İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin “Qarabağ mürəkkəb münaqişədir” bəhanəsi - Onu “mürəkkəbləşdirənlər” bəlli

490 18.03.2023 08:58 Gündəm A A

Arzuxan Əlizadə: “Əleyhimizə qəbul edilən son hesabata baxın, sanki...”

Akif Nağı: “Onlar istədiklərini qəbul etdirənə qədər bizdən əl çəkməyəcəklər”

Xəbər verildiyi kimi, martın 14-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub. Ştaynmayer çıxışında həmçinin deyib:

“Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir. Ötən müddət ərzində irəliyə doğru bir neçə addım atılıb. Şarl Mişellə danışıqlar prosesi aparılıb”.

Sual ortaya çıxır: Qarabağ məsələsi niyə “mürəkkəb münaqişə” sayılsın ki, əgər onun kökündə, sadəcə, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əsassız iddia dayanırsa?

Təəssüf ki, Qərbin xristian təəssübkeşliyi və riyakar, ikiüzlü siyasəti ermənilərin bu iştahasının bitməsinə imkan vermir. Sözsüz ki, Rusiya da oxşar hədəfi güdür - öz maraqları çərçivəsində təbii iki. Sanki Azərbaycan dövlətinə daima “torba” tikmək istəyirlər. Burda əlbəttə ki, Türk və islamofobiya amilləri çox mühüm rol oynayır.

Təsadüfi deyil ki, erməni tərəfi, separatçılar tez-tez iddia edirlər ki, “Dağlıq Qarabağ məsələsi 44 günlük müharibədən sonra da beynəlxalq gündəlikdən düşməyib”. Bunu isə ən əvvəl belə əsaslandırırlar ki, vaxtaşırı bır sıra dövlətlərin rəsmilərinin və beynəlxalq qurumların açıqlama və bəyanatlarında “Dağlıq Qarabağ konflikti”, “Dağlıq Qarabağ” ifadələri yer alır.    

Bu arada məlumat yayılıb ki, Ermənistan müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin bölmə komandanlarına “Arstax respublikası” ifadəsini işlətməyi qadağan edib. “Təcili olaraq leksikondan ”Artsax respublikası" ifadəsi yığışdırılsın, əvəzinə yalnız “Dağlıq Qarabağ” ifadəsi işlədilsin", - Papikyan deyib.

Təəccüblü deyil. Çünki Qərbdə “Dağlıq Qarabağ” ifadəsi əvəzinə “artsax” işlədilmir. Yəni nazirin bu tələbi əsla Azərbaycana qarşı xoş niyyətdən qaynaqlanmır. Ona görə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında da inzibati ərazi vahidi yoxdur.    

Bəs Azərbaycan üçün bu vəziyyət təhdid kəsb edirmi və daha nə qədər sürəcək? Ərazi bütövlüyümüzə bu sayaq hörmətsizliyə son qoymaq və “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” ifadələrinin beynəlxalq leksikondan tam yığışdırılması üçün daha nələr eləməliyik?

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Qarabağ probleminin mövcudluğunda daha çox Rusiya amili əsas rol oynayıb: “Qarabağ probleminin olması, ermənilərin ərazilərimizdə muxtariyyət qazanmaları Rusiyanın proyekti olub. 30 ilə yaxın müddətdə ərazilərimizin işğal altında qalmasında da bu amil əsas rol oynayıb. Amma bir sıra beynəlxalq təşkilatlar da ərazilərimiz işğal altında qaldığı müddətdə ermənilərə dəstək verməyə davam edib. Yəni Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa konkret olaraq 30 ilə yaxın müddətdə problemin həll olunmasından daha çox işğal altındakı ərazilərimizin ermənilər tərəfə yönəlik rəsmləşdirilməsi siyasətini yürüdüblər. Beynəlxalq hüquq normalarına zidd olaraq bu problem uzadılıb. BMT-nin 4 qətnaməsi, Avropa Şurası və Parlamentinin bir sıra qərarları gözardı edilib.

Amma Azərbaycan 44 günlük savaşda ədaləti bərpa etdi. Bunu gözləmirdlər. Bu gün Türkiyə regionda əsas güclərdən birinə çevrilib. Artıq qardaş ölkənin gücü, nüfuzu dünya tərəfindən qəbul olunur. Bütün bunlardan ciddi narahatçılıq hissi keçirdikləri üçün Azərbaycanın üzərinə gəlirlər. II Qarabağ savaşda da bunun şahidi olduq. Əleyhimizə qəbul edilən son hesabata baxın. Sanki ermənilər tərəfindən yazılıb. Müşahidə missiyası adı altında sərhəd boyunca əslində Almaniya və Fransa jandarmı yerləşdirilir və bununla ermənilərə dəstək olunur. Amerikanın illərdir 2500-dən çox diplomatik korpusu Ermənistanda yerləşir. Bu da hər zaman ermənilərə dəstək kimi qəbul olunmalıdır. Ermənilərə sahib çıxmaq üçün Rusiya və Qərb arasında bir savaş gedir. Bu kontekstdə ölkəmizin üzərinə gəlinir.

Biz artıq dostlarımızın hansı ölkələr və kimlər olduğunu bilirik. “Dağlıq Qarabağ” ifadəsi heç bir halda işlənilə bilməz. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizin inzibati ərazi vahidliyində “Dağlıq Qarabağ” yoxdur. Öz gücümüzlə ərazilərimizi azad etmişik. Unitar dövlətik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz". 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu məlum dairələrin tezisləri kimi qəbul edir: “Bu sualın ən sadə və düzgün cavabı odur ki, 2020-ci ilin sentyabrında başlanılan işi davam etdirməliyik. Qərb, ”mürəkkəb münaqişə" ifadəsi ilə Azərbaycanın haqlı suallarından yayınmağa çalışır. Cavabı yoxdur. Ona görə də, bu cür yaxasını kənara çəkir. “Mürəkkəb” dedikdə nəyi nəzərdə tutduqlarını dilə gətirməlidirlər. Hər halda Gürcüstan və ya Ukrayna ilə müqayisədə sadə bir məsələdir. Amma həmin mürəkkəb məsələlərdə mürəkkəbliyi düşünmədən “aydın” mövqe tuturlar. Biz bu Qərb deyilənlərin fikrini görməzdən gəlməli, əhəmiyyət verməməliyik. Biz onların dedikləri ilə hərəkət etdikcə, bir az da irəli gedir, yeni tələblər irəli sürürlər. O zaman onlar istədiklərini qəbul etdirənə qədər bizdən əl çəkməyəcəklər.

Bu, məlum dairələrin məlum tezisləridir. Yuxarıda dediyiniz ifadələr artıq leksikondan çıxıb. Çalışmalıyıq ki, geri qayıtmasın. Bunun üçün həmin ifadələrin işlədildiyi masanı dərhal tərk etməliyik. Ümumiyyətlə, masa formatından imtina etməliyik. Nə qədər görüşmək olar? Nə qədər Paşinyanın, Mirzoyanın, hər hansı bir digərinin sayıqlamalarına qulaq asmaq olar? Şərtlərimiz bəlli, imza atırlarsa, gəlsinlər. Əks halda, ən azından antiterror əməliyyatına başlamalıyıq. Başqa bir yol düşünmədən vaxt itirməyin mənası yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR