İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiymətləndiricilərin işi də qiymətləndiriləcək - yeni qanunda nələr var?

681 30.09.2023 09:00 İqtisadiyyat A A

 

 

Azərbaycanda çoxlarının işi düşən, amma cəmiyyətin diqqət mərkəzində olmayan bir sahə var - qiymətləndirmə. Bu gün avtomobili ilə qəza edən şəxsdən tutmuş, həbs olunaraq əmlakı müsadirə olunan, əmlakını sığortaladan, özəlləşdirən, ipoteka ilə əmlak alan, boşanan, vərəsəlik hüququ yaranan şəxslərə qədər hər kəsin qiymətləndiricilərə “işi” düşür. Böyük əksəriyyətimiz məhz bu zaman qiymətləndirici işi ilə tanış oluruq: birimiz razı, birimiz narazı qalmaqla.

 

Yaxın vaxtlarda Azərbaycanda qiymətləndirmə fəaliyyətini tənzimləyən hüquqi baza tamamilə yenilənəcək. Belə ki, bu günlərdə Milli Məclisə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirələri başlayıb. Qanun Azərbaycanda qiymətləndirmə fəaliyyətinin Qiymətləndiricilər Palatası tərəfindən tənzimlənməsini nəzərdə tutur. Layihəyə əsasən, Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahandan keçəcəklər. Layihəyə əsasən, qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir.

Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Layihəyə əsasən, Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları yazılı testdən ibarət olmaqla, qiymətləndirmə fəaliyyətinin istiqamətləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçiriləcək.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır.

İxtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihəyə əsasən, bu Qanunda nəzərdə tutulmuş qaydada ixtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə ixtisas şəhadətnaməsinin surəti və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsi əlavə olunur. Müraciət edən şəxsdən əlavə sənədlər tələb edilə bilməz.

Qiymətləndirici tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və qiymətləndiricinin etik davranış qaydalarının tələbləri pozulduqda İntizam Komissiyasının rəyi əsasında Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti qiymətləndiriciyə töhmət; 3 (üç) aydan 1 (bir) il müddətinədək qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması kimi intizam tədbiri tətbiq edə bilər. Bu Qanunda göstərilmiş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan qiymətləndiriciyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.

Qiymətləndirici haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi gündən isə 1 (bir) il müddətində tətbiq edilir.

Barəsində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması haqqında qərar qəbul edilmiş qiymətləndirici həmin müddətdə Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə və Qiymətləndiricilərin İntizam Komissiyasına üzv seçilə bilməz.

Qiymətləndirici intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə qərardan məhkəməyə şikayət verə bilər.

Qanuna əsasən Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri iki dəfədən artıq seçilə bilməyəcək.

Layihəyə görə, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək. Məcburi qiymətləndirmə 2027-ci il iyulun 1-dən 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla biləcək.

Qanunda qiymətləndirmənin aparılmasına tətbiq ediləcək məhdudiyyətlər də yer alıb. Belə ki, qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz.

Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir.

Oxu.az - Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti  qalxacaq – MÜSAHİBƏ

Nüsrət İbrahimov: “Pərakəndəlik aradan qalxacaq”

 MBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, qanunun qəbulu son dərəcə zəruri idi: “Hələ 1998-ci ildə Azərbaycanda ”Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qəbul olunmuşdu. İki səhifəlik qanun idi. 2002-ci ildən sonra qanunda dəyişikliklərə ehtiyac yarandı. Çünki qanunla qiymətləndirici kimi fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyindən lisenziya alınması tələb olunurdu, amma 2002-ci ildə bu sahədə lisenziyalaşdırma ləğv edildi. Daha sonra hüquqi şəxs olaraq qiymətləndirmə fəaliyyəti göstərmək qadağan edildi və sair. Uzun müddət qanuna dəyişikliklər məsələsi qaldırıldı, 2014-cü ildən biz qərara gəldik ki, tamamilə yeni qanun hazırlansın. Çünki yeni şərtlər formalaşmışdı. O vaxtdan indiyədək 3 dəfə qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Nəhayət ki, bu layihə Milli Məclisin müzakirəsinə verilib. Qanunda əsas dəyişikliklərdən biri budur ki, qiymətləndirici fəaliyyəti ilə fiziki şəxslər məşğul olacaq. İkinci mühüm məsələ qiymətləndiricilərin fəaliyyətinin palata tərəfindən tənzimlənməsidir. Necə ki, Auditorlar Palatası, Vəkillər Kollegiyası var, eləcə də Qiymətləndiricilər Palatası olacaq, proseslər onun tərəfindən tənzimlənəcək. Nəhayət, əsas məsələlərdən biri də budur ki, indiyədək “qiymətləndirici kimdir” sualının dəqiq cavabını heç yerdə tapmaq olmurdu. Bu səbəbdən də böyük pərakəndəlik hökm sürürdü, istənilən şəxs qiymətləndirici kimi çalışa bilirdi. İndi qanunda bütün anlayışlar əksini tapıb: qiymətləndirici kimdir, qiymətləndirilən obyekt nədir və sair. Üstəlik, kimlər qiymətləndirici fəaliyyəti ilə məşğul ola bilərlər. Hesab edirəm ki, qanun qüvvəyə minəndən sonra 1-2 il ərzində bütün məqamlar həllini tapacaq".

N.İbrahimovun sözlərinə görə, qanun layihəsi ilə bağlı bir neçə təklifləri olub və onları İqtisadiyyat Nazirliyində keçirilən müzakirələrdə təklif ediblər: “Düşünürəm ki, həmin təkliflər də yekun variantda əksini tapacaq”.

Palata qiymətləndiricilərin fəaliyyətini məhdudlaşdırmayacaq ki? N.İbrahimov bunun əksini düşünür: “Əksinə, imtahan verib qiymətləndirici kimi fəaliyyət göstərən şəxslər üçün geniş imkanlar açılacaq. Qiymətləndirici fəaliyyəti sığortalanacaq, indiyədək bu məqan qanunvericilikdə əksini tapmamışdı”.

Vüqar Oruc: “Azərbaycan qiymətləndirmə sahəsində öz modelini yaradıb” |  Hokm.Az

Vüqar Oruc: “Qiymətləndirmə sahəsində tamamilə yeni mərhələnin əsası qoyulur”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, qanun layihəsi ilə bağlı təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim ediblər: “Biz Milli Məclisdə layihənin komitə müzakirələrində iştirak etdik. Yaxın günlərdə layihəni Cəmiyyət üzvləri ilə müzakirə edəcəyik. Hesab edirik ki, qanunun müəyyən təkmilləşmələrlə qəbulu vacibdir. Bununla bağlı təkliflərimizi Milli Məclisə də təqdim edəcəyik. Qanunun qəbulu son dərəcə vacibdir. Qiymətləndiricilər Cəmiyyəti olaraq bu sahədə fəaliyyətləri tənzimləyirdik. Lakin müxtəlif pozuntulara yol verən qiymətləndiricilərə münasibətdə hər hansı intizam tədbiri görmək səlahiyyətimiz yox idi. Qanun Qiymətləndiricilər Palatasına belə səlahiyyətlər verir. Cəmiyyətimiz 60-a yaxın qiymətləndirici şirkəti birləşdirir. Biz  Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində Azərbaycanı uğurla təmsil edirik. Azərbaycanda sertifikatlaşdırma prosesini bu qurumun tələbləri əsasında həyata keçiririk. Eyni zamanda Türk Dövlətləri Qiymətləndirici Təşkilatları Birliyində də Azərbaycanı təmsil edirik”.

V.Orucun dediyinə görə, rəhbəri olduğu cəmiyyət qanun qüvvəyə minib, Qiymətləndiricilər Palatası yaradılandan sonra da fəaliyyətini davam etdirəcək: “Cəmiyyətimiz Qiymətləndiricilər Palatasının fəaliyyətində aparıcı rol oynamağa çalışacaq. Qiymətləndirmə sahəsində qarşılaşdığımız problemlərin həllində yaxından iştirak edərək, onların aradan qaldırılmasına töhfəmizi verəcəyik. Qanunda bəzi müddəaların təkmilləşdirilməsini zəruri sayırıq, oktyabrın 7-də layihəni müzakirə edərək, təkliflərimizi verəcəyik. Ümumilikdə qanunun qəbulunu Azərbaycanda qiymətləndirmə sahəsində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndiririk”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR