İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzetləri və arqumentləri kəsən iqtidar baltası...

2569 12.11.2013 19:42 Yazarlar A A
Marafonun ilk günü bitdi. Təxminən 1100 abunə! Cəmi bir marafon günündə! Bu hadisədə önəmli olan heç say da deyil; bu qədər tanınmış simanın, demokratik düşərgənin sıravi üzvlərinin, partiya liderləri və funksionerlərinin, millət vəkillərinin bu qədər cani-dildən, həm də sevə-sevə öz qəzetlərinə dəstək vermələridir. Azərbaycan mətbuatı tarixində bir ilkdir bu abunə marafonu. Həm də cəmiyyətin, ziyalı və siyasi elitanın müqavimət aksiyasıdır ; xalqa, dünyaya və ölkə iqtidarına mesajıdır.
Mövcud iqtidar müxalif medianı boğmaq üçün hərəkətə keçib. Səbəbini anlamaq çətindir. Çünki seçki kampaniyası arxada qalıb, hakim düşərgə heç bir müqavimət, iğtişaş, təlatüm olmadan iqtidara şəriksiz sahiblənib: dünya birliyi, demokratiya paytaxtlarının hamısı onun legitimliyini qəbul edib. Hazırda Əliyev iqtidarının yeni dönəmdəki legitimliyini qəbul etməyən dünyadakı tək siyasi qüvvə Azərbaycandakı Milli Şuradır. Lakin iqtidar Milli Şuranı onun liderlərini və fəallarını deyil, ölkəsindəki tənqidçi medianı hədəfə götürüb. Əslində isə, bu davranış ona heç lazım da deyil. Niyə başını ağrıdır, əlavə səs-küy yaradır, diqqəti və qınaqları üzərinə çəkir, anlaşılan deyil. Məntiqlə hakimiyyət bu cür addımlardan qaçmalı, islahat görüntüsü (minimum) yaratmalı və açılımlara getdiyini, ya da gedəcəyini bəyan etməli idi. Lakin ortadakı hadisə məntiqdən uzaqdır; hər nədirsə onu idrak etmək çətindir...

Onsuz da zəiflədilmiş, heç bir iqtisadi gücü olmayan tənqidçi media əslində bu iqtidara hava-su kimi lazımdır. Ən azından, demokratiya arqumenti kimi. İqtidar texnoloqları “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin nəfəslərini kəsmək təşəbbüsləri göstərməklə, əslində özlərinin bütün dünya qarşısındakı arqumentlərini balta ilə kəsirlər. Azərbaycan prezidenti və komandasının digər təmsilçiləri “ölkəmizdə müstəqil və müxalifət mediası var”,  sözlərini sıx-sıx işlədirlər. Bu iki qəzet olmasa, bu sözlərin mənası da olmayacaq. Cümlənin quruluşu da dəyişəcək: “Azərbaycanda media var”, kimi...

“Yeni Müsavat” qəzeti düşdüyü krizisdən kiçik bir nəfəslik tapdı. Abunə marafonu, uğurla davam etdirsək,   qəzetimizin fəaliyyətini bir müddət sürdürməyə imkan yaradacaq. Lakin məsələ və problem həll olunmamış qalacaq. Çünki qəsdimizə durmuş bir hakim siyasət olduqca, bizim  vəziyyətdən tam çıxmağımız, özümüzü düzəltməyimiz mümkünsüz görünür...

****
“Yeni Müsavat”ın dayanmamaq üçün abunə kampaniyasına start verdiyi bir gündə  “Azadlıq” qəzeti dayandığını elan etdi. Üzücüdür; bu qəzeti o duruma salıblar ki, hətta satışdan gələn kiçik vəsaiti də həbs edirlər. Onun bank hesabları bağlıdır, üzərindəki məhkəmə cərimələri icraya yönəldilib; başqa bir yerdən yardım almaq imkanları da yox kimi... Qəzetin himayəçisi olan AXCP və redaksiyanın özü kampaniya başladıb – cəbhəçilər, oxucular, cəmiyyət üzvləri dəstək üçün para yığırlar. Lakin yetəri deyil. Bu səbəbdən də qəzet özünü dayanmış elan etdi. Bu, olduqca ciddi mesajdır, ağır hadisədir.
Ölkədə tirajı yüksək olan, yaxşı satılan iki qəzet var. Onların ikisi də basqı və təhdid altındadır. Tiraj və bazardakı tələbə görə ən yaxşı maddi vəziyyətdə olmalı olan bu qəzetlər ən acınacaqlı durumdadırlar. Çünki onların qəsdinə duran bir siyasət var.
“Azadlıq” qəzeti, onun rəhbərliyi və AXCP funksionerləri bu basabasda hər qədər “Yeni Müsavat”ı hədəfə götürsələr də, bizim keçirdiyimiz xilas kampaniyasını qaralamağa çalışsalar da; hətta bu boyda bir tədbirdən saytlarında bircə cümlə, bircə foto verməsələr də, biz bu olaya üzülürük, “Azadlıq”ın dayanmasını ölkəmizdə media məhşərinin başlanması kimi qiymətləndiririk. Çünki az sonra eyni tale bizi də gözləyir.

****
    
Bizə nəfəs aldıran, abunə və maddi dəstək kampaniyasını isə bu ayın sonuna qədər sürdürəcəyimizi bildiririk. Hədəf 3000 abunədir! Son 1 ayda bizim dövriyyədən bu qədər satılan qəzetimizi çıxarıblar. 

Metrodakı itkilərin yerini keçici olaraq (toplam bir aylığa) doldurduq, amma davam etməmiz üçün bütün düsturları yoxlamalıyıq. Yoxlayacağıq. Təslim olmaq niyyətimiz yoxdur.

12 noyabrdakı möhtəşəm media hadisəsinə - abunə marafonuna görə isə   təşəkkürlər, Azərbaycan Oxucusu, Ziyalısı, Siyasətçisi, Jurnalisti, Redaktoru, Lideri, İnanclısı, Vətəndaşı! Bu 24 ili boşuna keçirtmədik, anladığımız budur.
Təşəkkürlər Dostlar! Yaxşı ki, varsınız! 

Həm də var olmaqda davam edin ki, hələ  bizə çox lazımsınız.

Necə ki, “Yeni Müsavat” Azərbaycana lazımdı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR