İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal bazarlarda ziddiyyətli proseslər - böhran proqnozu

871 02.08.2022 08:50 İqtisadiyyat A A

Azərbaycan ili necə başa vuracaq?; “Karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə...”

Koronavirus pandemiyası, Ukraynadakı müharibə qlobal iqtisadiyyatda resessiya təhlükəsinin artmasını şərtləndirib. İyun ayında dünyanın ən böyük iqtisadiyyatlarına malik ABŞ və Çində qlobal iqtisadiyyata mənfi təsiri qaçılmaz olacaq nəticələr qeydə alınıb. ABŞ-da gözləntilərin tam ziddinə olaraq ümumi daxil məhsul 0,9 faiz azalıb ki, bunu analitiklər resessiyanın başlanğıcı kimi qiymətləndirirlər.

Çində isə sənaye aktivliyi indeksi iyulda 50 bənddən aşağı düşüb. Bu, ölkədə iqtisadi aktivliyin azalmasının göstəricisidir. Son aylarda koronavirusun müxtəlif əyalətlərdə yenidən alovlanması Çin hökumətinin kəskin məhdudiyyətlər tətbiq etməsinə səbəb olub. Nəticədə Çində ÜDM-in artım tempi də zəifləyib, müxtəlif məhsulların istehlakı aşağı düşüb. Bura ilk növbədə neft və neft məhsulları aiddir. Belə ki, bu ilin iyununda Çində neft məhsulları istehlakı illik ifadədə 7 faiz azalaraq 32,45 milyon ton təşkil edib. Çin İnkişaf və İslahat Dövlət Komitəsinin məlumatına əsasən, azalma aviasiya kerosini və benzin üzrə daha yüksək olub: birincinin istehlakı 32,8 faiz, ikincininki isə11,5 faiz azalıb. Bu da Çində iqtisadiyyatın ciddi problemlərlə üzləşməsinin mühüm göstəricilərindən biri sayılır.

Avropa Birliyində də iqtisadi aktivliyin, iqtisadi artım tempinin azalması, inflyasiyanın güclənməsi müşahidə olunur. Bütövlükdə dünyada sürətlənən inflyasiya mərkəz bankları uçot dərəcələrini artırmağa, sərt monetar siyasətə keçməyə vadar etməkdədir. Artıq dünyanın bir saylı iqtisadiyyatında monetar siyasəti tənzimləyən ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artırmaqla 2,25-2,50 faizə çatdırıb. FED rəhbəri ölkədə 9 faizi keçən illik inflyasiyanı cilovlamaq üçün yenidən və daha sərt artımlara gediləcəyinin anonsunu verib. Bu, ölkədə resessiya təhlükəsinin reallaşması ehtimalını daha da artırır.

İnflyasiya və iqtisadi problemlər Azərbaycanın yaxın qonşuları və ticarət tərəfdaşları olan ölkələrdə də özünü qabarıq büruzə verir: Rusiya birinci yarımili 5 faizə yaxın iqtisadi kiçilmə ilə başa vurub. Türkiyədə illik inflyasiya 80 faizə yaxınlaşmaqdadır. Belə bir gərgin dövrdə Azərbaycan iqtisadiyyatı birinci yarımili 6,2 faiz iqtisadi artımla başa vurub. Dövlət Statistika Komitəsi iyun ayında Azərbaycanda 0,1 faizlik deflyasiya qeydə aldığını açıqlayıb. Komitənin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarına nisbətən 12,9 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,4 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,3 faiz yüksəlib. Məlumatda qeyd olunur ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 14,2 faiz təşkil edib. İyun ayında ötən ilin eyni ayı ilə müqayisədə ərzaq məhsulları 21,3 faiz, qeyri-ərzaq məhsulları 7,4 faiz, ödənişli xidmətlər 10,9 faiz bahalaşıb.

Mikayıl Cabbarov: Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını  artıracaq - AZƏRTAC

Mikayıl Cabbarov

2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18,5 milyard dollar təşkil edib ki, bunun 1,5 milyard dolları qeyri-neft sektoruna aid məhsullar olub. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 295,4 milyon dollar və ya 25,4 faiz artıb. Buna baxmayaraq, ölkə gəlirlərində neft-qaz sektorunun payı çox yüksək olaraq qalır. Bu şəraitdə qlobal resessiya gözləntiləri neft bazarına mənfi təsirləri baxımından Azərbaycan üçün də mühüm çağırışlar formalaşdırır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, yüksək neft-qaz qiymətlərindən sonra böhranlı dövrün gəlməsi ehtimalı yüksəkdir: “Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır”.

Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsələr də, buna hazır olmağa çalışır və öz planlamalarını da buna görə hazırlayırlar: “Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq”.

Xatırladaq ki, S&P beynəlxalq agentliyi Azərbaycanda bu il gözlənilən inflyasiya səviyyəsini ikiqat artırıb. Agentlik ekspertlərinə görə, 2022-ci ildə Azərbaycanda 13 faizlik  (yanvar proqnozunda - 6,5 faiz) olacağı, 2023-cü ildə 9 faizə (4,5 faiz), 2024-cü ildə 6 faizə (3 faiz), 2025-ci ildə isə 5 faizə qədər (3 faiz) azalacaq.

S&P ekspertlərinin fikrincə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısında məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq: “Lakin karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”.

Agentlik “Brent” markalı neftin bu il orta hesabla 102 dollar, 2023-cü ildə 85 dollar, 2024-2025-ci illərdə isə orta hesabla 55 dollar olacağını gözləyir.

Mərkəzi Bankda isə hesab edirlər ki, Azərbaycanda iqtisadi fəallıq yüksək olaraq qalır və onun perspektivləri ilə bağlı gözləntilər nikbindir: “2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul real ifadədə 6.2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 9.6 faiz artıb. İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri də təsdiqləyir. Belə ki, iyunda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sektorlarında yüksəlib. Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərir. 2022-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.9 faiz, qeyri-neft investisiyalarının həcmi isə 18.5 faiz artıb. Qeyri-neft ixracı isə 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 25.4 faiz artıb. 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin təsdiqlənməsi ilə dövlətin investisiya xərclərinin artırılması II yarımillikdə iqtisadi aktivliyə əlavə dəstək verəcək”.

Mərkəzi Bank tərəfindən yeni məsafədən kurslar hazırlanaraq istifadəyə  verilmişdir - BBN.az

AMB etiraf edir ki, iyunda mövsümi amillərin təsiri ilə istehlak bazarında deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam edib: “İyunda 0.1 faizlik deflyasiya ərzaq qiymətlərinin 1 faiz ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş verib. İllik inflyasiya 2022-ci ilin iyununda 14.2 faiz (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil edib. Orta illik inflyasiya isə 12.9 faiz olub. Baza inflyasiya iyun ayında illik 10.7 faiz, orta illik göstərici isə 9.7 faiz olub. Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. İyunda illik ərzaq inflyasiyası 20.6 faiz, orta illik ərzaq inflyasiyası isə 18.4 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7.4 faiz, orta illik 6.7 faiz artıb. Xidmətlər son 1 ildə 10.9 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası 10.3 faiz olub. Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1.7 faiz bəndi qeyri-ərzaq, 3.5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib”.

Mərkəzi Bank bildirir ki, xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır: “Dünya ərzaq qiymətlərinin iyunda 2.3 faiz azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9 faizi qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlib, qeyri-neft sənayesində azalıb. Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.

İnflyasiyanın başlıca azaldıcı monetar amili olan manatın nominal effektiv məzənnəsi 6 ayda 1.9 faiz möhkəmlənib. İyulda bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edəcək".

Azərbaycanda inflyasiya riskləri əsasən qlobal bazardan qaynaqlanır: “İnflyasiya riskləri qısa və orta müddətli dövrlər üzrə fərqlidir. Qısamüddətli dövr üzrə başlıca risklərə dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yenidən artması, tərəfdaş ölkələrdə inflyasiyanın artmaqda davam etməsi aiddir. Geosiyasi gərginliyin daha da yüksəlməsi və COVİD-19-a yoluxma hallarının artmasının ardınca dünyada sosial təcrid məhdudiyyətlərinin tətbiqi daşınma-logistika proseslərini yenidən çətinləşdirə bilər. Aparıcı ölkələrdə pul siyasətinin sərtləşməsi və qlobal iqtisadiyyatda fəallığın azalması əmtəə və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə bilər.

Orta və uzunmüddətli dövrdə isə inflyasiyanın dinamikası məcmu tələbin effektiv idarə edilməsindən və valyuta bazarındakı tarazlığın qorunmasından asılı olacaq. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq tətbiq olunacaq qayda əsaslı fiskal siyasət və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ortamüddətli dövrdə inflyasiya risklərini idarə etməyə imkan verəcək".

Qlobal ərzaq bazarında son aylarda müşahidə olunan ucuzlaşmanın Ukraynadan kənd təsərrüfatı məhsullarının kütləvi ixracının bərpası ilə davam edəjəyi gözlənilir. Bu isə ən azı 2022-ci ilin sonunadək Azərbaycana inflyasiya idxalında azalmanın baş verməsini şərtləndirəcək.

Dünya SAKİT,

“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR