İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionda yeni şərtlər - ABŞ-ı təlaşlandıran və hərəkətləndirən səbəblər

515 28.09.2023 15:56 Siyasət A A

Vaşinqtonda sülh danışıqlarına ev sahibliyi edən Ağ Ev Azərbaycanın terrorçuların onurğa sütununu sındırmasından niyə narahatdır; ekspertlərdən ilginc açıqlamalar

Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbiri və bunun nəticəsində dövlət suverenliyini tam bərpa etməsindən sonra regionda tamamilə yeni bir şərtlər, reallıqlar yaranıb. Bunu Prezident İlham Əliyev bir neçə gün öncə xalqa müraciətində də qeyd etdi.

İndi qarşıda iki əsas məsələ var - reinteqrasiyanın və Qarabağda bərpa işlərinin tam miqyasda sürətlənməsi, Ermənistanla sülh müqaviləsinə nail olmaq. Bu ərəfədə maraqlı bir hal müşahidə olunur: Dünya gücləri yenidən Cənubi Qafqazda nüfuz savaşına başlamış kimi görünür və proseslərdə daha çox rol almağa çalışırlar.

Makron Fransasının davranışları artıq təəccüb doğurmur, bütün varlığı ilə erməni separatizmi, işğalı və terrorunu himayə edir. Elə Fransa xarici işlər nazirinin son absurd iddiaları da bunu bir daha təsdiqləyir. “Ermənistanın yanında bizim ölkə kimi nə bir ölkə, nə də bir dövlət yerləşmir və siz bunu çox yaxşı bilirsiniz”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna parlamentdə sual-cavab iclasında deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının diplomatik səviyyədə bütün iclasları istisnasız olaraq Fransanın təşəbbüsü ilə keçirilib. “Həmçinin artıq dediyim kimi, Fransanın təşəbbüsü ilə Ermənistanda müşahidə missiyası yerləşdirilib. Bütün bunlar humanitar səviyyədə doğrudur. İlin əvvəlindən nazirliyimiz Ermənistanın və Qarabağın erməni əhalisinə 5 milyon avrodan çox vəsait ayırıb. Mən son günlərdə baş verənləri nəzərə alaraq, bu yardımı daha 7 milyon avro həcmində artırmaq qərarına gəldim”, - nazir deyib. Xarici işlər naziri onu da qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində də əlaqələri gücləndirib. “Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Və sonra, tezliklə sərhəddən çox da uzaq olmayan Sünik (Zəngəzur - "YM".) bölgəsində konsulluq açacağıq. Ona görə də hesab edirəm ki, bu, Fransanın Ermənistanı güclü dəstəklədiyinin əyani sübutudur", - o bildirib. Fransız nazir ermənipərəst mövqeyinin davamında bunları iddia edib: “Rusiyanın Ermənistanı tərk etməsi və Azərbaycanın hərbi əməliyyatlarında şərik olması beynəlxalq diplomatik addımları daha da zəruri edir. Fransanın yanında, ümid edirəm ki, biz Avropanı görəcəyik, o, bu reallığı nəzərə almalı, Ermənistanın ərazi bütövlüyünə hörmət etmək və Qarabağ ermənilərinin yaşamaq hüququnu qorumaq üçün bizimlə birgə çalışmalıdır. Bizim etdiyimiz budur”.

Göründüyü kimi, Ermənistanın “böyük bacısı” bölgədə katalizator rolunu oynamaqda davam edir. Amma bu kontekstdə ABŞ-ın təlaşlanması və hərəkətlənməsi xüsusi diqqət çəkir və təəccüb doğurur. Ən azı ona görə ki, ABŞ son aylaradək tənzimlənmədə aktiv rol oynayırdı və Vaşinqtonda günlərlə davam edən görüşlər keçirilmişdi. Vaşinqtonda sülh danışıqlarına ev sahibliyi edən Ağ Ev Azərbaycan erməni terrorçularının onurğa sütununu qırmasından, həmçinin mülki erməniləri də xunta rejiminin girovluğundan xilas etməsindən niyə narahat olsun ki? Özü də belə bir narahatlığın antiterror koalisiyasının başında dayanan dünyanın supergücündə olması acı təəssüf doğurur. Ağ Ev bildirib ki, Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Bu barədə “Turan”ın Vaşinqton müxbiri bildirib. “Əlbəttə, bu, narahatlıq doğurur”, - prezident Baydenin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib və əlavə edib ki, Ağ Ev Milli Təhlükəsizlik Şurası “bu məsələni yaxından izləyir”. “Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycan və Ermənistanın davamlı sülh sazişi əldə etməsi olduqca vacibdir”.

Bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Biz bir müddətdir bunun təbliğatını aparırıq. Biz açıq şəkildə dedik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, buna nail olmaq olar. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik. Qeyd edim ki, Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”, - deyə Miller bildirib. Miller deyib ki, Vaşinqton Qarabağda beynəlxalq nəzarətlə bağlı  Ermənistanın çağırışlarını dəstəkləyir. “Biz hesab edirik ki, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın vədlərinin yerinə yetirilməsini yoxlayacaq beynəlxalq missiya olmalıdır. Belə missiyanı təmin etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyirik”, - o deyib.

Kreml də ABŞ-ın bu təklifinə reaksiya verib. Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür. Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir. Beynəlxalq missiya ideyasına hansı ehtiyac var? ABŞ bu yolla bölgəyə təsirini artırmaq istəyirmi? Ekspertlərimizin ümumi fikri budur ki, bölgədə öz oyunlarını oynamaq istəyən qüvvələrə şans vermək olmaz.

İlham İsmayılın oğlu saxlanıldı

 İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə bitəndən sonra bölgə uğrunda qlobal güclər arasında geosiyasi qarşıdurma açıq müstəviyə keçib və ona görə ABŞ-ın, Fransanın bölgəyə müdaxiləsi daha da aktiv fazaya daxil oldu: “Əgər ABŞ bütövlükdə Rusiyanın Cənubi Qafqazdan çıxması istiqamətində siyasət aparırsa, rəsmi Paris Ermənistana hərtərəfli dəstək verməklə Rusiyanı bölgədə məhz Fransanın əvəz edəcəyini planlayıb. Azərbaycanın lokal antiterror əməliyyatından sonra isə hansısa formada ABŞ və Qərb bölgədə təsirini gücləndirmək üçün təcili addımlar atırlar. Konkret olaraq Qarabağda beynəlxalq missiya ideyasının arxasında məkrli planlar dayana bilər. Vaxtilə Kosovada işlənən variant kimi, ermənilərin Qarabağı tərk etməsini "etnik təmizləmə" kimi dəyərləndirib, beynəlxalq qüvvələrin təminatı ilə onların geri qayıtmasını təşkil etmək və bundan sonra hansısa status barədə uzunmüddətli müzakirələrə başlamaq. Əlbəttə, bu o demək olar ki, mümkün deyil və ABŞ da bunu aydın dərk etdiyindən, Samanta Pauerin və Yuri Kimin Ermənistana səfərinin əsas məqsədinin daha çox “post Qarabağ” dövrünü diqqətdə saxlamaq olduğunu görürük. Yəni Qarabağı öz xoşu ilə tərk edən ermənilərə yardım edəcəklərini və artıq həm ABŞ-ın, həm də Fransanın ayırdığı konkret maliyyə yardımlarını elan etmələri də göstərir ki, bütün Qərb Azərbaycanın Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa etməsini qəbul edir". İ.İsmayıl əlavə etdi ki, sadəcə olaraq, ABŞ Qarabağın azad edilməsinin “günahını” Rusiyanın üzərinə yıxıb, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır və bunu gizlətmir: “Elə buna görə də Rusiya ABŞ-a bu siyasətdən imtina etməyə rəsmi çağırış etdi. ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə sonuncu zəngində beynəlxalq müşahidə missiyasının Qarabağa buraxılmasına şərait yaradılması təklifi ilə çıxış etməsinə bir şərtlə razılaşmaq olar ki, Azərbaycan dövlət strukturları tam şəkildə Xankəndidə dövlət nəzarətini təmin etdikdən sonra beynəlxalq müşahidə missiyası fəaliyyət göstərsin. Əks halda, 44 günlük müharibədən sonra Rusiyanın qısa müddətdə erməni qaçqınları Qarabağa geri qaytarmasının beynəlxalq variantı ilə üzləşə bilər və biz olmadığımız halda maraqlarımıza uyğun olmayan situasiya ilə üzləşə bilərik. Açığı, Rusiya da özünün hələ sahədə olduğu müddətdə bu missiyaya müsbət baxası deyil. Razılıq olduğu halda da, beynəlxalq müşahidə missiyasının tərkibi, sayı, onların qalma müddətinin də bəri başdan müəyyən edilməsi - zaman kəsimi uzunmüddətli ola bilməz - önəmlidir. Təkrar edirəm, beynəlxalq qınağa, hədəfə tuş gəlməmək üçün bu müşahidə missiyasına o vaxt razılıq vermək olar ki, artıq Xankəndi və ətrafı tam olaraq Azərbaycan dövlət strukturlarının nəzarətində olsun”.

Akif Nağı: “Mənə Alim Qasımovdan sual vermə”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Azərbaycan öz gücü ilə regionda status-kvonu dəyişdi, ədaləti bərpa etdi, hər şeyi öz yerinə qoydu: “Bəzi dövlətlər bizim bu cür sərbəst və uğurlu hərəkətlərimizdən, əldə etdiyimiz nəticələrdən narahatdır. Bu narahatlıq Rusiyada da var, amma prosesin içərisində olduqları üçün bir qədər arxayın görünür, ən azından qıcıqlarını büruzə vermirlər. ABŞ isə İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, bu dəfə də bir günlük antiterror əməliyyatının gedişində tam kənarda qaldı, prosesdən çox gec xəbər tutdu. Ona görə də narahatlığını aydın şəkildə nümayiş etdirir, nəzərdən qaçırdıqlarının yerini tələm-tələsik doldurmağa çalışır”.

A.Nağı bildirdi ki, ABŞ məhz bu məqsədlə artıq bir neçə heyətini Ermənistana göndərib, bəzi təkliflərlə çıxış edib: “Xüsusilə Qarabağdakı ermənilərin "təhlükəsizliynin və hüquqlarının təmin olunmasına nəzarət məqsədilə yeni beynəlxalq missiya"nın yaradılmasına dair təklif diqqəti cəlb edir. Prezident İlham Əliyev konkret şəkildə bildirib ki, dövlətimiz özünün suveren hüquqlarını reallaşdırıb, bütün ərazilərimizdə “dövlət suverenliyi tam bərpa olunub” . Dövlət başçısı onu da vurğulayıb ki, biz hərəkətlərimizdə sərbəstik, kimlərinsə məsləhətinə ehtiyacımız yoxdur. Azərbaycan Prezidenti son günlərdə bildirib ki , kimlərsə bölgədə vəziyyətlə tanış olmaq istəyirsə, gələ bilər. Amma başqa niyyət və ya səlahiyyətlə gəlmək istəyənlərin xidmətinə ehtiyacımız yoxdur. Vaşinqtonun yeni təşəbbüsü yerinə düşmür, aydın şəkildə rədd edilməlidir! Azərbaycan bu cür yeni təşəbbüslərə imkan verməməlidir. Bu təşəbbüslər ancaq məsələnin dolaşdırılmasına, kənar və lüzumsuz müdaxilələrə şərait yarada bilər. Buna isə heç bir ehtiyac yoxdur. Amerikalıların yenidən “velosiped icad etmələrinə” imkan verilməməlidir".

Yeri gəlmişkən, ötən həftə Rusiya XİN rəhbəri Sergey Lavrov da ABŞ və bəzi Avropa paytaxtlarının bölgədə tənzimləmə adı altında əslində gərginliyi tətiklədiklərini BMT Təhlükəsizlik Şurasının tribunasından bəyan etmişdi. Eyni zamanda Azərbaycanın baş diplomatı Ceyhun Bayramov konkret ad çəkməsə də, bəzi qüvvələrin katalizator rolunu oynadığına işarə vurmuşdu...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR