İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandırana əngəl olana 6 ay həbs? - İƏT hərəkətə keçdi

1185 02.08.2023 08:25 Gündəm A A

İlahiyyatçı: “Əgər Qərbin demokratiya anlayışı budursa, demək...”

Avropada, xüsusən də İsveç və Danimarkada ifadə azadlığı bəhanəsi ilə milyard yarım müsəlmanın etiqad azadlığının təhqir edilməsi səngimir. Srağagün - iyulun 31-də hökumətin icazəsi ilə İsveçin paytaxtı Stokholmda növbəti belə vandallığa imza atılıb. 

Məqsəd aydındır: islamofob və ksenofob radikal-faşist dairələr öz dövlətlərinin birbaşa dəstəyi ilə sivilizasiyalararası toqquşmalar yaradıb “bulanıq suda balıq tutmaq”, Avropadan müsəlman-türkləri “uyuşmayan toplum” adı ilə qovmaq, paralel surətdə müsəlmanları qeyri-tolerant, vəhşi  qismində təqdim eləməkdir. Halbuki "Quranı-Kərim"i yandırmağın özü barbarlığın, qeyri-tolerantlığın ən parlaq təzahürüdür. 

Əlbəttə, bu vəhşiliyi önləmək üçün islam dünyasının öndə gedən ölkələrinin, özəlliklə Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Zatən, qardaş bu yöndə əlindən gələni edir. Görünür ki, daha böyük, ortaq kontr-addımlara ehtiyac var.

Qeyd edək ki, srağagün İsveç və Danimarkada Quranın təkrar yandırılmasına görə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələr fövqəladə iclas keçirib. Görüş onlayn formatda, XİN başçıları səviyyəsində keçirilib və Səudiyyə Ərəbistanı və İraqın xahişi ilə təşkil olunub. 

“Biz bu təzahürləri ən kəskin şəkildə pisləyirik. Bu məsələ ilə bağlı beynəlxalq aktorlar və İslam ölkələri ilə ciddi danışıqlar aparırıq”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Katolik Kilsəsinin rəsmisi: “Müqəddəs dəyərlərə hücumlar birmənalı şəkildə pislənməlidir”

Türkiyənin təşəbbüsləri nəticəsində bir sıra mühüm hadisələrin baş verdiyini qeyd edən Türkiyənin xarici işlər naziri həmçinin deyib: “İyulun 12-də BMT İnsan Haqları Şurası Qurana qarşı hücumları dini nifrətin təzahürü kimi qiymətləndirib. İyulun 25-də BMT Baş Assambleyası müqəddəs kitablara qarşı bütün zorakılıq aktlarının beynəlxalq hüququn pozulması kimi tanındığı qətnamə qəbul edib. Biz ümid edirik, amma inanmırıq ki, avropalı müttəfiqlərimizin bu məsələlərdə həssaslığı artacaq”.

Nazir tarixi paralellər də aparıb: “Hər şey Avropada kitabların yandırılması ilə başladı. İndiki kimi o kitablar da dövlət nəzarəti altında yandırılıb. Onun ardınca konsentrasiya düşərgələri yarandı və bunun necə bitdiyini bilirik”.

Türkiyə baş diplomatı həmçinin vurğulayıb ki, müqəddəs kitabların yandırılmasının ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur.

Nazir tam haqlı. “Son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan "Qurani-Kərim"in yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu pisləyirik”.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır: “Odur ki, bu hərəkət söz azadlığı kimi təqdim edilməməlidir. Hesab edirəm ki, sözügedən dövlətlərin hökumətləri bu barədə konkret addımlar atmalıdırlar”.

Yeri gəlmişkən, ötən həftə İsveçdə müqəddəs kitabın yandırılmasına mane olmaq istəyən iraqlı qadın jurnalistə yerli “ədalət məhkəməsi” 6 aylıq həbs cəzası çəkib! Guya o, "Qurani-Kərim"in yandırılmasına əngəl olmaqla söz azadlığı haqda qanunu pozub.

Bu da sizə Qərb demokratiyasının astar üzü. Hər şey qırağa, əgər bir dövlət üzv olduğu BMT-nin müqəddəs kitablarla bağlı qərarlarına, dini azadlıqlar haqda beynəlxalq konvensiyaya tüpürürsə, onu demokratik saymaq olarmı?

ILK XƏBƏR: RƏSUL MİRHƏŞİMLİ - 55

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı dedi ki, insanların müqəddəs kitabına qarşı təşkil edilən bu kampaniyalar vandalizm aktıdır: “Avropa dövlətləri, xüsusilə İsveç və Danimarka bu vəhşiliyin qarşısını dərhal almalıdır. Dünya əhalisinin önəmli hissəsinin inancını təhqir etmək heç bir halda ifadə azadlığı və demokratiya saymaq olmaz. Əgər Qərbin demokratiya anlayışı budursa, demək, vəhşilik düşüncəsini bu ad altında pərdələmək istəyir.

İslam dünyasında kəskin reaksiyaya səbəb olan Qurana hörmətsizlik cəhdlərinin qarşısını almaq üçün bu ölkələrin hökumətləri konkret addımlar atmalıdır. Bu ölkələr öz dinlərindən olmayanların inancına hörmətlə yanaşmağa borcludur. Məsələnin başqa tərəfi də var. Bildiyimiz kimi, "Qurani-Kərim"in ayələrində özündən əvvəl nazil olmuş dini kitablar və səmavi dinlər barədə məlumat verilir, peyğəmbərlər tanıdılır. İslamda iman anlayışı peyğəmbərlərə inanmağı iman əsaslarının göstəricisi olaraq vacib sayır. Elə bu inanca görə müsəlman olan kəs səmavi dinlərə qarşı adekvat tədbir olaraq İsveçdə baş verənlərin analoqunu seçməz. Bu baxımdan da ilk növbədə xristianlar və yəhudilər də bu vandalizm aktına qarşı səslərini ucaltmalı, etirazlarını bildirməlidirlər. Çünki "Qurani-Kərim"ə qarşı bu vəhşilik aktı zamanı Hz.İsa (ə), Hz.Musa (ə) başqa peyğəmbərlər də təhqirlərə məruz qalır. Təəssüf ki, bu vəhşilik aktları Avropa ölkələrinin hökumətlərinin və polisinin icazəsi və mühafizəsi altında həyata keçirilir. Edilən hərəkətlər İslam dininə qarşı düşmənçiliyi ortaya qoyur".

Ekspert qeyd edir ki, ötən ay İsveçdə bir müsəlman gənc polisə müraciət edib, “İncil” və “Tövrat”ı yandırmaq üçün aksiya keçirəcəyini bildirib: “Aksiya üçün icazə alındıqdan sonra həmin ərazini polis mühafizə altına alıb, dünyanın aparıcı telekanalları və xəbər agentlikləri hadisəni işıqlandırmaq üçün ora əməkdaşlarını göndəriblər. Həmin gənc aksiya zamanı müqəddəs kitabları öpərək, bildirib ki, müsəlmanlar Tövratı da, İncili də müqəddəs sayırlar, yəhudi və xristianlara hörmət edirlər. Müsəlman şəxsin bu aksiyasını heç bir telekanal göstərməyib, heç bir xaric KİV bu barədə yazmayıb. Düşünün ki, həmin müsəlman gənc İsveçdə "Qurani-Kərim"ə qarşı edilən hörmətsizliyi bu dini kitablara qarşı etsəydi, dünyanın ən məşhur media orqanlarının manşet xəbərlərinə çevriləcəkdi, bu hərəkəti də vandalizm aktı adlandıracaqdılar”.

Toral.jpg (125 KB)

Toral Ağayev 

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O qeyd etdi ki, Katolik Kilsəsi dinlərarası münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşıq prinsiplərinə əsaslanır: “Xristianlığın müqəddəs kitabı İncildə İsa Məsih bizə bu qaydaya əməl etməyə çağırır, ”İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin" (Luka 6, 31). Əlbəttə ki, Quranın yandırılması, ümumiyyətlə, insanların müqəddəs dəyərlərinə həqarətlər və hücumlar birmənalı şəkildə pislənməlidir. Katolik Kilsəsinin Başçısı, Zati-Müqəddəsləri Roma Papası Fransisk bu yaxınlarda BƏƏ-nin “Al-İttihad” agentliyinə müsahibə verərkən qeyd edib ki, Quranın yandırılması onda qəzəb və ikrah hissləri yaradır.

2020-ci ildə, Roma Papası Fransiskin “Fratelli Tutti” (“Biz hamımız qardaşıq”) adlı ensiklikası işıq üzü görür. Bu ensiklika əsasən, Papa Fransiskin Əl-Əzxərin Böyük İmamı At-Tayyib ilə görüşlərindən və orta əsrlərin böyük xristian katolik müqəddəsi Assizili Fransiskin həyat və nəsihətlərindən ilham alıb. Ensiklika müasir dövrdə dinlərarası qarşılıqlı hörmət, birgəyaşayış və dostluq yollarının axtarışına həsr olunub. Təəssüflər olsun ki, dini liderlərin, xoşməramlı insanların bütün səylərinə baxmayaraq, dinlərarası münasibətlərə xələl gətirən və təhlükəli toqquşmalara yol aça biləcək təxribatlar səngimir. Eyni zamanda unutmamalıyıq ki, hər bir təxribatın müəyyən məqsədləri var. Bəzi ölkələrdə Quranın yandırılması kimi rəzil hərəkətlər, digər ölkələrdə kilsələrə hücum, xristianların təqib edilməsi, ümumiyyətlə, dini dəyərlərə önyarğılı münasibət hallarının əsas hədəfi - dinlərarası münasibətlərdir. Məqsəd də insanların dini hisslərindən istifadə edib, onları daha ağır nəticə verə biləcək təxribatlara sürükləməkdir.

Bu baxımdan biz öncə ədalətsiz ümumiləşdirilmələrdən uzaq durmalıyıq. Bu sahədə KİV-in də rolu çox böyükdür. Dünyada islam və xristianlıq arasında, müsəlmanlar və xristianlar arasında gözəl, səmimi münasibətlərə dair kifayət qədər nümunələr var. Elə götürək Azərbaycanı - ölkəmizdə, şükür Allaha, heç vaxt dinlərarası münaqişələr olmayıb. Düşünürəm ki, dünya mediasında, eyni zamanda bizim yerli KİV-də daha çox müsbət hallar önə çəkilsə, bu da öz növbəsində o təxribatçıların məqsədlərinə qarşı çıxacaq təsirli tədbirlərdən ola bilər".

Yada salaq ki, ötən həftə İsveçdə "Qurani-Kərim"i yandıran Salvan Momika yanındakı Salvan Najem adlı şəxslə yenidən təxribat törədib. Təxribatçılar bu dəfə müqəddəs kitabı İsveç parlamentinin həyətində yerə ataraq tapdaladıqdan sonra yandırıblar. Bundan əvvəl İsveçdə İraq səfirliyinin qarşısında "Qurani Kərim" yandırılıb. Bu hərəkət bir çox müsəlman ölkələrində, o cümlədən İraqda hiddət doğurub, həmçinin digər qeyri-müsəlman dövlətlər tərəfindən pislənib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR