İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal ərzaq qiymətləri yenidən ucuzlaşdı

941 08.09.2023 20:45 İqtisadiyyat A A

Qlobal ərzaq bazarında qiymətlər iyulda qeydə alınan artımdan sonra avqustda yenidən ucuzlaşmağa başlayıb.

Musavat.com BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı Ərzaq Qiymətləri İndeksinə istinadən xəbər verir ki, avqust ayında indeks orta hesabla 121,4 bənd təşkil edib.

Bu, iyul ayı ilə müqayisədə 2,1 faiz, 2022-ci ilin mart ayında əldə edilən pik göstəricidən isə 24 faiz aşağıdır.

FAO-nun məlumatına görə, taxıl qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,7 faiz azalıb. Avqust ayında beynəlxalq buğda qiymətləri bir sıra aparıcı ixracatçıların mövsümi tədarükünün artması fonunda 3,8 faiz, beynəlxalq yemlik taxıl qiymətləri isə Braziliyada rekord məhsulun əldə olunması və ABŞ-da yığımın tezliklə başlamasına görə güclü qlobal qarğıdalı tədarükü fonunda 3,4 faiz ucuzlaşıb. İyulda buğda qiymətləri Taxıl sazişinin dayanması fonunda son 9 ayda ilk dəfə 1,6 faiz bahalaşmışdı.

FAO Bitki Yağı Qiymətləri İndeksi avqustda 3,1 faiz azalaraq iyulda 12,1 faiz kəskin artımı qismən kompensasiya edib. Hesabatda qeyd edildiyi kimi, günəbaxan yağının dünya qiymətləri “qlobal idxal tələbinin zəifləməsi və iri ixracatçıların yaxşı təklifi nəticəsində” ay ərzində demək olar ki, 8 faiz ucuzlaşıb.

İndeksin ümumi azalması və əsas ərzaq məhsullarının qiymətləri fonunda FAO-nun düyü qiymətləri indeksi iyul ayından bu yana 9,8 faiz artaraq son 15 ilin nominal maksimumuna çatıb. Mütəxəssislərin izah etdiyi kimi, bu, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistanın düyü ixracına qoyduğu qadağalardan qaynaqlanır.

Avqustda şəkər qiymət indeksi iyul ayı ilə müqayisədə 1,3 faiz artıb ki, bu da bir il əvvəlki qiymətdən orta hesabla 34 faiz yüksəkdir, FAO bu tendensiyanın səbəbini "El Nino fenomeninin şəkər qamışı bitkilərinə təsiri ilə bağlı artan narahatlıqlarla" , eləcə də Taylanddakı quraqlıqla izah edir.

FAO qeyd edir ki, şəkər qiymətlərinin daha sürətlə artımının qarşısını Braziliyada yaxşı məhsul əldə olunması, eləcə də aşağı etanol qiymətləri və Braziliya realının zəifləməsi alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR