İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqs üçün yumurta

1976 03.03.2023 09:52 Yazarlar A A

Bir rus ata sözü var, deyir yaxşı rəqqasa yumurtalar mane ola bilməz. Ata sözü son günlər növbəti dəfə aktuallaşan mədəni islahatlar mövzusuna görə yadıma düşdü.

Mədəniyyət sahəsində problemlərimiz çoxdur, bunu mədəniyyət nazirinin vəzifələrini icra edən Adil müəllim adil şəkildə etiraf etmişdir. Elə o da, yeri gəlmişkən, rəqs mövzusuna toxunubdur. Deyir hamınız kitabdan dəm vurursunuz, halbuki milli rəqslərimiz əldən gedir. Sitat: “Milli rəqslərimiz, musiqilərimiz, geyimlərimiz kodlaşdırılmayıb, yazılı standartlarımız yoxdur. Hazırda bu sahələrə sezilməyən, gizli müdaxilələr var. Bu sahədə fəaliyyətlərimizin prioritetlərindən biri də milli standartlardır. Bizim gözəl rəqslərimiz var ki, millətin xarakterini ifadə edir. Bu məsələlərə etinasız yanaşa bilmərik, bunlar hətta milli təhlükəsizliyə belə təhdid yarada bilər”. Sitatın sonu.

Həqiqətən toya-zada getmək mümkün deyil. Görürsən heyvərənin biri milli “Nəlbəki” rəqsimizi sındırır, başqası “Tərəkəmə” əvəzinə “Lambada” çaldırır. Hələ bir “Aynadan gözəl” rəqsi çıxıb... Dəhşətdir. Təbili elə döyəcləyirlər, sanarsan Bakıda yox, Afrika savannasının ortasında masai qəbiləsi başçısının sünnət mərasiminə toplaşmısan. Bunların hamısına son qoyulmalıdır. Təklif edirəm əlaqədar orqanlar polis reydləri aparsın, rəqsləri düz oynamayanları aparıb idarədə standarta uyğun oynatsınlar. Ayrı cür düzəlməyəcək.

Bizə mədəni inqilab lazımdır. Rəhmətlik Mao müəllim keçən əsrdə Çində bunu uğurlu şəkildə tətbiq eləmişdir. Özü də indi bizim nazir əvəzinin dedikləri tam şəkildə orda əksini tapmışdı: sədaqət rəqslərindən tutmuş, kitabxanaları dağıtmağa qədər. Çünki Çində yalnız bir kitaba ehtiyac var idi, o da Mao müəllimin sitatlar kitabı idi. Xunveybinçilər - gənc maoçu dəstələr küçədə qadınların uzun saçını tutub kəsir, dikdaban ayaqqabıların dabanını qırır, dükanların adını dəyişdirirdilər.

Mən tarixi ekskursu boşuna eləmirəm. Buyurun, nazir əvəzimizin kəndlərdə kitabxanaların ixtisarı temasında açıqlamasını oxuyun: “Baxmaq lazımdır ki, bu kitablar o insanlara lazımdırmı? Bəlkə orada geyim mədəniyyəti, danışıq mədəniyyəti, cəmiyyət mədəniyyəti formalaşdıraq?”

Doğrudan da ölkədə danışıq mədəniyyəti formalaşmalıdır, ancaq bəlkə bunu ilk növbədə jurnalistə “sənə dəxli yoxdur” deyən icra başçılarına tətbiq edəsiniz?

Cəmiyyət mədəniyyətinin yaranması üçün cəmiyyətin özü olmalıdır. Hanı cəmiyyət? İki adam bir yerə toplaşanda başına qapaz qoyursunuz. Uzaqdan-uzağa cəmiyyət quracaqlar? Şair necə demişdir? “Uzaqdan uzağa yaxın olursan, Yaxına gələndə yaxırsan məni”. Bəh-bəh...

Geyim mədəniyyəti yaxşı şeydir, lakin ölkədə əsgər və məktəbli geyimlərindən başqa geyim istehsal olunmursa, bunu necə formalaşdıracaqsınız? Tavtologiya çıxmasın, formalaşdırmaq üçün birinci forma lazımdır.

Paytaxtda mədəniyyəti formalaşdırdınız, qaldı kənddə... Əslində kənddə, elə bütün yaşayış məskənlərimizdə mədəniyyət ocaqları var, bəzi yerlərdə, məsələn, Beyləqan məktəbində isə bunu Yaponiyanın səfirliyi remont etmişdir. Səhv oxumursunuz, söhbət tualetlərdən gedir. O məkan ki, uca millətimiz hələ sovet dövründən “mədəniyyət evi” adı qoymuşdur. Hərçənd, o zamanlar abırlı ictimai tualet tapmaq hətta Bakıda ciddi problem idi, nəinki kəndlərdə.

Görünür, ali rəhbərlik bu sahədə ala qarğanın bala çıxarmadığını yaxşı anladığı üçün uzun illər nazir Polad müəllimi yerindən tərpətməmişdi. Polad müəllim orada bərkimişdi. İndi gündə bir nazir gedir, iki nazir əvəzi gəlir, problemlər lap çoxalır.

Ümumiyyətlə, bu mədəniyyət çox axmaq, destruktiv, milli dəyərlərimizə zidd sahədir. Burada göstərişlə, əmrlə, sərəncamla iş keçmir. Bəlkə qədim zamanlar olsa şairi çağırıb pulunu, kənizini verərdin, gedib poema guppuldadardı. İndi isə yaradıcı adama, mədəniyyət sahəsinə gərək azadlıq verəsən. Azadlıq da verəndə mədəniyyət ya zurnaçının ümidinə qalır, ya naxırçının. Hərçənd azadlıq verilməmiş də mədəniyyət sahəsində işləyənlərin yalnız 7 faizi ixtisaslı kadr imiş, yəni naxırçılarmış (bu da nazir əvəzindən sitatdır).

Yazını isə Hüseyn Caviddən sitatla bitirirəm. Buna görə rəhmətliyə bəlkə də on beş sutka əlavə düşür:

“Nə əcayib sürü, yahu, bunlar,

Öndə rəhbərlik edər meymunlar.

Rəqsi təlim ediyor axsaqlar,

Əzəmət düşkünüdür alçaqlar".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR