı 31 illik tarixi vardır:  “Təbii ki, bunlar geopolitik oyunlardır. ABŞ, Qərb mərkəzləri belə vasitələrlə təsir göstərib Azərbaycana öz şərtlərini qəbul etdirmək istəyiblər. Amma prosesə kənar müdaxilələr də mövcuddur. Məsələn, "Freedom House" (ABŞ), “Sərhədsiz Reportyorlar” (Fransa) və digər bu kimi təşkilatlar təkcə ərazilərində yerləşdikləri dövlətlərin deyil, həm də fərqli güc mərkəzlərinin  sifarişini icra edirlər. Konkret olaraq adını çəkdiyimiz bu iki təşkilatın beynəlxalq “erməni şəbəkəsi” ilə əlaqələri isbata yetirilmiş faktdır. Onlar müxtəlif maraqlar qarşılığında fərqli güc mərkəzlərinin, o cümlədən “erməni şəbəkəsinin” də  sifarişlərini icra edirlər. Azərbaycana qarşı qeyri-obyektiv davranışları həm də bu kontekstdədir. Amma bu ənənəvi prosesdə son dövrlərdə fərqlilik görünür. Haqlı olaraq vurğulayırsınız ki, son dövrlərdə onların basqıları daha da intensivləşib. Azərbaycana qarşı Qərbdən təzyiqin artdığı müşahidə olunmaqdadır. Fikrimcə, yuxarıda təsvir etdiyimiz kontekstdə yanaşsaq, indiki aktivlik də “məntiqəuyğun” görünər".

M.Ələsgərlinin sözlərinə görə, bununla yanaşı, son aktivləşmənin özəl səbəbləri mövcuddur. Bu səbəblər sırasında ikisinin üzərində dayanmaqla ümumi mənzərəyə aydınlıq gətirmək olar: “2 ay öncə-mart ayında ABŞ-da növbəti Demokratiya sammiti keçirildi. Həmin sammitə nə Türkiyə, nə də Azərbaycan dəvət edildi. Ermənistan isə çağırıldı. Ermənistan Türkiyədən demokratik ölkədirmi? Təbii ki, yox. Bəs nə üçün Ermənistanı dəvət etdilər, amma Türkiyəni yox? Həmin prosesdə daha bir nüans diqqət çəkdi. Macarıstan və Polşa demokratiya barometri adlandırılan beynəlxalq reytinq cədvəllərində eyni sırada dayanırlar. Amma Polşadan fərqli olaraq, Macarıstan da  Baydenin Demokratiya sammitinə dəvət edilmədi. Macarıstanı da ayırıb kənarda saxladılar. Türkiyə, Azərbaycan və Macarıstanı eyni xəttə birləşdirən məqam Türk Dövlətlər Təşkilatıdır. Hər 3 dövlət TDT-nin üzvləridir. Bayden komandasının TDT-yə, Türkiyəyə və ümumilikdə Türk dünyasına münasibəti bəllidir. Onlar Türkiyənin və ümumilikdə TDT-nin güclənməsini, müstəqil siyasət yürütməsini istəmirlər. Bizim ölkələrimizi ələbaxan, sözəbaxan, buyruq qulu olan dövlətlər kimi görmək istəyirlər.  Onlar fikirləşirdilər ki, Türkiyədəki seçkilərdə Kılıçdaroğlunun qələbəsini təmin etməklə, öz arzularını gerçəkləşdirəcəklər. Amma əksi baş verdi. ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun Türkiyədə keçirilən son seçkilərə verdiyi qiymət də bu kontekstdədir. Türkiyədə keçirilən son seçkilərdə Ərdoğan komandasının qalib çıxması Qərbdə məyusluq və hiddət yaradıb. Onlar hər şeyi fərqli formada planlaşdırmışdılar. Cümhur İttifaqı və ümumilikdə Türk Dövlətlər Təşkilatı bu seçkidə qalib çıxmaqla,  ABŞ-ın planlarını uzun müddətə  pozdular. 

Məsələ ondadır ki, təkcə Türkiyədəki seçkilərdə deyil, Qərb beyin mərkəzləri son illərdə bütün planlarında uduzurlar. 1992-ci ildən başlayaraq Azərbaycanı Ermənistan qarşısında məğlub duruma salmaq istədilər. Amma əksi baş verdi. Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad etməklə, Qərbin Ermənistan üzərində quruduğu bütün planları alt-üst etdi. Həmçinin  Türkiyədə seçkilərin nəticələrini  dəyişmək istədilər. Əksi baş verdi. Türk Dövlətlər Təşkilatı, Azərbaycan-Türkiyə ittifaqı regionun taleyini dəyişir. Burada digər güc mərkəzlərinin imkanlarını heçə endirir. Bu baxımdan, Qərb institutları çaşqın düşüblər. Nə planlaşdırırlarsa, əksi baş verir. Azərbaycana və Türkiyəyə qarşı qıcıqlanmaları, aqressivləşmələri bununla bağlıdır".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR