İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Dağlının işində İran izi

4371 09.11.2022 19:35 Yazarlar A A

 

 

“Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq”.

(Əliağa Vahid)

Təbii ki, meyxanaçı Rəşad Dağlının adam öldürməsi gündəmin əsas temasıdır. Başqa nəyi müzakirə edəsiyik? Hərçənd, mən səhərə yaxın baş verən əhvalatdan yalnız axşamüstü xəbər tutdum, çünki başım şəxsi işlərə qarışıq idi. Tıxacda avtobus gözlədiyim yerdə qahım adamlardan birindən mesaj gəldi: “Gördün neylədi? Halal olsun!”. Düzü əvvəl elə bildim bayraq günü bayramı münasibətiylə məni təbrik edir, türkün sözü, qutlayır. Ona görə mən el adətiycə “Bahəm” yazıb üstündən keçdim.

Sonra avtobusdan düşüb metroya təpildim, bir ayağım üstündə güc-bəla durmuşam, bir ayağım da kiminsə cibindədir. Dirsəyim pəncərədən çıxıb, qarnım yaşlı nənənin çantasının üstündə, burnum dərsə gedən qoçaq uşağın telefonunda, bu cür mehribançılıq vəziyyətində kimsə dayanmadan zəng vurur. Bütün qatardakılardan vəziyyətlərini dəyişdiyim üçün üzr istəyib telefonu açdım, bu səfər həmkarlardan biriydi, deyirdi hadisəyə münasibət öyrənmək fikrindədir.

Əlqərəz, nə başınızı ağrıdım, xalqımız üçün, xiridarlarımız üçün papaqdan təzə qafiyə çıxıb, gözümüz aydın olsun. Hələ uzun müddət hadisə hərtərəfli təhlil ediləcəkdir, ola bilər haqqında kitablar yazılsın. İndilik mən bir-iki xırda-mırda fikirlərimi yazım.

Hesab edirəm ki, Rəşad Dağlını cinayətə sürükləyən məmləkətimiz olmuşdur. 90-cı illərdə çox populyar olan ağlaşma şüarında deyilən kimi: “Hamımız günahkarıq”. Sözgəlişi, bir şair yoldaş var idi, “Hamı günahkardır dünyada” deyə-deyə hökumətdən dörd dəfə ev aldı, Allah gen eləsin. Bəs bizim günahımız nədir, onu izah edim, yoxsa mən boş-boşuna hərf yazan adamlardan deyiləm.

Yadınıza salın, bu ilin yazında nə olmuşdu? Ay sağ olasınız: Rəşad Dağlı millətin səy-səy şərhlərinin əlində girinc qalmışdı. Çox mənasız bir söhbətə görə. Toyda meyxana deyəndə İranın müdiri Xameyni haqda (ya da Xamaneyi haqda – mən bunları həmişə səhv salıram) bir kəlmə qafiyə tutmuşdu. Bundan sonra İranın ölkəmizdəki agentləri at ilxısı kimi düşdü Rəşad müəllimin üstünə. O cür korifey sənətkarı üzr istətdilər. Nəticədə Rəşad müəllimin qəlbində cəmiyyətə qarşı bir qırıqlıq yarandı. Üstəlik, sənətkar “Şir elə həmişə şirdi, məəim qərdeşim” beyti ilə tanındığından lap biabır olmuşdu. Doğrudan da, hardan görünüb şir dovşanlardan, çaqqal-çuqqal və kaftarlardan üzr istəsin? Şir sınanda pis sınır. Bir də qocalanda, ancaq bu ayrı mövzudur.

Hətta indi mənim ağlıma versiya gəlib ki, bəlkə də Rəşad Dağlı heç adam öldürməyib, burda İran xüsusi xidmətlərinin çirkin əli vardır, axı son vaxtlar onların ölkəmizə qarşı təxribatları artmışdır. Kimisə bıçaqlayıblar, atıblar Rəşad müəllimin üstünə. Xahiş edirəm əlaqədar orqanlar bu versiya üzərində xüsusi çalışsınlar. Rəşad Dağlının polis idarəsinə gedib cinayəti etiraf etməsi hələ onun cani olmasına əsas yaratmır. Ona qalsa bizim türmələrdə tarixən Yuli Sezarın qatilindən tutmuş, Əlcəzairdə soyqırımı boynuna alanlara qədər hər cür yoldaşlara rast gəlinibdir.

Hadisənin ədəbiyyat, tarix dərsliklərinə salınacağına, gənclərimizin vətənpərvər ruhda tərbiyəsində istifadə ediləcəyinə şübhəm yoxdur. Meyxana sənəti vacib sənətdir. Güman edirəm Rəşad Dağlının əhvalatından sonra orda-burda meyxanaya mız qoyan gicbəsər, südəmər ziyalı qırıntıları özlərini yığışdırar. Canlarından beziblərsə, buyursunlar.

Bir də son məlumata görə qətlə yetirilən yoldaş da meyxana aləmindən tam kənar qardaş deyilmiş, meyxanaçı Ələkbər Yasamallının bibisi oğluymuş. Bu isə bir daha göstərir ki, meyxananın cızdığı sərhədlərdən kənara çıxa bilmərik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR