İnsanlara hürriyət, millətlərə istiqlal!

Qisasa məcbur olmaq

1743 05.08.2022 09:40 Yazarlar A A

“Qonşu muncuğun oğurlayan gorda taxar”

(Azərbaycan ata sözü)

Davanın təzədən qızışması, Qarabağda, cəbhə xəttində atəşkəsin pozulması yaxşı hal deyil, hər iki tərəfdən ölənlər var, bu gənclərin ailələrinə yazıq oldu, ancaq deyəsən, Ermənistan bizim üçün başqa yol buraxmamışdı. Azərbaycan MN-in elan etdiyi “Qisas” əməliyyatı vaxtında atılmış addımdır.

Ortada təcrübə var. Biz vaxtilə separatçıların ağılsız hərəkətlərinə dözürdük, səbr edirdik. Avtobuslarımızı daşa basırdılar, içinə bomba qoyurdular, metromuzu partladırdılar. Hər cür həyasızlığa gedirdilər. Axırı nə oldu? Ara yerdə 25 ildən çox vaxt itirdik. Nə siyasi, nə iqtisadi təhlükəsizlik əldə edə bilmişdik. Cinayətkarlığın qarşısını vaxtında almalısan, gecikmək ağır nəticələr verir. 1988-ci ildə bizi deportasiya edəndə, öldürəndə bəzi “ziyalılar” xalqlar dostluğundan cəfəngiyyat yazırdılar. Guya biz cinayətkarla dost olmalıydıq.

Qisas qiyamətə qalmamalıdır. Sənin bir əsgərini öldürüblərsə, əvəzində üçünü vurmalısan. Yoxsa başa düşmürlər. Hörməti, barışıq əlini qorxaqlıq sayırlar. Necə ki, 25 il atəşkəsə dözməyimizi qorxaqlığa yozmuşdular. 44 gündə sabun köpüyü kimi partladı o mif. Biz sadəcə barışıq istəmişdik.

İndi də neçə vaxtdır təkid edirik, dəhlizləri açmaq istəyirik. İqtisadi mənfəətlər təklif olunur. Yollar, cığırlar açılsın. Onlarsa yollara mina düzür. Yenə də. Gizlicə düzürlər. Bu işdə beynəlxalq əlaltıları da var. İçində yalandan imamlara göz yaşı axıdanları belə var.

Yaşlı adamların yadına gələr, 1980-ci illərin ortalarında ABŞ Qəraib dənizindəki balaca Qrenada adasını basıb almışdı. SSRİ neçə il bizim baş-beynimizi o “işğalı” pisləməklə apardı. Qəzetlər, televiziya, məktəb iclasları, zavod konfransları... Hər yerdə Sem dayı söyülürdü. Ancaq heç deyən yox idi ki, ABŞ niyə bu adaya girməyə məcbur olub. Bunu biz sonralar, SSRİ cəhənnəmə vasil olanda öyrəndik. Öyrəndik ki, Ronald Reyqan qətiyyət göstərməsəydi, ABŞ-ın burnu ucunda təzə “kommunizm yarası” açılırdı. Qrenadada çevriliş edib başçını öldürənlər də əslində solçular olmuşdu. SSRİ və Kubanın dəstəyi ilə. ABŞ bunu önləməyə məcbur olmuşdu. 1989-da ABŞ-ın Panamaya hərbi müdaxiləsi də hardasa oxşar səbəblərdən idi.

1982-də Argentina hərbi xuntası “balaca və sürətli qələbə” üçün Folklend adalarına girəndə Marqaret Tetçer “dəmir ledi” adına layiq olduğunu göstərdi, onları qovub çıxardı.

İndi Nensi Pelosinin Tayvan səfərindən sonra bəzi müşahidəçilər bunu “köhnə, ürəkaçan Amerikanı yada saldılar” deyə şərh etdilər. Çinin totalitar rejiminin hədələrindən heç qorxmadılar.

Belə də lazımdır. Putini Krımın işğalından sonra əzişdirsəydilər, indiki işğal, Ukraynanın başına açılan faciələr olmazdı.

Erməni terror qrupları ötən əsrdə Türkiyə diplomatlarına gizli savaş açmışdılar. Öldürmədikləri konsul, səfirlik əməkdaşı qalmamışdı. “Etmə, eləmə” qanmırdılar. Türklər buna çox dözmədilər, özləri gizli yollarla erməni terrorçuları dənləməyə başladılar. Yalnız bundan sonra terror dayandı. İsrail də terrorla mübarizədə illərdir bu yolu tutub, çünki başqa yol yoxdur. Terrorçunun, istər şəxs olsun, istər dövlət, nazıyla çox oynamaq olmaz. Cinayətkar cəzasız qalanda cəmiyyət pozulursa, cinayətkar dövlət cəzasız qalanda da beynəlxalq düzən pozulur.

Son gərginlik Laçın dəhlizi üzrə razılaşmanın pozulmasına görə yaranıb. Üçtərəfli bəyannaməyə görə ermənilər Laçın şəhərini və dəhlizi boşaltmalıdır. Biz onlar üçün əziyyət çəkib ayrı yol da çəkmişik. Lakin cığallıq edirlər. Deyirlər bu yol bizimlə razılaşdırılmayıb. Nə edək? İndi Ermənistan-Xankəndi yolunu Şamaxıdan fırladıb gətirək, razı qalsınlar? Çox axmaq iraddır. Təzə yol yetərincə normal yoldur, hələ köhnədən də yaxşıdır. Deyirlər təzə yola birləşdirmək üçün Ermənistan ərazisində yol yoxdur. Məncə, bu zəhlətökənliyi bitirmək üçün biz Ermənistanda da yol çəkə bilərik. Problem yoxdur. Lap İrəvana qədər yol çəkərik. Beş aşağı, beş yuxarı, xərcimizin onsuz miqyası bilinmir. Bu da olsun “Strasburq kilsəsinin təmiri”, Vatikanda qazıntılar, nə bilim, Hindistanda məktəb. Yeri gələndə ermənilər qonşumuzdur, onlara yol çəkməyib, kimə çəkəcəyik? Bircə ağıllı olsalar, barışıq tərəfdarı olsalar... Köhnə vaxtlarda, rus gələnəcən yaşadığımız kimi yaşayardıq.

Sözgəlişi, dinclik tərəfdarı olmağımız son əməliyyatda dron vuruşunun videosundan da görünürdü. Bu, öldürməkdən çox, xəbərdarlıq vuruşu idi, çünki operator erməni əsgərin örtülü səngərə girməsini xeyli gözlədi. 2020-ci ildə belə gözləmirdik. Bunu da ümid edirəm nəzərə alanlar var - sərhədin o tayında.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR