İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiyanın maliyyə-bank sisteminin təcridini gücləndirir

1133 24.09.2022 09:40 İqtisadiyyat A A

Altı ölkədə “Mir” ödəniş sistemindən istifadə dayandırıldı

ABŞ və Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmaq üçün işə saldığı “Mir” ödəniş sisteminin digər ölkələrdə fəaliyyətini böyük ölçüdə dayandırmağa müvəffəq olmaqdadır. Belə ki, ötən həftə “Financial Times” öz mənbələrinə istinadən ABŞ və Avropa İttifaqının Türkiyənin maliyyə sektoruna Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım edilməməsi üçün təzyiq göstərmək qərarına gəldiklərinə dair məlumat yaydı.

Qəzetin yazdığına görə, Rusiyanın “Mir” ödəniş sisteminə qoşulan, bu sistemin kartları ilə işləyən Türkiyə banklarına xüsusilə diqqət yetiriləcək.

“Financial Times” bildirir ki, Avropa Birliyi Türkiyəyə sanksiyalardan yayınma imkanlarını qiymətləndirmək üçün nümayəndə heyəti göndərmək niyyətindədir. Təşkilatın maliyyə məsələləri üzrə komissarı Meyrid Makginnes gələn ay Türkiyəyə gedəcək. Qəzet yüksək vəzifəli Avropa məmuruna istinadən bildirir ki, Makginnes son həftələrdə bir neçə ölkəyə gedərək sanksiyalardan yayınmanın qarşısının alınması məsələsini müzakirə edib: “Hazırda sanksiyalardan yayınma məsələsinə fokuslanmışıq. Biz açıq bildiririk ki, üçüncü ölkələrin Rusiyanı sanksiyalardan yayındırmasına imkan verməyəcəyik. Məsələn, ”Mir" ödəniş sisteminə qoşulmaq yayınma riski yaradır və bizim maliyyə sistemimizlə işləmək istəyən maliyyə qurumları ora inteqrasiya olunmamalıdır".

Ukrayna böhranı: Rusiyanın xaric edilməsi istənən SWIFT sistemi nədir? -  BBC News Azərbaycanca

Digər mənbə “Financial Times”ə bildirib ki, Qərb “deşikləri” bağlamaq istəyir və bu baxımdan, Türkiyə “iri” oyunçudur. Qeyd edək ki, “Mir” kartları Türkiyənin 5 bankında işləyirdi: Türkiye İŞ Bankası, Ziraat Bankası, VakifBank, DenizBank və Halkbank.

“Financial Times”ın məqaləsindən sonra ABŞ Maliyyə Nazirliyinin saytında “Mir”lə əməkdaşlıq edən ölkələrə xəbərdarlıq yerləşdirildi. Avropa İttifaqının baş diplomatı Jozep Borrelin şəxsi nümayəndəsi Peter Stano Aİ-nin də “Mir”dən istifadəyə görə digər ölkələrin banklarına məhdudiyyət tətbiq olunacağını istisna etməyib. Onun sözlərinə görə, Avropa İttifaqında artıq bu məsələ müzakirə olunur.

Nəticədə sentyabrın 19-da Türkiyədə bu kartlara xidmət göstərən iki ən böyük bank - Türkiye İş Bankası və DenizBank onlara xidməti dayandırıb. Ziraat Bankası, HalkBank və VakıfBank isə müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Türkiyədə “Mir” kartı ilə ən böyük ticarət mərkəzlərində, hotellərdə ödəniş etmək mümkün idi. Hətta Türk Hava Yolları da onu ödəniş vasitəsi olaraq qəbul etmişdi.

Sentyabrın 21-də isə Ermənistanda banklar tərəfindən “Mir” ödəniş sistemi kartlarının qəbulu dayandırılıb. Ermənistan Mərkəzi Bankı bununla bağlı bəyan edib ki, Ermənistanın kommersiya bankları sanksiyalarla bağlı “Mir” kartlarına xidmət göstərib-göstərməmək qərarını özləri verirlər: “Kommersiya bankları sanksiya riskləri də daxil olmaqla, öz risklərini özləri idarə edirlər. Müştərilərə xidmət prosesindəki qayda dəyişikliklərini də əvvəlcədən onlara çatdırırlar”.

Mir" Azərbaycanda: Rus kartı zərurətə çevrilir? - 04.08.2022, Sputnik  Azərbaycan

Ermənistan mətbuatının yazdığına görə, artıq ölkədə “Mir” kartlarına xidmət tam dayandırılıb.

Sentyabrın 22-də “Mir” kartlarına xidmət daha iki ölkədə - Qazaxıstan və Vyetnamda dayandırılıb. Sentybarın 23-də isə Özbəkistanda Rusiya kartlarının qəbuluna son qoyulub. Özbəkistan milli kart sistemi olan “Uzkard”ın saytında yerləşdirilən məlumatda bunun texniki məsələlərin həlli ilə bağlı olduğu qeyd edilsə də, kartlara xidmətin nə zaman davam edəcəyinə dair heç bir məlumat verilmir.

Rusiya Mərkəzi Bankının İdarə Heyətinin sədri Elvira Nabiullina “Mir” kartları ilə bağlı yaranmış vəziyyəti şərh edərkən bildirib ki, sanksiyalar kartın qəbul coğrafiyasının genişlənməsi istiqamətində fəaliyyətləri çətinləşdirə bilər, lakin bu işi tam dayandıra bilməz: “Bu ölkələrdəki banklar sanksiya risklərini, xüsusilə də ikincili sanksiya risklərini özləri üçün minimuma salmağa çalışırlar və belə imtinalar olur. Xüsusilə də sanksiya siyahısına düşən bankların kartlarına münasibətdə belə addım daha çox atılır. Lakin biz işləməyə davam edirik: bu, gündəlik və daim davam edən bir işdir”.

Məlumat üçün bildirək ki, “Mir” ödəniş sistemini Rusiyanın Mərkəzi Bankı tərəfindən 2014-cü ildə - Krımın işğalına görə Qərbin sanksiyaları başlayanda hazırlanıb. Sistem tam fəaliyyətə 2017-ci ildə başlasa da, geniş istifadə məkanına sahib deyildi.

Bu ilin fevralında Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Qərb ölkələri Şimal qonşunun iri banklarının hamısına sanksiya tətbiq etməyə, daha sonra isə onları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarmağa başladılar. Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması ehtimalı hələ Krımın işğalı zamanı vaxtdan meydana çıxmışdı. Lakin Qərb bu addımı yalnız 2022-ci ildə - Rusiya Ukraynaya hücum edəndən sonra atmağa başladı. Mart ayında SWIFT-dən 6, daha sonra isə 3 Rusiya bankı xaric edildi. Bunlar “Bank Otkrıtie”, “Novikombank”, Sənaye-Rabitə Bankı, Bank Rossiya, “Sovkombank”, VneşekonomBank(VEB), VTB, “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Banklarıdır. İyul ayında “Tinkoffbank” özü SWIFT-dən ayrılıb. Bank oktyabrın 1-dən yenidən sistemdə fəaliyyətə başlayacağını elan edib. Lakin bunun baş verməyəcəyi gözlənilir.

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-ə endirib | Banco.az

Hazırda 50-dək orta və xırda Rusiya bankı SWIFT-lə köçürmələr edə bilir. Lakin onların sayının tezliklə azalması gözlənilir. Belə ki, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı növbəti sanksiya paketində daha bir neçə bankın da bu beynəlxalq sistemdən kənarlaşdırılması nəzərdə tutulur. “Financial Times”ın öz mənbələrinə istinadən yazdığına görə, Avropa İttifaqı daxilində xüsusilə Polşa və Baltik ölkələri Rusiya banklarının hamısının SWIFT-dən çıxarılmasında təkid edirlər.

Rusiyada SWIFT-dən xaric olunan 9 bankla yanaşı, sanksiya siyahısına salınan daha onlarla bank bu sistemdən istifadə edə bilmir. Ümumilikdə Qərbin birbaşa sanksiyaları altında olan Rusiya banklarının sayı 22-dir. Ona yaxın bank isə ikincili - daha ağır bloklayıcı sanksiyalara məruz qalıb. Onların xaricdəki bütün əmlakına həbs qoyulub, hesabları dondurulub, fəaliyyətləri tam nəzarət altına alınıb. Belə banklarla əməliyyat aparan digər ölkələrin bankları da avtomatik sanksiya siyahısına daxil edilir. Banklar və fiziki şəxslər üçün tərtib olunan belə siyahı SDN adlanır. ABŞ Maliyyə Nazirliyi öz vətəndaşlarına, fiziki və hüquqi şəxslərinə, həmçinin onların 50 faiz və daha çox iştirak payı olan digər müəssisələrə SDN-də adı olan şirkət və fiziki şəxslərlə hər hansı əməkdaşlığı tam qadağan edir.

“Mir” kartlarına indiyədək 16 ölkə və subyektdə tam və ya qismən xidmət göstərilirdi: Türkiyə, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Vyetnam, Abxaziya, Cənubi Osetiya, Kipr, Ukrayna ərazisindəki qondarma qurumlar - LXR, DXR, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Kuba. Son bir həftədə qondarma qurumları nəzərə almasaq, “Mir” kartlarına xidmət göstərilən 12 ölkədən 6-da bundan imtina edilib.

Qeyd edək ki, Azərbaycanda heç bir bank “Mir” kartlarına xidmət göstərmir. Ölkənin ən böyük banklarından biri olan Beynəlxalq Bankdan “Yeni Müsavat”a bildirilib ki, yaxın gələcəkdə “Mir” ödəniş sisteminə qoşulmaq planları yoxdur. “Unibank”dan da sorğumuza eyni məzmunlu cavab almışıq.

Göründüyü kimi, Qərb Rusiya banklarına sanksiya tətbiq edib onları SWIFT-dən xaric etməklə kifayətlənmək niyyətində deyil. Son addımlar göstərir ki, Rusiyanın maliyyə sektorunun tamamilə xarici aləmdən təcrid olunması əsas hədəfdir və Qərb buna nail olmayınca dayanmayacaq.

Bank sisteminə sanksiyaların tətbiqi, bankların SWIFT sistemindən kənarlaşdırılmasının bir ölkə üçün hansı nəticələrə səbəb olacağını təsəvvür etmək üçün İran nümunəsinə baxmaq yetərlidir: 2012-ci ildə İran bank sistemi SWIFT-dən kənarlaşdırıldıqdan sonra ölkə xarici ticarətinin 30 faizindən, neft ixracının isə yarısına qədərindən məhrum oldu.

Rusiya artıq belə təcridin zərərini görməyə başlayıb: ölkə neft-qaz istisna olmaqla, heç bir məhsulunu normal ixrac edə bilmir. Hətta qlobal ərzaq bazarı üçün son dərəcə zəruri olan kənd təsərrüfatı məhsulları və gübrələrin də ixracında kəskin azalma var: ixrac əməliyyatlarının maliyyələşdirilməsi çox ləng gedir, aylarla vaxt aparır, bir çox hallarda isə mümkün olmur. Daha çox sayda Rusiya bankının SWIFT-dən uzaqlaşdırılması bu prosesi daha da çətinləşdirəcək. Bu isə Rusiyada ixrac potensialı olan və sanksiyalara məruz qalmayan sahələrdə də istehsalın kəskin azalmasına, iqtisadi geriləməyə gətirib çıxaracaq qədər təhlükəli tendensiyadır.

Təsadüfi deyil ki, Ukrayna limanlarından taxıl tədarükünə şərait yaradılması müqabilində rəsmi Moskva özünün də taxılının və gübrəsinin ixracına yaranan maneələrin aradan qaldırılması şərtini irəli sürmüşdü.

“Mir” kartları ilə əməliyyatların dayandırılması bir sıra ölkələr üçün çətinliklər yarada bilər. Məsələn, Qırğızıstan, Özbəkistan, Ermənistan kimi ölkələrə Rusiyadan pul baratlarının göndərilməsi çətinləşəcək. Eyni zamanda sanksiyalara görə Rusiyadan Ermənistana yerdəyişmə edən İT şirkətlərin işində çətinliklər meydana gələ bilər.

“Mir” kartlarından istifadənin dayanması Türkiyə üçün də problemlər yarada bilər. Belə  ki, bu ölkənin turizm sektorunda Rusiyadan gələn turistlərin rolu kifayət qədər böyükdür. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata əsasən bu ilin yanvar-avqust aylarında ölkəyə gələn xarici turistlərin sayı ötən illə müqayisədə 8,48 faiz artımla 29 milyon 334 min 652 nəfər təşkil edib. Bunların 3 milyon 850 min 816 nəfəri (5,73 faiz artım) Almaniyadan, 3 milyon 3 min 836 nəfəri (22,8 faiz artım) Rusiyadan gələnlərdir. Rusiyalı turistlərin Türkiyə iqtisadiyyatına verdiyi xeyir milyardlarla dollarla ölçülür. Bu nəticəyə nail olunmasında “Mir” kartlarının ölkədə qəbul edilməsi mühüm paya malikdir. Buna görə də kartlardan istifadənin dayandırılması Türkiyənin turizm sektoru üçün ciddi problem yarada bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR