İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoloşşapovun izi ilə

1549 14.03.2023 09:46 Yazarlar A A

Fransa ermənipərəst mövqe sərgiləsə də biz qonaqpərvərliyimizi unutmuruq, Bakıdakı Fransa səfirini toy çağırmışıq. O da toydan sonra sosial şəbəkədə xoş sözlərini yazmış, minnətdarlıq etmişdir. Deyir ən çox “Qudalar” mahnısı və bildirçin kababı xoşuma gəldi. Zarafat edirəm, əlbəttə, biz səfirin menyüdə nəyi bəyəndiyi haqda məlumat əldə etməkdə çətinlik çəkirik. Hər halda, istənilən adamın toya çağırılması yaxşı haldır. Tarixən Azərbaycan xalqı dosta-düşmənə münasibətdə tolerant olmuşdur, hamıya xoş üzlə yanaşmışdır. Bəlkə bunun üzündən başımız bəlaya da düçar olmuşdur. Nə edə bilərik, bu da bizim xasiyyətimizdir.

Məsələn, 44 günlük davadan sonra biz Qarabağa Ermənistandan gələn Kəlbəcər yolunu haqlı olaraq bağlamışdıq, uzun zaman elə zənn edirdik cəmi 1 yol qalıb, o da Laçın yoludur. Lakin son zamanlar orada separatçı ermənilərin istifadə elədiyi ən azı 3 yolun olduğu ortaya çıxdı. Şəxsən mən bunu bilmirdim və şok yaşadım, necə deyərlər. Yəqin rəhbərlik də bu münasibətlə niyə tədbir görmədiyini xalqa izah etməlidir. Sərhədimiz aşsüzəndirsə, desinlər, işimizi bilək. Yoxsa necə olur, İrandan tonlarla narkotik daşınır, Ermənistandan silah daşınır, bunları tutan olmur, yolları, sərhəd deşiklərini bağlamırlar, ya da gec bağlayırlar, lakin hansısa fağır, yetim azərbaycanlı Gürcüstana, Rusiyaya sərhəd bölgələrinə ticarətə, alverə getmək istəyəndə qarşısına əjdaha səddləri çıxır?

Təbii ki, Qarabağda separatçılığa dəstək verən rusiyalı “sülhməramlılardır”. Tarixən də belə olmuşdur. İndi sizə bir yazıdan parçanı təqdim edirəm:

“Şuşadan gələn dəhşətli xəbərlər bu gün hər bir sahibi-vicdanın fikrini işğal etməkdədir. Şuşa əhvalatı partlayıcı əcza misalı külli Qafqazi səhfəsinin üstündə (indi düşər və ya bir qədər sonra düşər) asılı olub, cümlə Qafqaziyanı təhlükəli bir hal içrə buraxmışdır. Məlum olduğu üzrə, Qoloşşapovu Şuşa uyezdinə ”sülhçü" olaraq göndərmişlər. Qoloşşapov da “sülhçülüyünü” büruzə verib, toplar, tüfənglər, atəşlər ilə sülh etməyə başlamışdır. Sülh-səlah arizməndləri də böylə bir sülhdən ləzzətyab olub sevinirlər. Heyhat! Atəş, güllə, xəncər, top, tüfəng - bularmıdır sülh aləti? Yağ odu söndürsə, Qoloşşapov ilə də top, tüfənglər ilə sülh çıxarıb narə-ədavəti söndürərlər. Ey vicdansız Qoloşşapov! Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-birilə çalışdırıb, sonra hər ikisini badi-fənayə verdiyiniz! Bu qədər insafsızlıq olmaz ki, siz edirsiniz!"

Bu, gənc, 22 yaşlı Məhəmməd Əmin Rəsulzadənin 1906-cı ildə, 20 iyulda “Dəvət” qəzetində yazdığı məqalədən parçadır. Yazıda Rusiya imperiyasının Qarabağda canişin təyin elədiyi general Qoloşşapovun əliylə azərbaycanlılara qarşı qırğınlar törədilməsi, erməni-türk düşmənçiliyi salınması tənqid edilir. Məqalədəki “sülhçü” ifadəsini Rəsulzadənin dırnaq işarəsi arasına alması indiki günümüzdə necə də aktual görünür! Hazırda da həmin “sülhməramlılar” Qarabağa gizli silah trafikinə, qanunsuz zorakı dəstələrə, faktiki banditlərə dəstək verən əsas qüvvədir. Qoloşşapovun yerinə Volkov yaz, mövzu tamamdır. Heç nə dəyişməyəcək.

Amma tarixin dərslərini gərək bizə qarşı qırğınlar törədənlər də unutmasın, çünki 1905-1906-cı illərdə Qarabağda, Şuşada azərbaycanlıların qanını axıdan rus generallarının bəzilərini sonradan “Difai” qisasçı təşkilatımız tapıb öldürmüşdü. Səhv eləmirəmsə, Qoloşşapovun özünü də, 1909-cu ildə Tiflisdə, necə deyərlər, “şappıldatmışdılar”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR