İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Belə oyunlar bizi daha da böyüdür"

1483 28.07.2022 01:17 İdman A A

"Bu oyundan və futbolçularımdan çox danışmaq olar. Onları bağrıma basır, hər birini təbrik edirəm. Meydanda təkcə oyun yox, yaxşı mübarizə, "Qarabağ"a layiq inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi. Mən hər zaman öz oyunçularımı döyüşçü adlandırıram. Matçın əvvəlində taktiki savaş getsə də, sonradan döyüşə çevrildi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis qalibiyyətə layiq olduqlarını bildirib: "Bizə uyğun olmayan rəqibə qarşı oynadıq. Topun havada çox olması bizim üçün xoş deyildi. Amma komandam bunu bacardı. Bütün azərbaycanlıları təbrik edir, "Sürix"ə isə gələcək oyunlarda uğurlar arzu edirəm".

O, fasilədə gərgin anların yaşandığını söyləyib: "Futbolçulara şeyi futbol dilində anlatdıq. Oyunçularıma güvənirdim. Belə matçlar bizi daha da böyüdür. Bəzən uduzsaq belə, məyus olmuram. Çünki futbolun maraqlı anlarından biridir. Bu cür anları baş məşqçi, futbolçu kimi yaşamaq lazımdır. Fasilədə futbolçularımın yanında olduğumu dedim və bəzi tapşırıqlarımı verdim. Rəqibin hava ötürmələri zamanı daha diqqətli oynamalı olduğumuzu bildirdim. Epizodlara uyğun fikrimi bildirdim. Maraqlı oldu, böyük təcrübə qazandım".

Qurbanov zədəli futbolçular - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin durumuna da toxunub: "Medinanın zədəsi ciddiyə oxşayır. Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Təcrübəli baş məşqçi rəqiblər arasında fərq qoymadıqlarını vurğulayıb: "Sanki bütün oyunlar pley-off mərhələsində gedir. Yəni, qarşımıza səviyyəli rəqiblər çıxdı. Açığı, III təsnifat mərhələsindəki mümkün rəqiblərimizin oyunlarına baxmamışam. Biz daha çox özümüzü düşünməli, öz oyunumuzu yaxşılaşdırmalıyıq. Xeyirlisi nədirsə, o da olacaq. Açığı, bizim üçün rəqibin kimliyinin bir o qədər fərqi yoxdur".

Beş əvəzetmə qaydası ilə bağlı da fikirlərini bölüşən mütəxəssis bunun üstünlük olduğunu qeyd edib: "Avrokuboklara daha tez, komanda optimal formasından uzaq olanda başlayırıq. Matçların gedişatı məcbur edir ki, 5 əvəzetmədən istifadə edək. Bəzən də ehtiyat qüvvəmizi saxlayırıq ki, birdən zədəli futbolçumuz və ya əlavə vaxt olar. Amma əsasən nəticəyə görə belə bir addım atırıq. Bu, hər komanda üçün üstünlükdür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR