İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayevdən şəhid valideynləri ilə bağlı çağırış

538 05.04.2024 12:12 Ölkə A A


Deputat Razi Nurullayev Milli Məclisdə çıxış edərkən şəhid ailələrinin problemlərindən bəhs etdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki,  Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib: “Onların xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilmədilər. Onların 70-87 arası yaşları var, xəstə, əldən düşmüş, qocalıqdan belləri bükülmüş, bir çoxları yatağa məhkum olmuş şəhid ata və analardır. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid ailəsi statusu hüququnu itirir. Belə çıxır Sosial Təminat Agentliyi gözləyir ki, onlar dünyalarını dəyişsinlər, onların da canı qurtarsın. Niyə ən asan və həm də humanizmdən kənar yolu seçirlər, başa düşmürəm. Axı onların evlə təminatına bütün maliyyə imkanları da var”. 

R.Nurullayev konkret fakt gətirdi: “Bu günlərdə İmişli rayonundan bir şəhid anasının videosu yayılıb və qoy zəhmət çəkib onun altında yazılan minlərlə şərhləri oxuyub məsuliyyət hiss etsinlər, həm də görsünlər ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətin hansı şəxsləri söyülür və təhqir edilir. Bütün Azərbaycan boyu yaşı 60-ı ötmüş şəhid ata və anaları təxirə salınmadan evlə təmin olunmalıdır. Cavan yaşda olanlar gözləyə bilər. Amma yaşlı valideynlərin həyatı bitib, heç olmasa son günlərini normal vəziyyətdə yaşasınlar. Həm də dünyalarını dəyişəndə narazı və gözləri açıq getməsinlər. Vallah onların ah-naləsindən ziyan çəkənlərdən olarıq. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR