İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quldurlar Peterburqu”nun sonuncu nəhəngi: Onun Azərbaycandakı "zəhmətkeş"ləri kimlərdir?

1350 28.08.2023 11:55 Siyasət A A

Putinin hakimiyyətə gəldiyi ilk illər rus mediası müxtəlif strukturları tutmağa başlamış yeni komanda haqqında “Şimal alyansı” deyə bəhs edərdi. Əfqanıstanda Əhməd Şah Məsud tərəfdarları ilə bağlı siyasi leksikona daxil olmuş termin indi Putinin peterbuqlular komandasına da şamil olunurdu.

Rus mediası “Semya”nı ( Yeltsin komandası, hərfən ailə) əvəz edən yenilərin çoxunun adi “e” əvəzində “э” tələffüz etmələrinə diqqət çəkirdi. Bu, rus dilinin şimal dialektlərində german dillərinin təsiri ilə yaranmış fonetik dəyişiklikdir, çoxları peterburqlu olduqlarını qabartmaq üçün bu tələffüz fərqindən qəsdən istifadə edirlər. Bizdə “deyil”i bilərəkdən “dəyıl”, ya “dögül” tələffüz edənlər kimi.

Amma “Şimal alyansı” komandasında olanlar əsil köklü ziyalı peterburqlular, yəni xüsusi subkulturanı təmsil edən rus mədəni elitasının təmsilçiləri deyildi. Aralarında “Banditskiy Peterburq” (Quldurlar Peterburqu) detektiv serialının kriminal prototipləri daha çox idi. Serial 1990-cı illər Peterburqunun kriminal dünyasından bəhs edirdi. Putinin həmin illər Sobçak komandasının üzvü kimi fəaliyyətini kriminal dünya ilə əlaqələri haqda Navalnının reportajlarından da bilirsiniz, özünün xəsisliklə etdiyi etiraflardan da.

Priqojin həmin “Banditskiy Peterburq”un tipik nümayəndəsi idi və təbii ki, elə buna görə də Putinin protojesi idi. Yetkinlik illərini Sankt-Peterburqdakı həbsxanada keçirsə də, 1990-cı illərdə iaşə biznesi sayəsində sərvət əldə etmiş və o zaman şəhər merinin müavini olan Putinin şəxsi himayəsini də qazanmağa müvəffəq olmuşdu. “Vladimir mənim adi köşkdən başlayıb necə böyük biznes qurduğumu gördü”,- sonralar Priqojin belə xatırlayacaqdı. Putin özü indi o himayədarlığı belə xatırlayır: "Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. Çox mürəkkəb taleyi olan insan idi, həyatda ciddi səhvləri vardı, ancaq lazımi nəticələrə nail ola bilirdi; şəxsən mənim üçün də, son aylarda olduğu kimi ondan ümumi iş üçün xahiş edəndə də...”

1812-ci ildən bəri ruslar fransızları kopyalamaqla məşğuldurlar. İdarəçilikdə, mədəniyyətdə, başqa xalqları assimilyasiya siyasətində, hətta dillərində söz yaradıcılığı zamanı da fransızcanın kalkalarını çıxarırlar. Putinin gəlişindən sonra neokolonializmdə də fransız dəbinə keçildi. Qanmen (killer) otağa daxil olur, birinci şəxs kəlmə kəsmədən seçdiyi fotonu ona verib işinə davam edir, qanmen otağı tərk edir. Bir müddət sonra fotodakı şəxsin ölüsü hansısa uzaq Afrikadan, ya yaxın Sena sahilindən, ya Nildəki timsahın mədəsindən, vulkanın kraterindən tapılır, beləcə, Fransa arzuolunmaz şəxsdən xilas olurdu. "Fransafrik layihəsi" çərçivəsində gah Qəddafi devrilir, gah Malidə üsyan qalxırdı. Əsası odur ki, Fransa bu proseslərdə rəsmən yoxdur; killerlər, komandoslar, kontrgenerallar var. Onlardan ən adlı-sanlısı Rober (Bob) Denar haqda 90-cı illərdə əfsanələr danışılar, filmlər çəkilərdi.

Bu günlər təyyarədə partladıldığı deyilən Yevgeni Priqojin və Dmitri Utkin Rusiya üçün məhz bu işi görməyə girişmişdilər. Gah Ukraynada, gah Suriyada pırtlayıb çıxır, gah da bizim Orxan Camalın ölümündə adları keçirdi. Priqojinin Afrika, Suriya və Ukraynadakı muzdlularının fəaliyyəti onu hərbi fiqura çevirmişdi. Ukraynada müharibəyə başlayandan sonra isə bu hərbi fiqurun sərvəti hədsiz çoxaldı, üstəlik, siyasi ambisiyalarının olması da ortaya çıxdı. Bəzi məlumatlara görə, o, 2014-cü ildən bəri dövlət müqavilələri sayəsində 18 milyard dollardan çox pul alıbmış.

Lakin hər şeyin bir sonu var. Rusiya müdafiə qurumunun nöqsanlarına qarşı sərt video çıxışları Şoyqunu deyil, onun özünü bitirdi. Priqojinin ölüm xəbəri gözlənilən və arzulanan aqibət idi. Qiyam təşəbbüsündən sonra “Vaqner”in varlığına dözülməyəcəkdi. Oğru dünyasında bir quldurbaşı olar, ikinci baş üzülməlidir.

Hərçənd, onun ölümü haqda xəbərlərdə ziddiyyətlər də yetərincədir; bunu səhnələşdirmə hesab edənlər də var. Şübhələr əsassız da deyil. Çünki ilk xəbərlərdə ölənlər arasında Priqojin familiyalı şəxsdən bəhs edilirdi. İş ondadır ki, Priqojinin tam adaşı olan ( ad- familiya- ata adı) ən azı 3 şəxs var, Dmtri Utkinin bir. Həm də o şəxslər də "Vaqner"ə məxsus müxtəlif şirkətlərdə çalışırdılar. BBC-nin rus xidməti 2018-ci ildə adını dəyişərək Yevgeni Priqojin olmuş Ruslan Yunusovun öz adını qaytarmaq üçün indi həbsxanadan məhkəməyə müraciət etməsi haqda xüsusi reportaj da hazırlamışdı.

2021-ci ildə Priqojin artıq sanksiya altında olanda onun “əkizlərinin” Avropaya səfərləri barədə KİV-lərə məlumat sızmışdı. Litva Dövlət Təhlükəsizlik Departamentinin rəhbəri Darius Yaunişkis “Azadlıq” radiosuna müsahibəsində iddia etmişdi ki, əməliyyat Avropa İttifaqının zəifliyini nümayiş etdirmək məqsədilə Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

Lakin hesab edək ki, ölüm gerçəkdir. Bəs bu nəyi dəyişəcək? Afrika və Ukraynada əməliyyatlara necə təsir edəcək? Son Sudan və Niger hadisələri "Vaqner"in uğuru idi, indi o xuntalar taleyin ümidinə buraxılırmı? Rusiyanın Mərkəzi Afrika Respublikası ilə Suriyadakı müttəfiqlərini dəstəkləyən, habelə Malidə Fransanın nüfuzuna meydan oxuyan “Vaqner”in taleyi necə olacaq?

İlk növbədə hərbi sənaye kompleksindəki əsas komanda - Şoyqu və tərəfdarları hələlik qalibdirlər. Onların bütün hərbi birləşmələri vahid komandanlığa tabe etmək tələbi avtomatik yerinə yetirilir. “Vaqner”in xaricdəki fəaliyyəti isə yəqin ki, digər qurumların kurasiyasına veriləcək. Putinin hərbi və siyasi hakimiyyətdə formal monopoliyası da yenidən möhkəmlənir.

Hərçənd yaranmış boşluğun birdən -birə asanlıqla digər şəxslər və qurumlarla əvəzlənməsi çətindir. Niger hadisələri göstərdi ki, Rusiyanın fəallaşması yalnız Fransanı deyil, Afrika ölkələrini də narahat edir. Fransa və Çin Afrikadakı maraqlarını birgə qorumaq üçün məsləhətləşmələr aparır. Deməli, yaranmış boşluq doldurulacaq, kosmosda yerini Hindistana verən Rusiya Afrikadakı yerini də Türkiyəyə , Fransaya, Çinə buraxmağa məcbur olacaq.

Son günlər “Vaqner”in terror təşkilatları siyahısına salınması məqsədilə müxtəlif ölkələrdə təşəbbüslər edilirdi. İndi qurumun “təbii səbəblər” üzündən faktiki ləğvi Rusiyaya, müvəqqəti də olsa, bu ittihamlardan yayınmağa imkan verir.

Onun başqa bir fəaliyyət sahəsi də var idi: Peterburqda adi bir ofis binasında kremlpərəst bloqçuların “trol fabriki”ni yaratmışdı, hərçənd ki, o, illərdir bunu inkar edirdi. Lakin bu il Priqojin belə ideyanın müəllifi olduğunu etiraf etdi. O, trolxananı “Qərbin bayağı və aqressiv anti-Rusiya təbliğatı”ndan qorumaq üçün yaratdığını deyirdi. Bizim sosial mediada yeri gəldi- gəlmədi, zərurət oldu-olmadı Rusiyanı və Putini müdafiə edib Qərbi, bəzən hətta Türkiyəni də Moskva baxış bucağından tənqid edənlərin siyahısını bir anlıq təsəvvürünüzə gətirin. Yəni "istedadlar fabriki" nin bizdə də çoxsaylı "zəhmətkeş"ləri vardı. İndi o “ağıl dəryaları”nın yetim qalan başları hara bağlancaq? İnformasiya çirkliliyinin qarşısını almaq üçün görünür, bəzi addımlara ehtiyac var.

O ölümün Cənubi Qafqaza birbaşa təsiri necə olacaq? Cənub qonşumuzun strateqləri tez-tez öyünürlər ki, Türkiyənin artan qüdrətinin qarşısını almaq üçün Qasim Süleymani Rusiyaya xüsusi səfər etmiş, Vladimir Putini Ankaraya qarşı birgə hərəkət etməyə inandıra bilmişdi. “Vaqner” və SEPAH-ın “Qüds” korpusunun birgə fəaliyyəti Suriyada Bəşər Əsəd rejimin xilası olmuşdu. İndi nə Qasim Süleymani sağdır, nə də Priqojin. Ciddi boşluq, Türkiyə və Azərbaycan üçün yeni fürsətlər yaranır, fövt etməmək lazımdır.

//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR