İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqabət Məcəlləsi kor quyudan çıxa biləcəkmi? - təhlil

796 28.07.2022 10:30 İqtisadiyyat A A

Sağlam, rəqabətli mühit sahibkarın, vətəndaşın, dövlətin şirin yuxusundan reallığa çevrilərsə...

Azərbaycanda beynəlxalq təcrübə və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul olunması nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanın"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın “Tədbirlər Planı”nda əksini tapıb.

İşin əsas icraçısı İqtisadiyyat Nazirliyidir. Plan 2022-2023-cü illəri əhatə edir. İlkin mərhələdə Rəqabət Məcəlləsi hazırlanacaq və 2023-cü ildə qəbul ediləcək.

Tədbirlər Planında həmçinin “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2022-2025-ci illərdə Milli Fəaliyyət Proqramı”nın hazırlanması və aidiyyəti üzrə təqdim olunması da nəzərdə tutulur.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsinin layihəsini bu ilin mayında Nazirlər Kabinetinə təqdim edib. Xidmətin rəisi Məmməd Abbasbəylinin “Partners and Business” Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində verdiyi məlumata görə, sənəd ən yeni çağırışlara cavab verən formada hazırlanıb.  O, Rəqabət Məcəlləsinin bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunmasına ümid edir. Bildirir ki, məcəllə qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.

Xatırladaq ki, son 20 ildə Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilən demək olar ki, bütün sənədlərin əsas müddəalarından biri məhz Rəqabət Məcəlləsinin qəbulunu nəzərdə tutub. Ən son bu, 2016-cı ildə qəbul edilən strateji yol xəritələrində əksini tapıb - 2020-ci ilədək qüvvəyə minməsi nəzərdə tutulurdu. İndiyədək iki dəfə Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb - Milli Məclis və hökumət tərəfindən. Heç birinin qəbulu baş tutmayıb. Üçüncü sənədi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hazırlamağa təşəbbüs göstərdi, lakin proses başlanğıc mərhələsindəcə qaldı...

İndi dördüncü cəhddir və hazırlanan layihənin qəbulu yenə ali sənəddə əksini tapıb. Və Azərbaycan cəmiyyətində artıq bunun reallaşması istiqamətində gözlənti, ümid qalmayıb. Bu da əsassız deyil: Rəqabət Məcəlləsi dünya praktikasında olduğu formada qəbul və icra olunarsa, ölkədə sağlam rəqabətli mühitin formalaşmasına gətirib çıxaracaq ki, bu, Azərbaycanda mövcud iqtisadi sistemin kökündən dəyişməsi demək olacaq.

Azərbaycanda “Rəqabət Məcəlləsi” bu il - Qəbul Oluna Bilər - FED.az

Azərbaycanda rəqabətli mühit nə deməkdir? Bu suala mümkün olan bütün istiqamətlər üzrə cavab verməyə çalışaq. Bu o deməkdir ki, ölkədə maddi resursları və işgüzarlığı olan hər kəs özünün biznes ideyasını sərbəst reallaşdırmaq imkanı əldə edir: biznes-planını təqdim etməklə dövlətin kiçik və orta sahibkarlar üçün ayırdığı vəsaitlər hesabına heç bir maneə olmadan müvəkkil banklardan kredit götürür, yaratdığı müəssisənin qaz, elektrik enerjisi, su təchizatı üçün heç bir təbii inhisarçıya rüşvət vermir, icra başçısı, hüquq-mühafizə orqanları, FHN, AQTA tərəfindən hər hansı xoşagəlməz münasibət olmadan fəaliyyətə başlayır. İstehsal etdiyi məhsulu, xidməti inhisarçılığın olmadığı bazarlara çıxarıb satır, gəlirindən hesablanan vergiləri ödəyir... Biznes fəaliyyəti dövründə üzləşdiyi hər hansı qanunsuz müdaxilə şəraitində tam azad məhkəməyə müraciət edir, heç bir əlavə rüşvət ödəmədən haqqının qorunmasına nail olur...

Yaxud bazar təhlili aparan bir işgüzar vətəndaş xarici ölkədən müəyyən məhsulların idxalından yaxşı qazanc əldə etməyin mümkün olduğu qənaətinə gəlir. Müvafiq əlaqələr qurmaqla həmin məhsulları alıb heç bir rüşvət vermədən, tam qanuni vergi və rüsumlarını ödəməklə ölkəyə gətirir, daxili bazarda hər hansı maneə olmadan pərakəndə ticarət şəbəkələrinə paylayır, satışdan gələn pullarını rahatlıqla və vaxtında həmin şəbəkələrdən yığır, yenidən xaricdən mal vurur... Beləcə, biznesini getdikcə böyüdür, gəliri artır...

Başqa bir vətəndaş - ustadır, əlindən tikinti sahəsində hər iş gəlir, - özü kimi ustaları başına yığıb briqada yaradır. Tam şəffaf keçirilən tenderlərə qatılır, ilk vaxtlarda xırda sifarişlər alır. Onları peşəkarlıq və keyfiyyətlə icra edir - çünki sifarişi almaq üçün layihədə nəzərdə tutulan məbləğdən hər hansı “şapka” verməyi vəd etməyib. Nəticədə, işinin keyfiyyətini görən digər qurumlar -istər dövlət, istər özəl, - öz tenderlərində daha böyük layihələri həmin şəxsə verirlər. Nəticədə, işini böyüdür, onlarla şəxsi də qazanc yeri ilə təmin edir...

Üç nümunə ilə sağlam və rəqabətli mühitin sahibkar üçün nə demək olduğunu qısa qeyd etdik. Sadə vətəndaşın bu mühitdən qazancı nə olacaq: o, rahatlıqla iş tapıb, özünü və ailəsini dolandırmaqda çətinlik çəkməyəcək. Aldığı bütün mal və xidmətlərdə seçim hüququ əldə edəcək, ən keyfiyyətlisini, həm də cibinə uyğun olanını almaqla şəxsi vəsaitlərinə qənaət edəcək, həm də məmnun qalacaq. Hər hansı keyfiyyətsiz mala, xidmətə görə üz tutduğu nəzarətçi dövlət qurumlarından dərhal və obyektiv reaksiya görəcək, nəticədə sərt vətəndaş nəzarəti sistemi formalaşacaq...

Haqsız rəqabət aradan qaldırılacaq

Dövlətin qazancı nə olacaq sağlam rəqabətli mühitdən? İnkişafına ehtiyac duyduğu sahələrə xarici və daxili investorları asanlıqla cəlb edəcək, heç kim ondan qoyulan vəsaitlərə dövlət zəmanəti istəməyəcək. Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğu təmin edəcək, dövlət ictimai iş yeri və sair kimi əlavə yükdən azad olacaq. İqtisadi inkişaf təmin ediləcək, dövlət büdcəsinə neftdənkənar sahələrdən gəlirlər sürətlə artacaq, iqtisadiyyat “tək təkər”in üstündən normal halına qayıdacaq, dövlət idarəetməsi şəffaflaşacaq, nəticədə astronomik səviyyəyə çatmış mənimsəmə, talama prosesinə son qoyulacaq.

Sağlam, rəqabətli mühiti tənzimləyən hüquqi baza dövlətə məxsus təbii inhisarların da fəaliyyətində şəffaflığa, səmərəliliyə gətirəcək. Bu inhisarların sahibkarlığın inkişafına yaratdığı maneələr aradan qalxacaq. Bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı bir məlumatda təbii inhisarçıların ölkədə sahibkarlara hansı problemləri yaratdığı aydın əksini tapıb. Məlumatda qeyd olunur ki, Xidmət  “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib. İşə baxılması zamanı QSC tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub. Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib. Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün xidmətə təqdim olunması də nəzərdə tutulur.

Azərbaycanda rəqabət də yoxdur, Məcəlləsi də... - HƏQİQƏTƏN DƏ... »  Milliinfo.az

Qərarda “Azərbaycan Dəmir Yolları” QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.

Bu nümunədən çıxış etməklə “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, AZAL və digər təbii inhisarların sahibkarlığın inkişafında hansı “rolu” oynadığını təsəvvür etmək o qədər də çətin deyil. Sağlam və rəqabətli mühitdə həmin inhisarçıların belə imkanları olmayacaq, kimlərəsə qanunsuz yollarla üstün hüquqlar, imtiyazlı şərtlər yarada bilməyəcəklər. Eyni zamanda onlarda hökm sürən səmərəsiz idarəetmə təkmilləşəcək, dövlət böyük bir yükdən azad olacaq...

Sağlam və rəqabətli mühitin formalaşmasının Azərbaycan üçün nə demək olduğunu, harada və hansı dəyişikliklər tələb etdiyini qısa şəkildə təsvir etdik. Rəqabət Məcəlləsinin qəbulu ilə bütün bunların baş verəcəyini iddia etmək absurd olardı: Azərbaycan təcrübəsi göstərir ki, ən yaxşı qanun belə icra olunmadan qala bilir. Sadəcə, beynəlxalq təcrübəyə əsaslanmaqla yaradılan təkmil bir sənədin qəbulu ilk addımdır - 20 ildən yuxarı müddətdə atılmasına imkan verilməyən addım. İndiki inhisarlaşmış mühitdə bu addımın 2023-cü ildə, nəhayət ki, atılacağı böyük sual altındadır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR