İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Bakıya çoxsaylı avtobuslar gətirilməlidir”

706 16.06.2023 16:15 Siyasət A A


Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında ilk oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışarkən öncə layihə müəlliflərinə təşəkkür etdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Qərb standartlarına uyğun bir layihə hazırlayıblar: “Amma mən əvvəllər də parlamentdə bir fikir səsləndirmişəm ki, qanunlar real ictimai münasibətləri tənzimləməlidir.

Əgər ölkədə Qərb standartları yoxdursa, qərb standartlarına uyğun qanunların qəbulu ona gətirib çıxarır ki, insanlar qanunları pozur və ölkədə qanuna hörmət itir. Ona görə də yaxşı qanun yüksək standartlara cavab verən qanun deyil, real ictimai münasibətləri tənzimləyən qanun olmalıdır ki, onu tətbiq eləmək mümkün olsun. Əgər onu tətbiq eləmək mümkün olmayacaqsa, insanlar qanunları pozacaq, yayınacaq. Bu da neqativ hallara yol açacaq və ölkədə qanunlara hörmət itəcək. Buna görə də bu məsələ üzərində düşünmək lazımdır. Məsələn, millət vəkillərinə məlumat verilmədi ki, Qərb ölkələrində təqribən yüz min nəfərə neçə avtobus, neçə metrostansiya düşür? Mən, bir dəfə Londonla müqayisə aparmışdım ki, bizdə avtobusların sayı ora ilə müqayisədə minimum 3 dəfə azdır. Hər yüz min nəfərə düşən avtobusların, metrostansiyaların sayına görə. Məsələn, Londondan fərqli olaraq bizdə tramvay xətləri, kanatlar və sair yoxdur. Ona görə də əslində biz sevinməliyik”.

Q.Həsənquliyevin sözlərinə görə, bu gün taksilərin sayı artıbsa və qiymət aşağı düşübsə, bu, bəlkə də az sahələrdən biridir ki, hökumətin burada uğuru var:

“Uğur da ondan ibarətdir ki, rəqabət mühiti var və rəqabət mühiti nəticəsində taksi xidmətlərində qiymətlər aşağı düşüb. Məsələn, “BakuBus” niyə yaradıldı? Özəl şirkətlər bu işlə məşğul olmaldırlar. Lazım gəlsə onlara kredit verilməlidir ki, elektrik mühərrikli avtobuslar alsınlar. Avtobusların sayını kəskin artırsaq, sizi əmin edirəm ki, bütün məsələlər qaydasına düşəcək. Bunun üçün də sahibkarlara güzəştli kreditlər vermək lazımdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanları ciddi düşünməlidir. Amma mən ümumiyyətlə bu qanun layihəsini çox məqbul sayıram. Məsələn, vaxtilə parlamentdə qaldırmışdım ki, niyə bizdə sürücünün taxoqraf kartı yoxdur? İndi bu, qanunvericiliyə daxil edilir. Yəni sürücünü çox işlədə bilməyəcəklər. Sürücü hər saat yarım-iki saatdan bir dayanıb, ən azı10-15 dəqiqə  istirahət edəcək. Yəni bilinəcək ki, bir sürücü sükan arxasında nə qədər əyləşib və sair. Sadəcə olaraq taksilərə, taksi kimi istifadə olunan avtomobillərə dair tələblər, standartlar yüksək səviyyəyə qaldırılmaldıır. Mütləq avtomobillərin texniki və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır ki, hansı avtomobillərdən taksi xidmətində istifadə etmək olar? Yəni bunları etmək lazımdır və mən hesab edirəm ki, bunlar olacağı təqdirdə bu qanun uğurlu olacaq. Bu qanun ümumiyyətlə mütərəqqi qanundur, amma qeyd etdiyim kimi, neqativ hallara yol açmasın deyə mütləq metro tikintisinə ciddi vəsait ayrılmalıdır. Xarici investorlar cəlb olunmaldır, Bakıya çoxsaylı avtobuslar gətirilməlidir”.

Deputat daha bir nümunə gətirdi: “Avropa ölkələrində olanda görürük ki, orada avtobuslar günün sonunda küçələrdə karvan kimi hərəkət edirlər. Bizdə isə avtobuslar tək-tük gözə dəyir və ona görə də belə bir vəziyyət yaranır. Burada müvafiq icra hakimiyyətinin orqanları da iştirak edirlər. Ona görə də mən istəyirəm ki, onlar ictimai nəqliyyatda keyfiyyətin yaxşılaşdırılması, avtobusların sayının artırılmasını ciddi şəkildə  düşünsünlər. Açıq söyləyirəm, insanlar arasında fikir bundan ibarətdi ki, “məmurların özləri də tıxaca düşürlər. Özləri bundan narahatdırlar. Ona görə də tıxacın qarşısının alınması üçün taksilərin sayının azaldılmasını istəyirlər”. Amma dediyim kimi, tıxacın qarşısını almaq mümkün olmayacaq, o vaxta qədər ki, ölkədə keyfiyyətli avtobusların sayı artırılmayacaq”.


E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR