İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin sülh ərəfəsində anti-Azərbaycan kampaniyasının sirri  

2848 17.05.2022 15:27 Gündəm A A

Britaniya səfirliyinin 14 may aksiyası ilə bağlı açıqlamasını piketdən 1 gün öncə və öz "arzularına" uyğun hazırladığı qənaəti formalaşır...


Qərbin uzun illərdir “demokratiya”, “insan hüquqları” üzərindən həyata keçirdiyi bir siyasət var. Daha dəqiq desək, ABŞ, Avropa lazımi məqamlarda bu faktorlardan dövlətlərə qarşı təzyiq aləti kimi məharətlə və özünə lazım olan formada istifadə edir. Məsələn, bir ölkədə Qərb dairələrinin özlərinin verdikləri təlimat üzrə aksiya keçirilir, polislə, hökumət qüvvələri ilə hansısa bir ciddi insident yaşanmır. Amma bəlli dairələr dərhal bəyanatı bəyanat dalınca yayırlar. Ki, bəs bu ölkə insan hüquqlarını pozur, repressiyalar həyata keçirir, qoymayın. Reallıqda isə belə hal faktiki baş verməyib.

Ancaq paralelində baxırsan ki, digər bir ölkədə müxalifləri, hansısa tələblə aksiya keçirənləri hökumət qüvvələri kameralar qarşısında döyür, işgəncə verir, həbs edir, ancaq Qərb dairələrinin səsi çıxmır. Nəinki bəyanat, heç bir “çırt” da olmur...
Bunun adına biz şərti olaraq ikili standartlarla yanaşma deyə bilərik. Ancaq bu yalnızca ikili standart deyil! Arxasında böyük çirkin məqsədlər, dağıdıcı mahiyyətli, eybəcər missiyalar, niyyətlər, planlar var...

Azərbaycana qarşı belə qərəzli və “qara missiyalar” zaman-zaman həyata keçirilib. Baş tutmayıb. Xüsusi ilə Qarabağ məsələsində güzəştlərə məcbur etmək üçün bu cür məkrli davranışlar olub, ancaq dövlətimiz bunların qarşısında əzmkarlıqla dayanıb, qalib gəlib.

Qarabağı 44 günlük müharibə ilə azad etdikdən sonra da bu cür hücumların davam edəcəyi proqnozlaşdırılırdı. Bu dəfə məqsəd Qarabağ Zəfərinə görə qisas almaqdır. Axı dünyanın bəlli çevrələri Azərbaycanın bu qələbəsinə imkan vermək istəmirdilər. Əldə etdik. Hamı xatırlayır ki, 44 günlük müharibə zamanı Azərbaycanın üzərinə kimlər gəlirdi. Onların cavabını Prezident İlham Əliyev lazimi səviyyədə elə müharibə günlərində verirdi – müsahibələrində, bəyanatlarında hər kəsə yerini göstərirdi...
Təbii, yenə ermənipərəst dairələr Azərbaycana bütün istiqamətlərdən hücuma keçərək, ölkəmizin bölgədə yaratdığı reallıqları pozmağa, zəiflətməyə, proseslərə əngəllər törətməyə çalışırlar. Və yenə də ənənəvi qaydada: “demokratiya və insan haqları” üzərindən məkrli planlarını icra etməyə başlayırlar.
Artıq bu istiqamətdə kampaniyaların təşkilinə start veriblər.

Bir müddətdir bəlli Qərb dairələri Azərbaycanda təsir dairəsində saxladığı müəyyən qruplar, şəxslər vasitəsilə xaotik aksiyalar təşkil etməyə çalışırdı. Lakin bir “tutacaq” tapmırdılar. Təəssüflər olsun ki, belə bir bəhanə əllərinə keçdi.
Jurnalist Aytən Məmmədovaya yaşadığı evin blokunda mayın 8-də, axşam saatlarında soyuq silahla hücum edildi. Ondan konkret olaraq açıqlamadıqları məhkəmə prosesi barədə yazmamaq tələb olunub. Hələlik bu cinayəti törədən tapılmayıb. Ona görə də məsələnin əsl mahiyyəti, məqsədi, əməli törədənin kimliyi haqda konkret fikir bildirmək çətindir. Bütün hallarda hökumət bu cinayəti törədəni tapmalı və məsələlərə aydınlıq gəlməlidir. Bu mübahisəsizdir.
Ancaq bu ehtimal da var ki, hadisə məhz Azərbaycanda qarışıqlıq yaratmaq istəyən bəlli dairələrin sifarişi, planı üzrə törədilə bilər. Belə hallara praktikada dəfələrlə rast gəlinib. Bu versiyanı gücləndirən faktlar, detallar mövcuddur.

Birincisi odur ki, hadisə baş verəndən dərhal sonra insidentin siyasiləşdirilməsinin şahidi olduq.
Artıq ayın 9-da müəyyən müxalifət partiyaları, “hüquq-müdafiə” şəbəkəsi və xaricdəki “bloger” dəstəsi bu kampaniyada mütəşəkkil hərəkət edərək, paytaxtda icazəsiz aksiya keçirmək üçün çağırışlar etməyə başladılar.

Adətən, Qərb ölkələrinin səfirlikləri, təşkilatları istənilən hadisə ilə bağlı bir neçə gün sonra bəyanatlar verirlər. İlkin araşdırma aparırlar, hökumətlə əlaqə yaradılarlar və s.
Ancaq indi tələsik açıqlamalar yayılmağa başladı. Mayın 9-da həm ABŞ Dövlət Departamenti, həm ABŞ-ın Azərbaycandakı səfirliyi A.Məmmədovaya hücumu pislədilər. Mayın 10-da isə kampaniyaya artıq beynəlxalq təşkilatlar – “Sərhədsiz Reportyorlar”, “Norveç Helsinki Komitəsi”, “Human Rights Watch” və s. qoşuldular.
Mayın 11-də isə mütəşəkkil etiraz kampaniyasının nəticəsi olaraq bir qrup şəxs mayın 14-nə etiraz aksiyası təyin etdi.
Bir maraqlı məqam da ondan ibarətdir ki, aparılan proses – insidentin siyasiləşdirilməsi, icazəsiz aksiyanın elan olunması ilk anlardan Qərbin nəzarətindəki media qurumları - “Amerikanın səsi” və “Azadlıq” radioları tərəfindən xüsusi olaraq diqqətdə saxlanılıb, informasiya dəstəyi verilib, sosial şəbəkə hesablarında hətta ödənişli olaraq işıqlandırılıb. Daha böyük kütləyə çatması üçün... Hətta bu media qurumları özləri aksiyaya çağırışlar edirdilər.
Sonuc olaraq isə aksiya gözlənilən effekti vermədi. Həm təşkilatçıların gözləntilərinin əksinə olaraq aksiyaya çox az sayda adam qatıldı, onlar da yalnız bu prosesi təşkil edən qruplar və onların yaxınları idi.

Hökumət qüvvələri də tamamilə adekvat davrandılar. Polis bütün aksiya boyunca təxribatlara çəkilsə də, bu planın baş tutmasına imkan verilmədi, hətta provokatorların polisi təhqir etməsinə də təmkinlə yanaşıldı. Məsələn, tutaq ki, Amerikada, Fransada istənilən bir etiraz aksiyasında polisi o cür təhqir edəni dərhal fiziki güc tətbiq edib, həbs edib aparırlar.

aksiya7.jpg (320 KB)
Faktiki Bakıdakı aksiyada heç bir insident olmadı, həbs, zorakılıq baş vermədi. Bunu təşkilatçılar özləri, jurnalistlər və müxalifət partiyalarının radikal təmsilçiləri də etiraf etdilər.

aksiya9.jpg (305 KB)

Belə olan halda Qərbdən gələn “insan haqlarını pozuntusu”, “zorakılıq” bəyanatları saxta məlumatlara söykənən qərəzli açıqlamalar kimi xarakterizə olunur.
Xüsusən Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiya ilə bağlı açıqlaması təəccüb doğurur. Səfirlik iddia edir ki, “may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb”, “zorakılıq” tətbiq olunub və s. Obyektiv təhlilçilər bunu “qızışdırıcı və təhrikedici mövqenin göstəricisi” kimi qiymətləndirir.
Belə bir təəssürat yaranır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib...
Xülasə, bu prosesdə Azərbaycana qarşı qərəz və qisasçılıqdan doğan məkrli kampaniyaların təşkilində ilk addımın şahidi olduq. Şübhəsiz, dayanmayacaqlar.
Burada bir məqamı da diqqətə çatdıraq ki, dövlətin müvafiq qurumları qarşıda daha həssas və peşəkarlıqla, sayıqlıqla davranmaqda davam etməlidir. Bədxahlara bəhanələr verilməməsi üçün bu mühümdür.

Qərb dairələrinin Azərbaycana “hücum” üçün bəhanə gəzdiklərini Ermənistanda son günlərdə baş verənlərə münasibətdə göstərdikləri susqunluq, “təmkin” də təsdiqləyir.
Günlərdir Ermənistanda aksiyalar keçirilir, hər gün müxalifətçiləri polis qüvvələri döyür, həbs edir. Buna dair yüzlərlə video və fotolar sosial şəbəkələrin erməni seqmentində, erməni saytlarında paylaşılır.

ututyuty-1652433013.jpg (307 KB)

Ancaq nə ABŞ, nə Böyük Britaniya, nə onların ruporu olan beynəlxalq təşkilatların səsi çıxmır. Əksinə, bəzən Ermənistanın dövlət qurumlarına haqq qazandırır, etirazçıları təmkinə, qanunsuzluqlar etməməyə dəvət edirlər. Azərbaycan münasibətdə isə icazəsiz aksiyada isə olmayan zorakılıqlara, “insan hüquqlarının pozulmasına” görə dalbadal bəyanatlar verirlər.

Beləliklə, jurnalistə basqın edilməsi üzərindən həyata keçirilən xaotik aksiyaların arxasındakı sirr pərdəsi götürülmüş olur. Heç şübhəsiz, burada Qərbdəki məkrli dairələrin əsas məqsədi budur: Sülh müzakirələri ərəfəsində belə fon yaratmaq istəyirlər ki, guya Azərbaycan dövləti insan hüquqlarına hörmət etmir, Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşlığına qayıtmaqdan buna görə narahat olur. Dərinliklərdəki niyyət belə “faktlarla” ermənilərin “status” utopiyasına dəstək verməkdir.

Bir nüansa da diqqət edək: bu dairələr anti-Azərbaycan planlarına "üzdəniraqları" - LGBT şəbəkəsini də qatırlar. De-fakto 14 may aksiyasında onların "bayrağı" da qaldırılmışdı. Mövzu Azərbaycana təzyiqdirsə, deməli. hər bir iyrnəc variantdan istifadə edəcəklər...

  
Sülh müzakirələri ərəfəsində Azərbaycana təzyiq göstərmək üçün bütün bəhanələrdən yararlanmaq cəhdləri çoxalacaq. Ona görə də hər kəs diqqətli, ayıq-sayıq olmalıdır.
Ümumən, yuxarıda da qeyd etdiyimiz kimi, Qarabağ qələbəmizə görə qisasçılığa köklənən dairələr də hərəkətə keçiblər. Çox həssas andır. İstənilən məqamda zərbə vurmağa çalışacaqlar. Odur ki, həm bədxahlara fürsət, bəhanə verilməməlidir, həm də vətəndaşlar bu oyunlarda bilərəkdən, bilməyərəkdən iştirakçı olmamağa çalışmalıdır.
Demokratiya pərdəsi altında 2000-ci illərdə Azərbaycan xalqını çox aldatmaq istəyiblər. Bu ad altında ölkəmizə qarşı təzyiqlər də məhz Qarabağa görə olub. İndi də ermənilərin əlini gücləndirmək üçün “insan haqları”, “demokratiya” tələsini qurmağa çalışırlar...

Biz bu “filmə” bir dəfə baxmışıq. Sonunda isə Qalib Azərbaycan olmuşuq. Daha çox güclənməyimizə əngəl planlarına da sipər olmalıyıq.

Elşad MƏMMƏDLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR