İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoca Koks, heroin, silah alveri, İslam düşmənçiliyi və "erməni eşqi" - ARAŞDIRMA

553 01.03.2023 12:04 Siyasət A A

Britaniya Lordlar Palatasının üzvü, ermənidən artıq erməni olması ilə ad çıxarmış baronessa Kerolayn Koksla bağlı yeni qalmaqallar yaşanır. Onun gizli maliyyə "mənbə"ləri, İslam və demokratiya düşmənləri ilə sıx əlaqləəri üzə çıxıb.

"Baronessa Kuinsberili Koks" kimi tanınan 85 yaşlı Kerolayn Enn Koks Britaniyanın qalmaqallı siyasətçilərindən biri, sosioloq, Lordlar Palatasının sabiq vitse-spikeri, həmin palatının daimi üzvü və ən nəhayət, "məşhur hüquq müdafiəçisi" olduğunu iddia edən ahıl xanımdır.

Eyni zamanda, o, həddən ziyadə ifrat ermənipərəst mövqeyi ilə seçilən siyasətçi, "lobbi fəaliyyəti" adı ilə ən müxtəlif radikal təşkilatlardan aldığı maliyyə vəsaitlərinin tam əksəriyyətini gizlətməyə çalışan şəxsdir.

Yaşına rəğmən, hələ də fəal olduğunu iddia edən Koks dünyanın müxtəlif ölkələrindəki maliyyə-bank qruplaşmalarını pul müqabilində dəstəkləməklə yanaşı, ekstremist qruplaşmalara, dini radikallara, separatçılara və terrorçulara da "hami"lik edir.

Kokain, Koks, heroin və irqçilər

Ən son qalmaqal rəsmi sənədlərdə qeyri-kommersiya təşkilatı sayılan "Equal and Free Limited" ilə bağlıdır.

ABŞ, Kanada, Britaniya və daha 11 ölkədə demokratiya, insan haqları, tolerantlıq və multukulturalizm mövzusunda genişmiqyaslı kampaniya keçirdiyini iddia edən "Equal and Free Limited" təşkilatı tam müstəqil, şəffaf və qanunlar çərçivəsində fəaliyyət göstərən, ictimai əsaslarla çalışan struktur olduğunu vurğulayır.

Lakin aparılan aparşdırmalar sübut edir ki, "Equal and Free Limited" ABŞ-də yaşayan iş adamları tərəfindən maliyyələşdirilir.

Mərkəzi ofisi Los-Anceles şəhərində yerləşən "Fieldstead and Company" şirkəti "Equal and Free Limited"in əsas, başlıca maliyyə mənbəyidir.

"Fieldstead and Company"in sahibi, yevangelist milyarder Hovard Ahmanson və onun xanımı, Roberta Ahmanson "incəsənət, mədəniyyət, habelə dini azadlıqlar sahəsində xeyriyyəçilik fəaliyyəti" ilə məşğul olduğunu vurğulayırlar.

"Christianity Today" jurnalına verdiyi müsahibəsində R.Ahmanson demişdi: "Biz çox yəqin ki, ilk əvvəldən məntiqi niyyətin ən böyük tərəfdarıyıq".

"Məntiqi niyyət" ("İntelligent Design) tərəfdarları iddia edirlər ki, bəşəriyyətin yaşamının yaranması və mövcudluğu təkamüllə yox, "Yaradanın istəyi" ilə bağlıdır.

Bu, nəzəriyyədir.

Praktika isə Hovard Ahmarsonun Birləşmiş Ştatlardakı ortodoksal, ifrat radikal xristian qruplaşmalar, sektalar və mini-təriqətlərlə bağlı olduğuna dəlalət edir.

İş adamı H.Ahmarsonun lider olduğu hərəkatın tərəfdarları arasında ABŞ-də ad çıxarmış "Ari Qardaşlığı" ("Aryan Brotherhood"), "Ari Çevrəsi" ("Aryan Circle"), "Combat 18", "Hammerskins", "Volksfront" qruplaşmalarının mənsublarının az olmamaları ilə bağlı iddialar güclüdür. Sadalanan mütəşəkkil cinayətkar qruplaşmaların istisnasız olaraq hamısı "ağ insanın üstünlüyü" (“White Supremacist”) kimi ifrat irqçi, rasist ideologiyanın daşıyıcıları və təbliğatçılarıdır.

Adları çəkilən qruplaşmalar ABŞ ərazisində kokain, heroin, metamfetamin, tiryək və s. narkotik maddələrin satışı, odlu silah alveri, reket, soyğunçuluq, maliyyə cinayətləri, quldurluq, kidneppinq və s. ilə məşğul olurlar.

Baronessa Kerolayn Koks "Equal and Free Limited" təşkilatından dəfələrlə "lobbinq ianəsi" kimi böyük məbləğdə maliyyə vəsaitləri alıb.

Ən son ödənişlər isə 40 min ABŞ dolları və 8 min funt-sterlinq məbləğində olub.

Koksun erməni "eşq"i

"Humanitarian Aid Relief Trust" (HART) xeyriyyə təşkilatının banisi və sədri, Andrey Saxarov Fondunun Məşvərət Şurasının və "MigrationWatch" təşkilatının İdarə Heyətinin üzvü, həmçinin, onlarla strukturun fəxri üzvü və mənsubu olan baronessa Koksun siyasi fəaliyyəti sadəcə, ABŞ ərazisində narkotik və silah alveri, insan ticarəti və reketlə məşğul olann qruplaşmaların üzvlərinin də "İlahi vəhy" aradıqları təşkilatlarla əməkdaşlıqla bitmir.

O, son 30 ildə Ermənistanın və dünya erməniliyinin ən radikal, qatı və aqressiv dəstəkçilərindən biri kimi tanınıb.

1989-cu ilin iyun ayında erməni diaspor təşkilatları ilə sıx əməkdaşlığa başlamış Kerolayn Koks həmin dövrdən 2020-ci ilin mart ayınadək 93 (!) dəfə Xankəndidə olub.

Ermənistana, oradan da separatçı rejimin olduğu Xankəndiyə səfərlərin intensivliyi heç bir halda adi siyasi mövqe və ya humanitar müstəvidə seçimlə bağlı deyil.

Səbəb daha prozaikdir: baronessa Koks 31 il sərasər Ermənistandakı bir sıra dövlət qurumlarından və erməni diaspor təşkilatlarından "lobbinq ianələri" qismində maliyyə vəsaiti alıb.

Onun pul aldığı təşkilatlar arasında Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) və "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Army for the Liberation of Armenia", ASALA) da vardı.

Koksun bitməyən iştahı

Ermənilərin radikal və hətta terror qruplaşmaları ilə yanaşı, Kerolayn Koks nəyin bahasına olursa-olsun daha çox pul qazanmaq, üzvü olduğu Lordlar Palatasının mənsublarının tam əksəriyyətindən fərqli olaraq, "baronessa" titulunu irsi almayaraq parlamentə seçiləndən sonra əldə etməsindən dolayı, yaşadığı natamamlıq kompleksində qurtulmaq, Britaniyanın zəngin zadəganlar tabanına daxil olmaq üçün yeni "sponsor"lar axtarışlarını səngitməyib.

Məsələn, o, Bəhreynin "maraqlarını müdafiə etmək" adı ilə "İnterel" lobbinq şirkətindən 200 min funt-sterlinq alıb.

Bu barədə Lordlar Palatasında məsələ qaldırılanda və təhqiqat başlananda baronessa Koks heç nə olmamış kimi davranaraq özünə bəraət qazanmağa çalışmışdı: "Məqsədim Bəhreyndə insan haqlarının təminatı sahəsində görülən işlərə dəstək vermək idi".

Bir qədər keçdi, Koksun Britaniyada fəaliyyət göstərən ifrat radikal sağçı "Britaniya Uğrunda" ("For Britain") qruplaşmasından 232 min funt-sterlinq aldığı aşkarlandı. Bu azmış kimi Koks, sözügedən qruplaşmanın irqçilik, ksenofobiya, islamofobiyanın təbliğ edildiyi toplantılarına qatıldığı, çıxışlar da etdiyi bilindi.

Daha sonra Kerolayn Koks növbəti maliyyə mənbəyi qismində İqtisadi Münasibətlər İnstitutu (Institute of Economic Affairs, IEA) ilə əməkdaşlığa başlayıb və İEA-dan təqribən 520 min funt-sterlinq alıb.

Yaratdığı və rəhbərlik etdiyi "Humanitarian Aid Relief Trust" (HART) xeyriyyə təşkilatı isə Kerolayn Koks üçün, sadəcə, müxtəlif "sponsor"lardan və "lobbinq şirkətləri"ndən aldığı qanunsuz maliyyə vəsaitinin leqallaşdırılması, yəni çirkli pulların yuyulması üçün vasitəyə çevrilmişdi.

Koks sonradan bir neçə yeni "xeyriyyəçilik və humanitar" yönlü təşkilatlar yaradaraq, HART-ın hesablarından həmin strukturlara pulları köçürərək iz itirməyə çalışmışdı.

Sadəcə, bir fakt: 2019-cu ildə HART qəflətən "Yaxın Şərqdə Dəstək və Barışıq Fondu"nun (Foundation for Relief and Reconciliation in the Middle East, FRRME) hesablarına 300 min funt-sterlinq məbləğində köçürmə edib.

FRRME-nin təsisçi və rəhbərlərindən biri elə Kerolayn Koksun özüdür.

Maraqlıdır ki, Kerolayn Koksun "siyasi və humanitar" fəaliyyətində onun övladları - xeyriyyə təşkilatına rəhbərlik edən oğlu Rupert Koks və İngiltərə-Uels Ali Məhkəməsinin hakimi olan qızı Filippa Uipl də iştirak etdikləri ilə bağlı iddialar mövcuddur.

Londonun mərkəzində İslam düşmənləri

Qayıdaq baronessa Koksun İslam və türk düşmənçiliyinə.

... London, Milbenks-Haus səmti. Lordlar Palatasının üzvlərinin ofislərinin yerləşdiyi məkan.

Baronessa Kerolayn Koksun təşəbbüsü ilə təşkil edilmiş toplantı başlanır və iclasa lord Pirson da qatılır.

Toplantıda ifrat sağçı, radikal islamofobiya və irqçilik təbliğatı ilə məşğul olan "ictimai xadim"lər, "siyasətçi"lər iştirak edirlər.

Maraqlıdır ki, Koks bu dəfə özünü "Equal and Free" ictimai-siyasi təbliğat kampaniyasın6ın rəhbəri kimi təqdim edir.

Bu kampaniya isə bəhs etdiyimiz "Equal and Free Limited"lə təşkilatının layihələrindən biri idi.

Tam məxfi, media mənsubları üçün qapalı keçirilmiş toplantının "New Issues Group" (NİG) firması tərəfindən təşkil olunduğu da iştirakçıların nəzərinə çatdırılmışdı.

2012-ci ildə yaradılmış NİG-in rəhbərləri baronessa Koks və lord Pirson, əsas funksionerlərindən biri isə ifrat radikal "Xristian Xalqları Alyansı"nın (Christian Peoples Alliance, CPA) sabiq sədri, ultrasağçı "Hearts of Oak" qruplaşmasının lideri Alan Kreyqdir.

Paradoksa baxın ki, aşkar anti-İslam və anti-türk ruhlu NİG-in gizli toplantıları Londonun "qəlbi"ndə, Milbenks-Hausdakı "Parlament məkanı" (Parliamentary Estate) adlanan ərazidəki "Arxiyepiskop Otağı"nda (Archbishops Room) keçirilir.

NİG əsas məqsədi qismində "Brianiyada İsdamın və müsəlmanların kəsb etdikləri təhlükə barədə məlumatlar yaymaq" olduğunu bəyan edib. Təşkilat bu məqsədlə bir sıra anti-İslam, anti-türk, ultrasağçı, radikal qruplar və strukturlar yaratmaqla yanaşı, Britaniya parlamentində lobbinqlə məşğul olur.

Təşkilatın üzvləri arasında ifrat radikallar və ekstremistlərlə sıx əlaqələri olanlar az deyil.

NİG-in siyasi rəhbərliyini Alan Kreyq (Alan Craig) və baronessa Koks gerçəkləşdirir, maliyyə məsələləri ilə isə "Christian Concern"in rəhbəri Tip Dyepp (Tim Dieppe) və Oksford Universitetində teologiya və dinşünaslıqdan dərs deyən Şon Oliver-Di (Sean Oliver-Dee) məşğul olurlar.

Bir məqamı da diqqətə çatdıraq: "Equal and Free" baronessa Koksun Lordlar Palatasında rəsmi qaydada qeydiyyata aldırdığı "Maraqlar Reyester"ində (Baroness Cox’s Register of Interests) əks olunub. Halbuki, bu, Britaniyanın Lordlar Palatasının üzvlərinin "Davranış Qaydaları"na ("Rules of Conduct") kökündən zidd, qanunsuz olaydır.

Üstəlik, Koks NİG vasitəsilə Lordlar Palatasının üzvlərini pulla ələ alaraq onları ermənipərəst, anti-İslam mövqelər tutmağa mövq etməyə çalışır.

Məsələn, NİG-in məxfi maliyyə hesabatında "Maliyyə yığımı" ("Fund Rasing") bölməsində Lordlar Palatasındakı müzakirələrdən birinin ərəfəsində lord Kalms (Lord Kalm) və lord Uinsonun (Lord Vinson) hər birinə 25 min funt-sterlinq ödəndiyi yazılıb.

Lord Kalms Britaniya Mühafizəkarlar Partiyasının sabiq xəzinədarı, iş adamı baron Harold Stenli Kalmsdır (Stanley Kalms).

Lord Naycel Uinson (Nigel Vinson) isə Britaniyanın ən böyük bankı "Barclays Bank"ın sabiq direktoru, 1985-ci ildə Mühafizəkarlar Partiyasından Lordlar Palatasına ömürlük üzv seçilmiş şəxsdir.

Əvvəllər "One Nation One Law" adı ilə fəaliyyət göstərmiş "Equal and Free Ltd" Britaniyada İslama, müsəlmanlara, Azərbaycan və Türkiyəyə qarşı kampaniyaların, "qanunverici təşəbbüs"lərin, yürüş və mitinqlərin, habelə, Ermənistana dəstək aksiyalarının təşkilatçıları arasında xüsusi yer tutur.

Aksiyaların hazırlanmasında NİG-in ən fəal fiqurlarından biri isə özünü "Cihada Qarşı Hərəkat"ın (Counter Jihad Movement, CJM) adlandıran, əvvəllər müsəlman olan, sonradan xristianlığı qəbul edən Sem Solomondur (Sam Solomon).

Baronessa Koksun təşkilatlarının dəstəklədikləri və maliyyələşdirdikləri qatı islamofobiya, ksenofobiya və anti-İslam mövqeləri ilə tanınanlar arasında "İngiltərənin Müdafiə Liqası"nın (English Defence League, EDL) ən aktiv mənsubları, anti-islamçı Gert Vilders, "Analar Radikal İslama və Şəriətə qarşı" ("Mothers against Radical Islam and Sharia", MARIAS) kimi islamofob qruplaşmanın banisi Toni Byuql (Toni Bugle) da var.

Britaniyada İslama və müsəlmanlara, xüsusilə də türklərə qarşı düşmən mövqeyi ilə seçilən qruplaşmalardan olan "Sharia Watch UK"un maliyyələşdirilməsində erməni diaspor təşkilatları da çox fəal iştirak edirlər.

Ermənilərlə baronessa Koksun anti-müsəlman strukturları arasında maliyyə işlərinə isə sənədlərlə "Tommi Robinson" (Tommy Robinson) kimi adı çəkilən, gerçək ad-soyadı Stiven Lennon olan şəxsdir.

Baronessa Kerolayn Koksun İslama və müsəlmanlara olan mövqeyini anlamaq üçün onun diqtə etdiyi tezislərin NİG mənsubu Maqnus Nilsen tərəfindən toplanaraq "İslamla mübarizə və gizli cihad" ("Combatting Islam and the Stealth-Jihad") adlı memorandumu oxumaq yetərlidir.

"Free Speech Movement Ltd", "The Patriotic Alliance Ltd", "Hearts of Oak Alliance LTD", "Alternative Alliance Limited ", "Pfander Centre for Apologetics", "Church of England", "Defend Christ Critique Islam", "Christian Concern" - İslama və müsəlmanlara düşmən, aşkar antonoqist mövqelərdə duran bu qurumlar baronessa Koksun "himayə" etdiyi strukturlardan, sadəcə, bir neçəsidir.

Ümid edirik ki, Britaniyanın Lordlar Palatası və ölkənin müvafiq strukturları baronessa Keroloayn Koksun gizli fəaliyyəti, külli miqdarda maliyyə vəsaitini mənimsəməsi, irqi və dini zəmində düşmənçiliyi təbliğ etməsi kimi məsələləri araşdıracaqlar.

Elçin Alıoğlu,
Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR