İnsanlara hürriyət, millətlərə istiqlal!

Quraqlıq və müharibə qlobal aclıq təhlükəsini yenidən gündəmə gətirir

867 01.10.2022 10:10 İqtisadiyyat A A

Kasıb ölkələrin ərzaq təminatına on milyardlarla dollar ayrılır

Qlobal ərzaq bazarı yenidən təhdidlərlə üzləşməkdədir: bir tərəfdən ABŞ, Argentina, Braziliya, Hindistan kimi iri oyunçuların ərazisində quraqlıq yeni məhsul əkinlərini məhv edir, digər tərəfdən isə Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsilə bu iki ölkənin ixrac imkanlarına böyük təhlükə formalaşır. Rusiyanın bu addımı müharibənin uzun müddətə və daha aqressiv davamını şərtləndirir. Bu isə hər iki ölkədən qlobal bazara ərzaq ixracının daha da çətinləşməsinə gətirib çıxara bilər.

Rəsmi məlumatlara əsasən, Rusiyada sahələrdən sentyabrın 27-dək 100 milyon ton təmizlənməmiş buğda toplanıb. Bu, haradasa təmiz çəkidə 90 milyon tondan çox buğda deməkdir. Ümumilikdə taxıl yığımının ölkə üzrə 145 milyon ton civarında olacağı gözlənilir. Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2022-2023-cü il mövsümündə ölkənin yeni məhsuldan 42 milyon ton buğda ixracı potensialının olduğunu açıqlayıb. Ötən mövsümdən də ölkədə 14 milyon tona yaxın buğda ehtiyatı qalıb. Bu isə ixraclıq buğda potensialının 50 milyon tondan yuxarı olduğunu göstərir. Lakin bu potensialın reallaşması ilə bağlı ciddi şübhələr var. Belə ki, bu ilin iyul-avqustunda Rusiyadan buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz az olmaqla cəmi 5,9 milyon ton təşkil edib. Taxıl ixracatçıları, başqa Rusiya Taxıl İttifaqı olmaqla, ixracın azalmasının əsas səbəbini qiymətin bahalığı ilə izah edirlər. Rusiya hökuməti keçən ildən ixrac olunan buğdaya əlavə rüsum təyin edib. Ötən il 1 tona 51 dollar olan rüsum bu il 81 dollara qədər yüksəlib. Bu rüsumun nəticəsində Rusiya buğdası dünya bazarında son 6 ayda baş verən ucuzlaşmadan sonra digər ərazilərdən, xüsusilə də Avropa Birliyindən çıxarılan məhsula uduzur.

ABŞ Rusiyadan taxıl alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyəcək |  ENA.az

Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da buğda ixracına problem yaradır: Maersk, CGM və Hapag-Lloyd kimi iri daşıyıcı şirkətlər Rusiyanı tərk etdiklərinə, həmçinin ixrac əməliyyatlarının sığortalanması, maliyyələşməsi sahəsində ciddi çətinliklər yarandığına görə ixrac həcmləri azalır. Bu şəraitdə orta və kiçik ixracatçıların əksəriyyəti bazarı tərk etməli olub. Bundan əlavə, Rusiya buğdasının ixrac coğrafiyası da iki dəfəyə yaxın kiçilib. Əvvəl buğda 90 ölkəyə ixrac olunurdusa, indi 40-a çatmır. Bu il Rusiya buğdası Seneqal, Kamerun, Nigeriya, Konqo, Tanzaniya kimi ölkələrə satılmır. Hazırda Rusiyadan buğdanın əsas alıcıları Türkiyə, Misir, Əlcəzair, İran, Sudan, Liviya və Səudiyyə Ərəbistanıdır ki, onlar da zəruri alışlarının çoxunu artıq təmin ediblər.

Rusiya ixracatçıları sanksiyaların yaratdığı problemlərdən yayınmaq üçün dolayı ixraca keçirlər. Məsələn, buğda formal olaraq Qazaxıstana satılır, oradan başqa ölkələrə çatdırılır. Yaxud Hindistana daşınaraq, oradan müxtəlif istiqamətlərə yönləndirilir. Nəticədə satışa vasitəçilər cəlb olunur ki, onlar da qiymətin üzərinə öz marjalarını qoyurlar və yekun qiymət dünya ortalamasından yüksəyə qalxır.

Bahalı, daşınması, maliyyələşməsi problemli olan Rusiya buğdasına alıcı tapmaq xeyli çətinləşib. Buna görə də məhsulun qiyməti sürətlə düşür, müvafiq olaraq ona tətbiq olunan rüsum da azalır. Artıq 7-ci həftədir ki, hökumət rüsumu azaldır. Lakin  ixracatçılar və Taxıl İttifaqı hesab edir ki, bu azalma ixracın normal həyata keçirilməsi üçün yetərli deyil. Onlar hökumətə müraciət edərək taxıl ixracına tətbiq olunan rüsumun müəyyən müddətə dayandırılmasını təklif ediblər.

Rusiya hakimiyyəti isə ixracdakı problemlərin hamısını Qərbin sanksiyalarında görür, Ukraynadan taxıl ixracına dair İstanbul razılaşmasının Rusiya taxılı və gübrəsinin ixracına dair hissələrinin icrasını israrla tələb edir. Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dünyada ərzaqla bağlı vəziyyəti pisləşdirdiyini deyir. O, bu vəziyyətin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı olmadığını və bütün məsuliyyətin kollektiv Qərbin üzərinə düşdüyünü söyləyib: “Bizim taxıl və gübrələrimizin xaricə tədarükü dünya ərzaq bazarı üçün çətindir. Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsinə, dünyanın bir neçə ildir ki, istiqamət götürdüyü qlobal ərzaq böhranına çevrilmək təhlükəsi yaradır. Bunun Rusiyanın Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatla tamamilə əlaqəsi yoxdur. Bəzi aparıcı ölkələr maliyyə və ərzaq siyasətlərini bu şəkildə qurublar”.

Antonio Quterreş: Dünyada 50 milyondan çox insan silahlı münaqişələrdən  əziyyət çəkir - AZƏRTAC

Antonio Quterreş 

BMT Baş katibi Antonio Quterreş bildirib ki, Rusiyadan ərzaq və gübrə ixracına yaranan maneələrin aradan qaldırılması istiqamətində iş aparılır, lakin bu, uzun proses olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Türkiyə və BMT-dən bu məsələ ilə bağlı üzərilərinə götürdükləri öhdəliklərə əməl etmələrini gözləyir. Onun sözlərinə görə, hazırda Avropa limanlarında 300 min ton civarında Rusiya gübrəsi qalıb. Rusiya şirkətləri bu gübrədən inkişaf etməkdə olan ölkələrin xeyrinə imtina etsələr də, onun həmin ölkələrə çatdırılmasına imkan verilmir.  

Rusiya rəsmiləri ölkənin ərzaq və gübrə ixracından maneələr aradan qaldırılmasa İstanbul razılaşmasının müddətinin uzadılmayacağını bildirirlər. Bir neçə  gün əvvəl bu məsələyə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın iradlarında haqlı olduğunu, lakin İstanbul razılaşmasının davam etməsinin gərəkdiyini bəyan edib. Buna görə də o, noyabra qədər Rusiyanın ərzaq və gübrə ixracının asanlaşması istiqamətində konkret addımların atılmalı olduğunu bildirib.

Xarici mətbuatın yaydığı məlumatlardan aydın olur ki, Qərb Rusiyanın qlobal ərzaq və gübrə bazarına qayıtması üçün müəyyən güzəştlərə getməyə hazırlaşır. Belə ki, Avropa İttifaqının gələn həftə açıqlanması gözlənilən növbəti sanksiya qərarında Rusiyadan gübrə və ərzaq ixracı üzrə əməliyyatların maliyyələşməsi, sığortalanması işlərinə xüsusi rejimin tətbiq olunmasına dair bəndin də yer alacağı gözlənilir. Qeyd edək ki, Rusiyanın qlobal ərzaq bazarında payı 20 faiz təşkil edir. Ölkə qlobal ərzaq ixracatçıları siyahısında 17-ci yerdədir. 2021-ci ildə Rusiya ərzaq ixracından 37,1 milyard dollar gəlir əldə edib.

Qlobal ərzaq böhranı olacaqmı? - təhlil

Qlobal ərzaq təminatı sahəsində vəziyyətin kəskinləşməsi beynəlxalq qurumların hərəkətə keçməsinə səbəb olub. Belə qurumlardan biri olan Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean hövzəsində kəskinləşən ərzaq böhranını yumşaltmaq və qida sistemlərini iqlim dəyişikliyinin və biomüxtəlifliyin itirilməsinin təsirlərinə qarşı gücləndirməklə uzunmüddətli ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə hərtərəfli dəstək proqramı çərçivəsində 2022-2025-ci illər ərzində ən azı 14 milyard dollar ayırmağı planlaşdırdığını açıqlayıb.

Bu yardım paketi AİB-in bu il rekord səviyyəyə çatan yoxsulluq və ərzaq qiymətlərinin bahalaşması səbəbindən təxminən 1,1 milyard insanın sağlam qidalanmadan məhrum olduğu regionda ərzaq təhlükəsizliyinə göstərdiyi dəstəyi daha da genişləndirir. Maliyyələşdirmə əsasən təsərrüfat vəsaitləri, qida istehsalı və bölüşdürülməsi, sosial müdafiə, suvarma və su ehtiyatlarının idarə edilməsi daxil olmaqla sektorlarda mövcud və yeni layihələr vasitəsilə yönəldiləcək. AİB-in 55-ci İllik Yığıncağında çıxış edən AİB prezidenti Masatsuqu Asakava deyib ki, bu, Asiyada çoxlu sayda yoxsul ailələri ac və dərin yoxsulluğa düçar etmiş böhrana vaxtında verilən cavabdır: “İqlim dəyişikliyinin təsirləri daha da pisləşmədən və regionun çətin qazanılmış inkişaf nailiyyətlərini daha da pisləşmədən indi hərəkətə keçməliyik. Dəstəyimiz yaxın perspektivdə həssas insanlara, xüsusən də həssas qadınlara kömək etmək üçün hədəflənmiş, inteqrasiya olunmuş və təsirli olacaq, eyni zamanda yaranan və gələcək ərzaq təhlükəsizliyi risklərinin təsirini azaltmaq üçün qida sistemlərini gücləndirəcək”.

AİB-də hesab edirlər ki, Rusiyanın Ukraynaya hücumu əsas ərzaq məhsulları və gübrə tədarükü sistemini pozdu, iqlim dəyişikliyinin təsirləri, pandemiya ilə bağlı tədarük problemləri və dayanıqsız kənd təsərrüfatı qlobal qida zəncirində problem yaratdı. Asiya və Sakit Okean regionu ərzaq çatışmazlığı məsələlərinə qarşı həssasdır, çünki bu regionun bəzi ölkələri idxal olunan əsas xammal və gübrədən asılıdır. Hətta Ukraynanın işğalından əvvəl AİB-in aşağı gəlirli üzv ölkələrində əhalinin əhəmiyyətli bir hissəsi üçün qida onsuz da əlçatmaz idi: “AİB-in ərzaq təhlükəsizliyi ilə bağlı yardımı həssas insanlara dəstək olmaqla yanaşı, açıq ticarəti təşviq edəcək, kiçik fermer təsərrüfatlarının istehsalını və yaşayış vasitələrini yaxşılaşdıracaq, gübrə çatışmazlığını aradan qaldıracaq və onun səmərəli istifadəsini və ya üzvi alternativlərini təşviq edəcək, qida istehsalı və paylanmasına investisiyaları dəstəkləyəcək, qidalanmanı yaxşılaşdıracaq və iqlimi gücləndirəcək. Uzunmüddətli yanaşmamızın mühüm hissəsi təbii ehtiyatları qorumaq və regionun ərzaq məhsullarının çox hissəsini istehsal edən və paylayan fermerlərə və aqrobizneslərə dəstək olmaq və onun istehlakçılara səmərəli şəkildə çatmasını təmin etmək üçün açıq ticarəti təşviq etməkdir”.

Proqram çərçivəsində yardım bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. AİB 2007-2008-ci illərdə qlobal ərzaq böhranı zamanı və gələn il ərzaq təhlükəsizliyi üzrə əməliyyat planının həyata keçirilməsi yolu ilə üzvlərinə dəstəkdən çıxardığı təcrübəni tətbiq edəcək. O vaxtdan bəri AİB ərzaq təhlükəsizliyinə hər il 2 milyard dollar sərmayə qoyub. 2018-ci ildə AİB ərzaq təhlükəsizliyini əsas əməliyyat prioriteti kimi müəyyənləşdirib.

Qlobal ərzaq bazarına yönəlik təhdidlər ərzaq təminatında idxaldan asılı olan bütün ölkələr kimi Azərbaycan üçün də çağırışlar formalaşdırır. Ölkədə zəruri ərzaq məhsullarının lazımi miqdarda ehtiyatlarının yaradılması üçün mart ayından etibarən Nazirlər Kabinetinin qərarı əsasında tədbirlər həyata keçirilir. Hökumət müvafiq ərzaq ehtiyatlarına dair məlumatların açıqlanmasını qadağan edib. Məlum olan yalnız budur ki, ərzaq məhsulları idxalçılarına daim 3 aylıq ehtiyatların olması tapşırılıb. Bu zaman 3-cü ay üçün ehtiyatların alınmasını dövlət subsidiyalaşdırır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR