İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətnamə sexi

1877 05.11.2022 09:50 Yazarlar A A

“Dövlət haqda ən dəqiq hökmü onun məhkəmə hökmlərinə baxmaqla çıxarmaq olar”

(Stanislav Yeji Lets)

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində elə həmin məhkəmədə hakim işləmiş bir yoldaşın məhkəməsi gedir, olduqca məzəli prosesdir. Təsəvvür edin, bu hakim dostumuz hazır qətnamələri... satırmış. Məhkəmə blankını boş şəkildə, möhürlü-ştamplı hazırlayıb saxlayırmış, kim müraciət eləsə, verirmiş.

Sənə işıq idarəsi çoxlu borc yazıb? 250 manat ver, idarənin qərarını ləğv eləyən qətnaməni al, apar, kef elə. Qohumlardan kimisə torpağından rədd eləmək fikrindəsən? 1000 manat gətir, kağız verim ki, bu torpağa dövri-Adəmdən üzü bəri səndən başqa bir ins-cinsin ayağı dəyməmişdir. Borcunu qaytarmırlar? 3500-ə həll edirəm.

Yuxarıdakı abzasda yazdıqlarım, türkün sözü, xəyal ürünü deyil, məhkəmə işindən çıxarışlardır. Ümumilikdə İlyas müəllim (hakimin adı böylədir) 18 nəfərə saxta pensiya sənədi, bir neçə şəxsə əlillik, hətta bəzi yoldaşlara guya Qarabağda savaşıb yaralanması haqda kağızlar düzəldibdir. Pis çıxmasın, Xızır İlyas kimi hər şeyi bacaran müqəddəs məhkəmə hakimiymiş. Bəlkə də bu dəqiqə Rusiya-Ukrayna davasını sülh yolu ilə başa çatdırmaq üçün İlyas müəllimə üz tutmaq lazımdır, pulunu verib qətnamə alırsan, görüm Putinlə Zelenski ona necə əməl etmir. İlyas müəllimin qovluğundan BMT-nin gələcək münaqişələrə aid 10 qətnaməsinin surəti aşkar edilib tərəfimizdən götürülmüşdür.

Məndə olan məlumata görə İlyas müəllimdə Ermənistanla sərhədimizin delimitasiya və demarkasiyası haqda hazır qətnamələr varmış, lakin cinayət işinin başlanması, hakimlikdən uzaqlaşdırılması bu milli, vətəndaş işini başa çatdırmasına mane olmuşdur.

Yeri gəlmişkən, mən İlyas müəllimin barəsində cinayət işi açılmasına və çox maraqlıdır ki, həmin işə məhz onun öz keçmiş iş yerində baxılmasına mənfi yanaşıram. Bu, açıq-aşkar maraqlar toqquşmasıdır. Sumqayıt məhkəməsinin digər hakimləri bəlkə İlyas müəllimin paxıllığını çəkirlər? İndi istəyirlər özləri qətnamə satsın, bazarı ələ keçirsinlər? Yaxşı olar Antimonopoliya Komitəsi bu məsələni nəzarətə götürsün. Cinayət işini Şəki, Lənkəran, Naxçıvan və başqa uzaq yerlərdəki məhkəmələrə tapşırmalıyıq. Hər halda, inanmıram Sumqayıtdan Şəkiyə qətnamə satmaqda nəsə fayda olsun. Oraların öz satıcıları və alıcıları var. Maşallah, bizdə regionlar inkişaf edir, sərvətlər bölgələr üzrə bərabər paylanır.

Ümumilikdə çoxdan anonsu verilən məhkəmə islahatları artıq yetişib, bəzən məhsul verir. Bütün sahələrimizdə yeniliklər olmuşdu, bircə məhkəmələr geri qalırdı, bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu. Həqiqətən, Sumqayıtda 250 manata hazır qətnamə almağın mümkünlüyü başqa şəhər və rayon məhkəmələrimizdə ciddi etirazlar doğuracaq. Elə rayon var orda qətnamənin aşağı yeri 1000 manatdan başlayır. Buna necə dözəsən? Əlbəttə, anlayırıq, dünyada iqtisadi böhrandır, Qara dənizdə taxıl daşıyan gəmilər çətinliklə üzür, Baltikdə borunu partlatdılar, Ekvadorda yağışlar isə banan yığımına əngəl törədir, ancaq niyə eyni məzmunlu qətnamə Sumqayıtda bir qiymətə, Lənkəranda başqa qiymətə, Bakıda üçüncü qiymətə olmalıdır? Əlaqədar orqanlar zəhmət çəksin, bunları tənzimləsin. Bu da Beyləqan quzusu ilə Balakən quzusu deyil ki, ətində fərq olsun? Qətnamə hər yerdə qətnamədir.

İslahatlara misal olaraq son günlər 2 vətəndaşın bəraət almasını göstərə bilərik. Onlardan biri 9 il günahsız yerə türmədə qalıb. İkincisinə isə polisin sifarişiylə 7 il yarım həbs cəzası kəsibmişlər, deyəsən türmədə 1 il qaldı, azad oldu. Biz qabaqlar belə əhvalatları Amerika məhkəməsindən çox eşidərdik. Hətta bir dəfə hansısa zənci 40 ildən çox türmədə qalandan sonra bəraət almışdı. Deməli, əlimizdə əsas var ki, məhkəmələrimizin sayəsində Amerikaya çatdığımızı yazaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR