İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbə İranda rejim dəyişikliyi lazımdır, Güneyin haqları yox! - Pəhləvini qabağa verənlərin hədəfi

757 28.02.2023 08:00 Siyasət A A

“Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Qərbin ən böyük hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdır. Buna görə Qərbdə İrandakı rejimə alternativlərin axtarışları intensivləşib”.

Bu fikirləri Atlas Araşdırmalar Birliyinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, ABŞ-da yaşayan Rza Pəhləvi bu səbəbdən fəallaşıb: “O, əvvəlcə Vaşinqtonda forum keçirdi, bir neçə gün sonra Münhen Təhlükəsizlik Konfransına dəvət olundu. Pəhləvi Qərbə özünü İran rejiminə alternativ kimi sırımağa çalışır. Güney azərbaycanlılar və İrandakı digər etnik qrupların təmsilçiləri şah rejiminin də zorakılıqlarını unutmayıblar. İndiki rejim kimi Pəhləvilər də qatı fars millətçi kəsimini təmsil edirlər. Güneydə bizdən narahat olmasınlar ki, Azərbaycanda Pəhləvilər haqqında məqalələrin sayı artıb. Oxuduğum yazılarda Pəhləvi haqqında heç bir müsbət fikir tapmadım. Ancaq orası da var ki, Rza Pəhləvi real fiqurdur və onunla Qərbdə hesablaşırlar, İranda şah rejiminin nostalgiyası ilə yaşayanları da unutmayaq”.

Qeyd edək ki, az öncə Pəhləvi Tehrandakı səfirliyimizə hücumu pisləmişdi. Lakin bu, hələ heç nə demir. Məhz Güney Azərbaycanın, oradakı soydaşlarımızın taleyinə, təməl haqlarına münasibət istənilən iddiaçı haqda çox şeyi bəlli edəcək.

Əhməd Obalı: "İlham Əliyevin çıxışları güneyliləri çox sevindirir"

Əhməd Obalı: “İranda Rza Pəhləvinin sevilmə və ya seçilmə şansı yoxdur”

Günaz TV-nin rəhbəri  Əhməd Obalı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Əhməd Obalı qeyd edib ki, Rza Pəhləvinin fəallaşması və yaxud fəallaşdırılması reallıqdan uzaqdır: “Rza Pəhləvinin fəallaşması və yaxud fəallaşdırılması haqqında deyə bilərəm ki, görüntülər həqiqətən fərqlidir.

Əvvəla, Rza Pəhləvi hər zaman, həmişə İranda hər hansı etirazlar olanda və yaxud dalğalar yarananda tez ona əl uzatmağa çalışıb. Çünki özü 3-4 dəfə dalğa, etiraz yaratmağa çalışıb, lakin buna nail ola bilməyib. Ona görə də indiki zamanda Rza Pəhləvinin fəallaşması normaldır, yəni keçmişdə də belə olub, indi də bu dalğadan istifadə etməyə çalışır.

Qaldı ki, onun Qərb və yaxud başqa dövlətlər tərəfindən fəallaşdırılmasına, belə görünə bilər, amma əslində real deyil. Qərb bundan əvvəl İran əsilli xanım jurnalist və insan haqları fəalı Məsih Əlinejadı fəallaşdırmağa çalışdı. Yəni söhbət  Rza Pəhləvidən və yaxud Məsih Əlinejaddan getmir, kim İran rejiminin əleyhinə aktiv olur, gündəliyə çıxardırılmış kimi görünə bilər, amma əslində bu dövlətlərin işi deyil".

“Qərb Rza Pəhləvini hakimiyyətə gətirə bilərmi, bu zaman hansı proqnozlar ola bilər?” sualımıza isə Əhməd Obalı bu cür cavab verdi: “İranda Rza Pəhləvinin seçilmə və yaxud sevilmə şansını ölçmək çox asandır, yetər ki, İran cəmiyyətinin tərkibini bilək.  İranda çox millətlər yaşayır. Bəluç, ərəb, lor bəxtiyari, kürd, Azərbaycan türkləri, gilək, mazəndarani, türkmən və fars - İranda bunlar əsas millətlərdir ki, hərəsinin heç olmasa milyon üzvü var və onlar  öz torpaqlarında yaşayırlar. Məsələn, ərəblər Ərəbistanda, bəluçlar Bəluçda, azərbaycanlılar Azərbaycanda, İranın şimalında giləklər Gilanda, farslar isə səhranın ətrafında, mərkəzdə yaşayırlar. Bu millətlərə bir-bir baxanda deyə bilərik ki, Rza Pəhləvinin orada nə seçilmə, sevilmə, nə də pozitiv rəy vermə şansı var. Məsələn, bəluçlar mümkün deyil ki, Rza Pəhləviyə səs versinlər, ərəblər də mümkün deyil, nadir halda, 2 mində bir ərəb tapılar ki, Rza  Pəhləviyə qarşı müsbət fikri olsun, o da əlbəttə ki, olarsa. Həmçinin kürdlər, lorların ona qarşı münasibəti yaxşı deyil.  Azərbaycanlıların yüzdə doxsanı, hətta daha artığı Pəhləvini istəmir. Giləklər də eyni, mazəndaranlar isə Rza Pəhləvidən, ümumiyyətlə, nifrət edirlər. Farsların öz içində də, təxminən 70 faizi Rza Pəhləvini istəmir. Beləliklə, bunları hesablayanda görürük ki, İran milləti tərəfindən Rza Pəhləvinin hakimiyyətə gəlmə şansı yoxdur. Lakin Rza Pəhləvi quldurluqla gətirilə bilər  və yaxud başqa seçim olmadığı üçün millət məcbur olub "molla olmasın eybi yox, bu olsun" deyə bilər. Yalnız  burada onun bir şansı var".

Əhməd Obalı qeyd edib ki, əgər Rza Pəhləvinin hakimiyyətə gətirilmə şansı yaranarsa, onun gəlişi ilə İranda vətəndaş müharibəsi yaranacaq: “Hamı bilir ki, Rza Pəhləvi qaniçənlərdən biridir, qeyri-farslara zülm edən onun sülaləsi olub. Əslində assimilyasiya sistemini onlar gətiriblər. Bu sülalə keçmişdəki rejimini davam etdirəcək, bu da bizim üçün təhlükəli, mənfi amildir. Bu baxımdan, Rza Pəhləvinin nə gəlməsinə şans var, gəlsə də əlbəttə ki, onu istəməməliyik”.

Əhməd Obalının sözlərinə görə, Qərb dövlətləri də Rza Pəhləvinin hakimiyyətə gəlməsini zənn etmir: “Məsələn, mən Amerikada yaşadığım üçün deyə bilərəm ki, amerikalılar Rza Pəhləvini ciddi fiqur kimi görmürlər. Qərb dövlətləri bilir ki, artıq 20-ci deyil, 21-ci əsrdir. İndi hər hansı güclü bir dövlət başqa bir dövlətin daxili işinə o qədər də müdaxilə edə bilmir. Əfqanıstan, İraq  buna misaldır. Amerika nə qədər müdaxilə etsə də həmin ölkələrə demokratiya gətirə, milli dövlət qura, istədiyinə nail ola  bilmədi. Xalq  özü nə istəyirsə, sonda o önəmli olur. Əlbəttə ki, Qərbin, propoqandanın təsiri var. Lakin xalq istəmirsə, Amerika gəlib xalqın əleyhinə ora kimisə güclə hakimiyyətə gətirə bilməz. Xalq artıq bundan bezib”.

Şeirlər - Sayman ARUZ | Edebiyyatqazeti.az

Sayman Aruz: “Pəhləvi sülaləsinin azərbaycanlılara, Türk dünyasına qarşı törətdiyi cinayətləri heç kəs unutmayıb və unutmayacaq da”

Güney Azərbaycan İcmasının təsisçisi və sədri, güneyli yazar Sayman Aruz isə mövzuya bu cür rəy bildirdi: “Qərb boşluqdan istifadə edib, çox şey edə bilər. Çünki onlar üçün İranda insan haqlarının heç bir əhəmiyyəti yoxdur, onlar üçün əsas odur ki, İranda elə bir  şəxs hakimiyyətə gəlsin ki, onların iqtisadi-siyasi, ictimai maraqlarını təmin etsin.

Pəhləvi sülaləsinin azərbaycanlılara, türk dünyasına qarşı törətdikləri cinayətləri heç kəs unutmayıb və unutmayacaq da.  Çünki bütün razılaşmalara rəğmən yeganə milli dövlətimizi quranları qanlarına qəltan, məhv etdilər, soyqırım törətdilər, torpaqlarımızı da işğal etdilər. Bu, tarixdən silinməyən bir qara ləkədir. Buna görə  də güneyli azərbaycanlılar Rza Pəhləvi məsələsi ilə qətiyyən razılaşmır, razılaşmayacaqlar da. Yəqin ki, sona qədər də bununla mübarizə aparacaqlar".

Sayman Aruz qeyd edib ki, sonuncu Qacar şahı Əhməd Şah Qacarın oğlu Babək Mirzə Qacar da İranda hakimiyyətə maraqlıdır: “O, özünü İranın şahı hesab edir. Əslində onun iddiası daha doğrudur, çünki Qacar sülaləsi bizə daha yaxın olub. Niyə biz Babək Qacara dəstə verməyək, onu Rza Pəhləvinin qarşısına dirçəltməyək? Əgər biz Babək Qacara dəstək versək, Rza Pəhləvini neytrallaşdırmış olarıq”.

Sayman Aruz Rza Pəhləvinin Azərbaycanın Tehrandakı səfirliyinə olan hücumu pisləməsinə də mövqe bildirib: “Əvvəla, mən şəxsən  Rza Pəhləvinin dilindən terror sözünü eşitmədim. Azərbaycanın səfirliyinə hücum terror aktı idi. İran rejimi də bu hadisəni şəxsi məişət zəminində hücum adlandırmışdı. Əlbəttə ki, hücum terror demək deyil. Rza Pəhləvi, sadəcə, iştirak etdiyi konfransın gərəyi olaraq bu mövqeyi ortaya qoydu. Yoxsa  mən inanıram ki, seçim nöqtəsində o, yenə də azərbaycanlıları öz qarşısına alacaq, istənilən sərt reaksiyanı verəcək, bizim azadlıq, ana dilimiz, ana dilində məktəblərin açılması məsələsinə qəti razı olmayacaq. Hesab edirəm ki, Rza Pəhləvi hakimiyyətdə olsa, indiki molla hakimiyyətindən daha sərt mövqe ortaya  qoyacaq.

Hər şey açıq-aşkar ortadadır. Onun keçmiş müsahibələrinə baxsanız görərsiniz ki, Rza Pəhləviyə İranda dil məsələsi ilə bağlı sual verilib, o da çox kəskin mövqe ortaya qoyaraq, bildirib ki, İranda fars dili dövlət dilidir, başqa dil və ya başqa dildə məktəblərə icazə  vermək olmaz. Bunun müqabilində mən o adam necə inana bilərəm ki, gəlib normal, sağlam mövqe ortaya qoyacaq. Pəhləvilərin Azərbaycan xəyanəti həmişə olub, olacaq da. Onların fikirlərini dəyişməsi heç vaxt mümkün deyil".

Güney Azərbaycanlıların tək çarəsi öz milli dövlətini qurmaqdır » BAYRAQDAR  MEDİA

Çingiz Göytürk: “Şahın oğlu Rza Pəhləvinin Münhendəki konfransa dəvət edilməsi son dərəcə düşündürücü və diksindiricidir”

Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib: “İran müxalifətinin lideri kimi keçmiş şahın oğlu Rza Pəhləvinin həmin konfransa dəvət edilməsi son dərəcə düşündürücü və diksindiricidir, İranda yaşayan millətlərin iradəsinə qarşı mənfur planların da işə salındığının xəbərçisidir. Ötən ilin sentyabrında başlayan və bu günə qədər davam edən etiraz aksiyalarının inqilabi mahiyyətinə, səslənən şüarlar və tələblərin məzmununa baxdığımız zaman Rza Pəhləvi kimi bir şəxsin bu hərəkatı təmsil etməsinin mümkün olmadığını görə bilərik. Bu proseslərdə 1979-cu il İslam inqilabından bəri ilk dəfə olaraq çox müxtəlif milli, siyasi maraq çevrələrinin bir araya gəlib bu coğrafiyada inqilabi bir dəyişikliyi gerçəkləşdirmək niyyətində olduqlarını gördük. İnqilabi dəyişikliyin ana xətləri bunlardır: 1) despot, teokratik İslam rejiminin ortadan qaldırılması; 2) demokratik, sekulyar bir mühitin formalaşdırılması; 3) insan haqları, o cümlədən qadın haqq və azadlıqlarının təmin edilməsi; 4) fars mərkəzçiliyinə son qoyulması, millətlərin milli tələb, istək, iradə və haqlarına sayğı ilə yanaşılması”.

Çingiz Göytürkün sözlərinə görə, Rza Pəhləvi son 100 ildə qeyri-fars millətlərin başına gələn bütün faciələrin səbəbkarı olan fars irqçiliyini dövlət siyasətinə çevirən bir ailənin son nümayəndəsi və burjuaziya ideologiyasını mənimsəyən bir çevrənin təmsilçisidir: “Bu çevrənin yeganə hədəfi 1979-cu ildə xalqların inqilabı nəticəsində devrilən səltənətin geri qaytarılmasından başqa bir şey deyil. Yəni Rza Pəhləvi fars irticasının bir başqa təzahürüdür və İran xalqlarının inqilabi dəyişim iradəsini təmsil edə bilməz. Mən birmənalı olaraq Qərbin Rza Pəhləvi üzərində israr etdiyini düşünmürəm.

Çünki bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasını istəyən bir çox şəxs qeyri-fars millətlərin iradəsini nəzərə almayan hər hansı bir alternativin real olmayacağını yaxşı bilir və bunu müxtəlif platformalarda müxtəlif səlahiyyətli şəxslər bizə açıq şəkildə etiraf ediblər. Onlar bildiriblər ki, İranda qeyri-fars millətlərin və onların hərəkatlarının varlığından yetərincə məlumatları olmadığına görə bu günə qədər apardıqları siyasətdə əskikliklər və nöqsanlar mövcud olub. Bəyan ediblər ki, bundan sonrakı mərhələlərdə həmin nöqsanları ortadan qaldırmaq üçün milli hərəkatları tanımağa və siyasətlərini bu milli hərəkatların istək və iradələrini də nəzərə alaraq formalaşdırmağa cəhd edəcəklər. Bu baxımdan, hesab edirəm ki, birmənalı olaraq Rza Pəhləvinin yeganə alternativ kimi Qərb tərəfindən dəstəkləndiyini iddia etmək reallıqdan uzaqdır. Ancaq etiraf etməliyik ki, bölgədə qalıcı stabillikdənsə status-kvonun qorunmasında maraqlı olan dövlətlər və çevrələr də var".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR