İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb ölkələrinə Qarabağın Azərbaycana qaytarılması lazım idi, çünki...” - SENSASİON DETALLAR

1463 02.10.2023 14:19 Siyasət A A

“Bütün diqqət Qarabağda yaşananlara yönəldiyi bir zamanda Orta Asiya ölkələrinin liderləri əvvəl ABŞ-da, sonra isə Almaniyada mühüm görüşlər keçirdilər. Məsələ burasındadır ki, bu görüşlərin hər ikisinin Qarabağ və Zəngəzur dəhlizi ilə birbaşa əlaqəsi var”.

Bu sözləri Musavat.com-a siyasi şərhçi Heydər Oğuz deyib.

HEYDER.jpeg (277 KB)

H.Oğuz fikrini bununla əlaqələndirib ki, hər iki sammit Orta Asiya ölkələrinin və Cənubi Qafqazın Qərbə iqtisadi inteqrasiyasını nəzərdə tutur:

“Xüsusilə Berlində keçirilən konfransın yekun bəyannaməsinə baxdığımız zaman bunu aydın görə bilərik. Bəyanatda vurğulanır ki, sammitdə “enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı marşrutları” mövzuları müzakirə olunub. Həmçinin bildirilib ki, Avropa İttifaqı və ABŞ bu layihələrin reallaşması üçün 2027-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı nəzərdə tutub. Layihələr əsasən rəqəmsal texnologiya, ətraf mühit, enerji, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat sektorlarını əhatə edir, dünya miqyasında özəl və dövlət infrastruktur investisiyalarını dəstəkləmək məqsədi daşıyır. Yaşıl transformasiya və dairəvi iqtisadiyyata keçid çərçivəsində müvafiq ölkələrə dəstək veriləcəyi və özəl sektorun investisiyalarda fəal rol almasına şərait yaradılacağı açıqlanıb. Aİ-nin “Qlobal Keçid” layihəsində bütün nəqliyyat komponentləri üçün infrastruktur investisiyalarının dəstəklənməsi planlaşdırılır”.

Yekun bəyanatda açıq şəkildə Çinin “Bir Yol, Bir Kəmər” layihəsinə alternativ olaraq ortaya atıldığı vurğulanan “Qlobal Keçid”in Orta Asiya ölkələrinin iqtisadi cəhətdən Rusiya və Çin təsirindən xilas etmək məqsədi daşıdığını bildirən Heydər Oğuzun fikrincə, bənzər tezislər sovet hakimiyyəti yenicə dağıldığı ərəfədə də irəli sürülmüş və həmin layihə TRASEKA adlandırılmışdı: “TRASEKA ilə “Qlobal Keçid”in yeganə fərqi Avropaya ixrac ediləcək enerji məhsullarının növüdür.

TRASEKA layihəsində əsasən karbohidrogen əsaslı enerji mənbələrinin ixracı nəzərdə tutulurdusa, “Qlobal Keçid”də daha çox alternativ enerji mənbələrinin ixracından söhbət gedir. Bu enerji mənbələrinin marşrutu isə eynilə qalır: Rusiyanı və İranı yan keçərək Xəzər dənizi üzərindən Azərbaycana, Azərbaycandan isə Türkiyə vasitəsilə Avropaya çatdırmaq”.

Heydər Oğuz hesab edir ki, “Orta Dəhliz” adlanan bu marşrutun bir xəttinin Zəngəzurdan keçəcəyi sirr deyil:

“Buna ən ciddi maneənin Rusiya və İrandan gələcəyi düşünülür. Görünür, bu səbəbdən Qərb ölkələrinə də Qarabağın birgünlük antiterror tədbirləri ilə Azərbaycana qaytarılması lazım idi. Belə olacağı təqdirdə, Rusiyaya bağlayan ermənilərin də Moskvaya inamları sarsılacaq və beyinlərində “Ermənistanda rus hərbi bazasına nə ehtiyac var” sualı doğacaqdı. Fikrimcə, Qərb ölkələri bu istəklərinə yetərli səviyyədə nail oldular. İndi İrəvanın üzərinə ciddi məsuliyyətlər düşür. Paşinyan hakimiyyəti “rusların müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyini” əsas gətirib Qərb dövlətlərinin hərbi qüvvələrini Ermənistana dəvət etməli və onları əsasən Zəngəzur bölgəsində yerləşdirməlidir. Bununla da Orta Dəhlizin keçid marşrutu tamamilə nəzarət altına alınmalıdır”.

Siyasi şərhçi Qarabağ ermənilərinin Ermənistana getməsindən də danışıb:

“Dəfələrlə ən yüksək ağızdan ermənilərə “getmə, qal” deyildi. İrəvan isə nə qədər paradoksal olsa da, Qarabağı tərk edən bütün ermənilərə qucaq açacağı mesajını verdi. Paşinyanın özü mətbuat açıqlamasında 40 min erməni ailəsinin evlə, yaşayış imkanları ilə təchiz ediləcəyini açıqladı. Hər ailənin ən azı 3 nəfərdən (2 valideyn, 1 uşaq) olduğunu nəzərə alsaq, 40 min ailə 120 min adam deməkdir ki, bu da separatçıların iddia etdiyi rəqəmlə götürsək, Qarabağ sakinlərinin ümumi sayına bərabərdir. Belə çıxır ki, Paşinyan bütün erməniləri Qarabağdan çıxmağa səsləyirdi. Fikrimcə, bu da anlaşılandır, Paşinyan hökuməti Qarabağ ermənilərinin təhlükəsizliyini qoruya bilməyən ruslarla tam əlaqəsini üzmək və Qərb ölkələrini köməyə çağırmaq üçün özünə əsaslı bəhanə yaradırdı”.

PASİNYAN PUTİN.jpg (84 KB)

Sual oluna bilər: Qərbin hazırladığı “Qlobal Keçid” layihəsi Ermənistanı da ehtiva edirsə, onda Berlində və ABŞ-da keçirilən sammitlərdə bu ölkənin lideri Paşinyan niyə yox idi?

Heydər Oğuzun bu suala da maraqlı cavabı var: “Əvvəla, həmin sammit formal olaraq Orta Asiyanı əhatə edirdi. Ermənistan isə Orta Asiya ölkəsi deyil. İkincisi, “Qlobal Keçid” layihəsi 2021-ci ildə ABŞ tərəfindən ortaya atılmış “Daha yaxşı dünya bərpa et” təşəbbüsünün tərkib hissəsidir. Bilirsiniz ki, həmin təşəbbüs ortaya atılarkən dünya dövlətləri iki qismə bölünmüşdü: demokratik və qeyri-demokratik ölkələr. Ermənistan da demokratik ölkələr siyahısına aid edilmişdi. Baxmayaraq ki, Paşinyan Putinin qorxusundan bu sammitdə belə iştirak edə bilməmişdi. Məncə, üçüncü səbəb də elə region ölkələrinin Putindən qorxusu ilə izah olunmalıdır. Prinsipcə, bu qorxu sammitin yekun bəyanatına da hopmuşdu. Bəyanatda Rusiyanın adı çəkilmir, sadəcə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan bütün dövlətlərin “suverenliyi və ərazi bütövlüyü” və “güc tətbiqi ilə hədələmə və ya istifadənin qadağan edilməsi” prinsipi xatırlanır, bununla da Rusiyanın Ukraynada başlatdığı müharibəyə eyham vurulurdu. Yeri gəlmişkən, mənim fikrimcə, Qarabağda keçirilən antiterror tədbirlərinin nəticələrinə də məhz bu prinsip fonunda yanaşılmalıdır. Çünki faktiki olaraq Azərbaycan bu hərbi tədbirlər BMT Nizamnaməsinin müvafiq maddəsinin tələblərini həyata keçirirdi”.

Ermənistan baş nazirinin bu cür toplantılara çağırılmamasının əsas səbəblərindən birini İrəvanın hələ də subyekt kimi davranmaq qabiliyyəti qazanmaması keyfiyyəti ilə izah edən həmsöhbətimiz fikirlərinə belə aydınlıq gətirib: “Paşinyan hələ də öz ölkəsinin ərazilərində təsirli gücə sahib lider kimi özünü təsdiqləyə bilməyib. Hələ də öhdəsinə götürdüyü kimi, rus hərbçilərini Ermənistandan çıxarmayıb. Hələ də İrəvan küçələri hər gün ruspərəst etiraz aksiyaları ilə dolub daşır. Rusiyanın orada hansı təxribatları törədəcəkləri, Paşinyanın sonunun necə olacağı bəlli deyil. Ermənistan lideri bu imtahanlardan üzüağ çıxmayanadək, Prezident İlham Əliyev demişkən, qlobal layihələrdə subyekt kimi tanınmayacaq, onun ölkəsi sadəcə müxtəlif planların reallaşdırılacağı obyekt kimi dəyərləndiriləcək. Ən əsası isə Ermənistan cəmiyyəti açıq şəkildə KTMT üzvü olan Qazaxıstan və Tacikistana qarşı mövqeyi ilə seçilir. Səbəb isə hərbi müttəfiqlərinin onları yox, bizi dəstəkləməsidir. Sözsüz ki, Paşinyanın faktiki düşmənləri ilə eyni sammitdə görünməsi ona ictimai rəydə başucalığı gətirməzdi”.

KTMT.jpeg (123 KB)

Bəs Azərbaycan lideri bu toplantılara niyə dəvət olunmamışdı?

Heydər Oğuz qeyd edib ki, Prezident İlham Əliyev bu yaxınlarda Tacikistanda keçirilən C5 sammitinin fəxri nümayəndəsi kimi toplantıya dəvət olunmuşdu: “Bu isə onu göstərir ki, Orta Asiyanın Çin və Rusiyanın təsir dairəsindən çıxarılması layihəsində region ölkələri Azərbaycana açar dövlət kimi baxırlar. Baxmayaraq ki, biz bu ittifaqın üzvü deyilik. Bundan əlavə, Orta Asiya ölkələri “Qlobal Keçid” layihəsinə yenicə qoşulduğu halda, Azərbaycan həmin layihədə nəzərdə tutulan proqramları artıq həyata keçirməyə başlayıb. Bilirsiniz ki, ölkəmizdə yaşıl və bərpaolunan enerji müəssisələri qurulur və oralarda hasil olunan enerjinin Avropaya nəqli barədə düşünülür. Hər halda Prezident İlham Əliyevin bu barədə dəfələrlə verdiyi bəyanatlardan belə anlaşılırdı”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR