İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşadətin babası və son bahardakı Bakı baharı...

4406 14.09.2013 03:33 Yazarlar A A
Üzücü, yeri-göyü yaxıb-yandırası bir olaydı. Həm də heyrətamizdi, analoqsuzdu, böyükdü, ciddidi...
Baba dözmədi, üsyana qalxdı. İqtidara, müxalifətə, topluma, müqavimətə, ədalətə güvənmədiyi üçün, canına qıymaqla bildirdi haqsızlığa üsyanını. Siyasi dustaq olan nəvəsinin buraxılacağını gözləyirdi, bu iztirab və həsrətin sona çatacağı günü iplə çəkirdi... Birdən xəbər gəldi ki, onun nəvəsinə yeni ittiham veriblər. Bəlkə də bu yeni ittiham Rəşadət Axundovun və digər NİDA-çıların azadlığını asanlaşdırırdı -  lakin iqtidarın xoş məramlı olduğunu söyləyənlərə, olacağını iddia edənlərə müxalifətdə kimsə inanmadığı kimi, bu cür düşünənlər də yox kimidir...
Tunisdən başlayan Ərəb baharının ilk qığılcımını xatırlayırsınızmı? Göyərtisatan haqsızlıqlara dözmədi və özünü yandırdı. Gənc bir tələbə idi -  tərəvəz dükanı vardı -  əlindən almışdılar. O da Rəşadətin babası kimi başqa çarə və ədaləti bula bilməmişdi; özünü odlamışdı...
Lakin Tunisdə vəziyyət başqa cür cərəyan etdi – yatmış cəmiyyət oyandı. Onu 23 il davam edən Zeynel Abidin Bin Ali istbdadı son həddə gətiribmiş -  bir insan yanmalıymış ki, xalq qalxsın...
Qalxdı. Tunis Bin Alidən qurtuldu. İndi də problemi çoxdu -  amma onların arasında Bin Ali bəlkə də ən sondadır...
Rəşadət Axundovun babası Ənayət Axundov nəvəsini canından çox sevirmiş. Onunla bağlı gələn xəbər səbrini daşıran son damla oldu; damarlarını kəsdi və özünü öldürdü. Azərbaycanda da üsyan çıxdı. Təkcə bir  evdə, bir babalıq üsyan olmadı. Hamımızın içində nəsə tərpəndi, dalğa verdi...
Böyük siyasətdə proqnozlaşdırılması mümkün olmayn bir faktor var. O da xalqlardır. Siyasəti azca bilənlər bu gerçəyi idrak edirlər. Bir də görürsən ki, yatmış bir toplum bir neçə saatın içində qalxdı, qarşısında nə varsa, silib-süpürüb atdı... Sonrası fəlakətli olur -  lakin xalqlarla bərabər bu fəlakəti daha ağır formada onu üsyana təhrik edən iqtidarlar da yaşayır. Və bu, həmin xalqın növbəti, həmin iqtidarınsa son fəlakəti olur...

Hər kəs diqqətlə ətrafına və Facebook-a baxsın... Sonra da Ənayət müəllimin yas yerində nə qədər insanın olacağına, cəmiyyətin bu olaya necə reaksiya verəcəyinə diqqət etsin... Ciddi məqamdır – baxmayaraq ki, hətta bunların monitorinqindən də nəticə çıxarıb, bu intihar-üsyanın “Azərbaycan baharına” gətirib-gətirməyəcəyi barədə qəti bir söz demək olmaz!
Lakin bir məsələ bəri başdan aydındır. Rəşadətin babasının  - Ənayət Axundovun bu intiharı hakimiyyətə onun bütün opponentlərinin vura bildiyi zərbədən qat-qat ağır zərbə oldu. Bu intihar bu hökumətə baha başa gələcək – həm tarix, həm də mənəvi-siyasi baxımından.        

Ənayət Axundov azsaylı demokratiya şəhidlərindəndir. Onun bu hərəkəti heç şübhəsiz, Azərbaycan tarixində qalacaq. Bu kişi zəif birisi deyil; dinimiz intiharı böyük günah saysa da, ona “günahkar” deməyə kimsənin dili varmaz. O, millətin içindəki gizli, sirli bir intiusiyanın refleksi kimi bir olaydı.
Ənayət Axundov Olay Adamdır. Ötən il, hətta ötən ay ölsəydi, hamı ona acıyacaqdı – Yazıq Adam deyəcəkdi. O, elə bir zamanda və elə bir ölümlə öldü ki...
Bəlkə də 75 il ona görə yaşayıb ki, 2013-cü ildə nəvəsi Rəşadətin azadlığı üçün canından keçməli olacaqmış...

Təkcə Rəşadətinmi...   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR