İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qisas əməliyyatı”- qanunsuz hərbi birləşmənin 5 üzvü buna görə məhv edildi

2425 28.06.2023 15:52 Siyasət A A

 

"Demək olar ki, hər dəfə danışıqlar ərəfəsində təxribat törədilir. Məqsəd taktiki deyil, siyasi hədəfə nail olmaqdır".

Bu fikirləri Musavat.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspert Ermənistan və onu dəstəkləyən qüvvələrin danışıqlara getmək istəmədiyini vurğulayıb:
"Danışıqlara təzyiq göstərmək üçün danışıqlar predmetini ikinci plana çəkmək istəyirlər. Bunun üçün yeganə üsul atəşkəsi pozmaqdır. Belə olan halda da danışıqlar zamanı gərginliyin aradan qaldırılması yolları razılaşdırılır. Təxribatların davam etdiyi zamanda sülh müqaviləsinin imzalanması isə real görünmür. Ermənistan həm işğal dövründə, həm Qarabağ azad edildikdən sonra belə davranıb. Bu vəziyyət öhdəliklər haqqında sənəd olmadığı müddətdə davam edəcək. Təxribatların coğrafiyası genişdir: Tovuz, Kəlbəcər, Şərqi Zəngəzur, Naxçıvan, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər. Ermənistana sadəcə gərginlik lazımdır, sərhədboyu, sərhədə yaxın bölgədə gərginliyin olması sülh müqaviləsinin imzalanması üçün maneələr yaradır".

Polkovnik hesab edir ki, Azərbaycana təzyiq göstərən qüvvələr var. O, yaxın tarixə nəzər salaraq gürcülərin anti-terror əməliyyatı keçirdiyini xatırlatdı:

"Əməliyyat dayandırıldı, referendum keçirildi, ərazilər Rusiya tərəfindən mənimsənildi. Analoji proses Ukraynada da baş verdi. Rusiyanın eyni addımı Azərbaycanda da atacağı istisna olunmur. Rusiya sülhməramlılarının xidmət dövrü 2 ildən sonra bitir. Buna görə də biz istər-istəməz anti-terror əməliyyatını razılaşdırmalıyıq. Əks halda, döyüşlər hər hansı formada dayandırıla bilər. Əgər Qarabağ erməniləri referendum keçirsələr, nəticəni öncədən bilə bilərik. Bu halda risk daha da çoxalır. Ali Baş Komandan nəyi nə zaman necə etməli olduğunu bildiyini dəfələrlə bəyan edib. Məqam yetişsə, əmr veriləcək. Əgər hələ əmr verilməyibsə, deməli risklər var. Azərbaycan ordusu istənilən vaxt anti-terror əməliyyatı keçirməyə hazırdır. Üstünlük hər zaman Azərbaycanın tərəfində olub. Müəyyən mövqelərin neytrallaşdırılması, yerdəyişmə, yüksəkliklərin ələ keçirilməsi istisna deyil. Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin bütün hədəfləri bizim üçün legitim hədəfdir. Prinsip etibarilə 5 terrorçunun zərərsizləşdirilməsi anti-terror əməliyyatının bir hissəsi hesab oluna bilər. Azərbaycan ordusu istənilən təxribatın qarşısını alır, atəşkəsi pozan qüvvələri susdurur. Əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR