İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı Xaçın “qırmızı” dirənişi: Əliyev xəbərdarlığını etdi

1333 04.08.2023 12:01 Gündəm A A

Xankəndi ofisi ya Bakıya tabe olacaq, ya da...; Fikrət Yusifov: “Əfsus ki, bu qurum ”ilana zəhər verən kərtənkələ" rolunda çıxış edir"

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına  müsahibəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ərazimizdəki, yumşaq desək, xoşagəlməz fəaliyyətinə də toxunub (BQXK-nin azərbaycanlılara ikili münasibəti, 44 günlük müharibə zamanı belə, separatçı-işğalçılara ölkəmiz və ordumuz əleyhinə qanunsuz kömək, kəşfiyyat dəstəyi verməsi haqda mətbuatda dəfələrlə yazılıb). 

Prezidentin müsahibəsindən sitat: “Təəssüflər olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar... Lakin bu yük maşınlarının da, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”.

Və ən mühümü. “Əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə ”Qarabağ Azərbaycandır" söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir", - İlham Əliyev xəbərdarlıq edib.

Bəli, məhz legitim tələb! Demək, BQXK-nin ona əməl etməsi onun boyun borcudur! Bəs bu tələb nə vaxt reallaşacaq, Azərbaycan daha nə qədər gözləyəcək? Suverenliyimizə və ərazi bütövlüyümüzə açıq saymazlıq edən “Qırmızı Xaç”ın “qırmızı” dirənişinə qarşı Bakının kontr-addımları nə ola bilər?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bu təşkilat qarşısında Azərbaycan tərəfin heç bir öhdəliyinin olmadığını söylədi: “İkinci Qarabağ savaşındakı qələbədən və Azərbaycan diplomatiyasının beynəlxalq siyasi müstəvidə atdığı uğurlu addımlardan sonra dünya, Ermənistan da daxil olmaqla, ”Qarabağ Azərbaycandır" dedi. Belə olan halda heç kim öz torpaqlarımızda nə edib-etməyəcəyimizlə bağlı bizə yol göstərə bilməz. Odur ki, fəaliyyətinin mahiyyəti humanitar yardımla bağlı olan ictimai bir təşkilatın - Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan torpaqlarında gördüyü bütün işlər də Azərbaycan qanunlarının yol verdiyi “qırmızı xətt” çərçivəsində ola bilər. Bundan artığı yolverilməzdir. Müstəqil bir dövlətik və bizim Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi ictimai bir təşkilat qarşısında heç bir öhdəliyimiz yoxdur".

Sabiq nazir daha vacib məqamlara da toxundu: “Çox təəssüf ki, bu humanitar missiyalı beynəlxalq təşkilat Qarabağ torpaqlarımızda ermənilərin 30 il ərzində törətdikləri əməllərin dəstəkçisi - ”ilana zəhər verən kərtənkələ" rolunda çıxış ediblər. Belə olmasaydı, Qırmızı Xaç Komitəsi erməni fitnəsi nəticəsində başlanan münaqişədə 30 il ərzində itkin düşmüş 4000-dən çox soydaşımızın axtarılıb tapılması istiqamətində ortaya normal bir nəticə qoyardı. Ancaq biz bunu illərdir görmürük.

Beləliklə, 30 illik münaqişə zəminində Qarabağdakı erməni separatçıları ilə işbirliyi qurmuş və tam erməniləşmiş bir təşkilatın suveren torpaqlarımızdan qovulmasının vaxtı tam yetişib. Bu gün Ermənistandan Xankəndinə humanitar yardım adı altında qeyri-humanitar yüklər daşıyan və bununla da Qarabağ torpaqlarımızda ermənilərin kompakt yaşadığı ərazilərdə münaqişəni alovlandıran bir “humanitar” təşkilat dərhal ərazimizi tərk etməlidir. Hesab edirəm ki, Azərbaycan hökuməti bununla bağlı bəyanat verib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisinin 3 gün müddətində, bu təşkilatın İrəvan ofisinin tabeliyindən çıxarılaraq, Bakı ofisinin tabeliyinə verilməsini tələb etməlidir. Əks halda missiyası humanitar yardımlar ola-ola, torpaqlarımızda tamamilə başqa çirkin əməllərlə məşğul olan bu təşkilatın İrəvandan Xankəndinə uzanan yolu tam bağlanmalı və Qarabağ ərazisində onun fəaliyyəti yasaqlanmalıdır. Düşünürəm ki, biz bununla da kifayətlənməli deyilik. Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında şərt qoyulmalıdır:  əgər bu ictimai təşkilat Azərbaycan ərazisində qanunlarımıza hörmət qoymadan fəaliyyətini davam etməyə cəhd edəcəkdirsə, o halda Azərbaycan hökuməti təşkilatın Bakı ofisinin bağlanması məsələsini gündəmə gətirəcək. Bir sözlə, bu məsələdə yetərincə qətiyyətli olmalıyıq. Dünya güclərinin, şimal, cənub qonşularımızın 30 il ərzində Qarabağ probleminin həllində ikili standartlara söykənərək apardıqları oyunlara, erməni separatçılarına hər formada göstərdikləri dəstəyə baxmayaraq, biz erməni-rus birliyinin Qarabağ torpaqlarımızda 12 min gündə yaratdıqları hərbi mifi 44 gündə yerlə-yeksan etdik.

Müharibənin son günündə erməni silahlılarının necə qaçdığını, Şuşa qalasını necə fəth etdiyimizi, 70-dən çox kəndi necə azad etdiyimizi, yəqin ki, heç kim unutmayıb. Əgər böyük qardaşları hayların haylarına gəlməsəydi, nələr olacaqdı, bunu da hər kəs yaxşı bilir. Bu qədər nəhəng uğura imza atan Azərbaycan, xaça söykənərək torpaqlarımızda həyasızlıq etmək istəyən üzü qırmızı bir təşkilatın məsələsini də bir neçə gün ərzində qətiyyətlə həll etməlidir. Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemi üzərində olan maşınlarda erməni millətindən olan şəxslər Xankəndinə qeyri-humanitar yüklər daşıyırsa, bu, ermənilərin deyil, birbaşa Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin və bütövlükdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərliyinin günahıdır. Əgər onlar bu məsələdə öz günahlarını səmimi etiraf etmək istəmirlərsə, deməli, bu əməllər bilavasitə onların razılığı ilə törədilib.

Heç şübhə etmirəm ki, 44 günlük savaşdan sonrakı illərdə Qarabağa daşınan və Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların böyük bir qismi də Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə “daha təhlükəsiz” formada Xankəndinə daşınıb. Görünən budur ki, üzərində beynəlxalq humanitar adı yazılan bu təşkilatın İrəvan və Xankəndi ofisləri ermənilər tərəfindən tam özününküləşdirilib".

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi » Avrasiya.Net

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da təşkilat barədə çox sərt danışdı: “Qırmızı Xaçın qırmızı dirənişi” ifadəsini yerində işlətdiniz. 30 ildir ki, ermənilər bizə zülm edir, Qırmızı Xaç isə bizə qarşı ədalətsizlik edir. Qarabağ Azadlıq Təşkilatı olaraq onların bu ədalətsizliyini həmişə görmüş və demişik. Ramil Səfərovun olayı zamanı dəfələrlə sərt qarşıdurmamız oldu, Mübariz İbrahimovun nəşinin geri qaytarılması tələbilə onların nümayəndələri ilə bir neçə dəfə görüşdük. Amma nəticəsi olmadı, axırda darvazalarını zəncirləyib qıfılladıq ki, fəaliyyətinizi dayandırın, çıxın gedin. Dilqəm və Şahbazla bağlı da çox təmaslarımız oldu, həmişə də biganəliklə rastlaşdıq. O vaxtlar biz onların ofisini casus yuvası adlandırırdıq. Onlar Azərbaycana qarşı casusluqla məşğul idilər. Bu gün hər şey aydın oldu, ifşa olundular. “Xəstə” adı altında terrorçu erməniləri daşıyırlar, qaçaqmalçılıqla məşğuldurlar. Qarabağ ofisini İrəvana tabe etmələri də onların qərəzli mövqeyini bir daha təsdiq edir. O vaxt onlardan hansısa işi xahiş edəndə deyirdilər ki, adi QHT-yik, nə edə bilərik. Amma ermənilərə gələndə əjdahaya dönürdülər. Bir də adi QHT-nin bu qədər imkanları hardandır? Bildiyimə görə, dünya üzrə 20 mindən artıq əməkdaşı var, hamısı da yüksək maaş alır, dünyanın əksər ölkələrində bahalı ofislər saxlayırlar. Cənab Prezident tamamilə doğru məqamları vurğulayır. İlk olaraq Qarabağdakı ofisi Bakıya tabe etməlidirlər. Ümumiyyətlə isə, bu casus yuvasını ləğv etmək də olar. Bizim onlara ehtiyacımız yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR