İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb nəşrindən sensasiya: ABŞ sülh layihəsi hazırlayır - Nə Kiyev razı qalacaq, nə də Moskva...

1386 23.08.2023 08:13 Siyasət A A

Sabah, avqustun 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 18-ci ayı (ilyarım) tamamlanacaq. Təəssüf ki, bu ədalətsiz müharibənin sonu, hələ ki, görünmür. Çünki Moskva yeni-yeni ərazilər işğal etmək niyyətindən əl çəkməyib.

Bu arada ABŞ-nin nüfuzlu “Wall Street Journal” qəzeti yazıb ki, Qərb Ukrayna ilə bağlı sülh sazişləri variantları üzərində işləyir, lakin onların şərtləri nə Moskvanın, nə də Kiyevin maraqları ilə üst-üstə düşür. “Bəzi Qərb rəsmiləri müharibəni bitirmək üçün möhtəşəm anlaşma layihələri hazırlayır, lakin onlar həm Kiyevin, həm də Moskvanın hədəflərinə uyğun gəlmir”, - deyə nəşr vurğulayıb.

Qəzet hesab edir ki, Ukraynanın əsas məqsədi “ərazi bütövlüyünü bərpa etmək” olsa da, əsas müttəfiqlərin məhdud dəstəyi səbəbindən bu, uzaq perspektivdir. “Onlar ciddi şəkildə lüzumsuz xərclərdən ehtiyat edir və hər cür riskdən qaçmaq istəyirlər. Söhbət, məsələn, Kiyevin ABŞ və Almaniya kimi ”qeyri-müəyyən" tərəfdaşlarından gedir", - qəzet qeyd edib.

“The New York Times” isə öz mənbəyinə istinadən yazıb ki, ABŞ Müdafiə Nazirliyi qışda Ukraynanın silah ehtiyatlarını artırmağı gözləyir və hərbi əməliyyatların “sakitləşəcəyinə” ümid edir. Nəşrin məlumatına görə, ABŞ-nin müdafiə departamenti hərbi əməliyyatların intensivliyini azaltmağa ümid edərək sursat istehsalını artırmaq və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını dəstəkləmək niyyətindədir.

Ukraynanın yay əks-hücumunun cəmi bir neçə aydır davam etməsinə baxmayaraq, müdafiə rəsmiləri artıq döyüşdə potensial sakitliyin mümkün olduğu qışı gözləyirlər. Eyni zamanda ABŞ rəsmiləri təsdiqləyiblər ki, Ukraynanın əks-hücumunun uğuru Qərbin Ukrayna Silahlı Qüvvələrinin artilleriya mərmilərinə olan ehtiyaclarını ödəmək qabiliyyətindən asılıdır.

Qərb nəşrlərinin yazdıqlarında həqiqət payı nə qədərdir? “Sülh anlaşması Kiyevi də, Moskvanı da qane etməyəcək” nə demək? ABŞ-ni qane edəcək sülh variantı necə təsəvvür edilir?

Fikrət Yusifov: Bu gün təkcə neftin deyil, dünyanın taleyi həll olunur

Fikrət Yusifov: “Qərb bu müharibənin daha ilyarım uzanmasına gedəcək”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Qərb Rusiya ilə bağlı Ukrayna üzərindən ikinci planını həyata keçirir: “Qərb üçün bu müharibədə Ukrayna torpaqlarını işğaldan azad etməkdən daha ciddi hədəf böyük ərazisi, tükənməz enerji və digər mühüm təbii resursları olan, lakin bu qədər potensialdan düzgün istifadə edib normal cəmiyyət qura bilməyən, əvəzində əlindəki nüvə silahı ilə bütün dünyanı təhdid edən Rusiyanı çökdürməkdir. Qərbin Rusiyaya qarşı böyük planının birinci mərhələsinin əsas hədəfi vaxtilə Rusiyanın yaratdığı və 70 il başında dayandığı Sovetlər İttifaqını çökdürmək idi. Qərb bu planı 90-cı illərin əvvəllərində uğurla reallaşdırdı. İndi onun əsas məqsədi bu planın ikinci mərhəlləsini də uğurla başa çatdırmaqdır. Bir il 6 aydır ki, davam edən müharibə çox mətləblərə aydınlıq gətirdi. Ukraynanı bir neçə günə işğal edəcəyini bəyan edən rus ordusu artıq 18 aydır ki, bir-birinin ardınca ağır məğlubiyyətlər almaqdadır. Bu müharibədə Rusiyanın ən böyük məğlubiyyəti onun ”qüdrətli ordusu" haqqında on illərdir dünyada yaradılmış mifin darmadağın edilməsi oldu. Düzdür, Rusiya ordusu “döyüş qabiliyyətini” bundan öncə çeçen müharibəsində ortaya qoymuşdu. Lakin həmin müharibə bu ordunun qüdrətli olması mifini tam sındıra bilməmişdi. Ukrayna ordusu isə bu işi tamamladı. Qərbin bəzi mətbuat orqanlarının nə yazmasından və bəzi ekspertlərin nə deməsindən asılı olmayaraq, bu müharibə Ukraynanın tam qələbəsinə qədər davam edəcək. Unutmayaq ki, Qərb artıq bu müharibəyə 100 milyard dollardan çox vəsait xərcləyib. Kimsə inanırmı ki, bu qədər xərcdən sonra Qərb başladığı işi yarımçıq saxlayacaq?"

Sabiq nazir Qərb dünyasının bu savaşın uzanmasında maraqlı olmasına da toxundu: “Bu gün Ukrayna ordusunun yay ayları üçün nəzərdə tutulmuş əks hücumu davam edir. Nəticələr öncədən planlaşdırılan kimi olmasa da, ordu hər gün uğur qazanaraq irəliləyir. Qərb bu müharibənin daha ilyarım uzanmasına gedəcək. İndi onun əsas planı qış aylarında Ukrayna ordusunu silah-sursat ehtiyatlarını yüksək səviyyədə təmin etməkdən ibarət olacaq. Görünən budur ki, Qərbə həm də növbəti ilə qədər Ukrayna hərbçilərinin yüksək hazırlıq keçməsi və ordunu zəruri olan bütün silah-sursatla təmin etmək üçün zaman lazımdır. Bu strategiya tam başadüşüləndir.

Qərb bütün bunlarla yanaşı, qarşıdakı dövrdə mövcud sanksiya siyahısını genişləndirməklə Rusiya iqtisadiyyatının və onun maliyyə sisteminin tam çökməsini təmin edəcək bütün addımları atmağı nəzərdə tutur. Bu günə qədər tətbiq olunan sanksiyalarla böyük nəticələr əldə olunub. İndi Rusiyada makroiqtisadi durum acınacaqlı bir vəziyyətdədir. Ukraynaya qarşı işğalçı müharibə başlayandan hüquqi və fiziki şəxslər tərəfindən Rusiya ərazisindən xaricə 250 milyard dollar vəsait çıxarılıb, Rusiyanın Qərb banklarında 300 milyard dollar vəsaitləri dondurulub, neft və qaz ixracına tətbiq edilən sanksiyalar səbəbindən Rusiya hər gün 1,5 milyard dollar vəsait itirir (bir ildə bu 550 milyard dollara yaxın vəsait deməkdir), bazar və marketlərdə bütün məhsulların qiymətləri kosmik sürətlə artır, rus rublu artıq ölü bir valyutaya çevrilir və s. Baxın, Qərb həm də bu proseslərin gedişatını yetərincə qiymətləndirərək hərəkət edir. Ola bilər ki, bu gedişlə bir ildən sonra Rusiyanın içərisində Qərbin düşündüyü proseslər baş versin və bununla da onun Rusiya ilə bağlı planının ikinci mərhələsi də başa çatmış olsun..."

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Tərəflər arasında ilkin razılaşmaların vaxtı o qədər də çox çəkməyəcək”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu gedişlə müharibə tərəfləri arasında ilkin razılaşmaların əldə olunacağını proqnozlaşdırır: “Qərb Ukrayna-Rusiya müharibəsində ilkin hədəflərinə çatmış kimi görünür. Yəni Rusiyanı zəiflətmək, hərbi-siyasi qüdrətini sarsıtmaq üzrədir. Həm də onu dünyanın yenidən bölüşdürülməsi və çoxqütblü dünya siyasətinə nail olmaq iddiasından əl çəkməyə məcbur etdi. Bu gün Rusiya artıq Qərblə dünyanın siyasi coğrafiyası uğrunda gedən mübarizədə ciddi və təsirli rəqabət apara bilmir. Mövqelərini isə ardıcıl olaraq əldən verməkdədir. Hətta ənənəvi təsir və nüfuz dairəsində olan regionlar da zəifləyərək mövqelərini itirməkdədir.

Misal üçün, Cənubi Qafqaza artıq kənar oyunçular fəal can atırlar ki, Moskvanı sıxışdırıb çıxarsınlar. Qərb Rusiyanı Ukraynada bir qədər də ləngitməkdə, daha çox itkilərin artmasında və düşmənçiliyin dərinləşdirilməsində maraqlıdır. Odur ki, müttəfiqi olan Kiyevə dəstəyini bəzən vaxtında vermir, bəzən Kiyevin tələblərini qulaqardına vurur. Bu isə Ukraynada hər iki tərəfin itkilərini daha da artırır. Ukrayna uzun müddətdir ki, qərbli müttəfiqlərindən hücum silahları, xüsusən hava məkanındakı ciddi boşluqları doldurmaq üçün təyyarələr istəyirdi. Lakin ABŞ və müttəfiqləri müxtəlif bəhanələrlə təyyarələri Ukraynaya verməyə tələsmirdi. Nəhayətdə, Niderland 42 ədəd  F-16 təyyarələrini verəcəyini bəyan etdi. Danimarka və digər NATO ölkələri də hava qüvvələrinin möhkəmləndirilməsi üçün Ukraynaya F-16-lar göndərəcək niyyətlərini ortaya qoydular.

Lakin Qərb bununla belə düşünür ki, zəifləmiş Rusiya və bərbad vəziyyətə düşmüş Ukrayna ilə özləri üçün daha əlverişli bazarlıq etmək zamanıdır. Qərb üçün Ukraynanın ərazi bütövlüyü vacib əhəmiyyət kəsb etmir. Qərbin öz maraqları var. Rusiya ilə Ukraynanın ərazi güzəşti barədə fikirlər ilkin olaraq Fransadan gəldi, ardınca Almaniya da təxmini eyni yanaşma sərgilədi. Lakin bu, Ukraynanı çox əsəbləşdirdiyindən və sərt təpkisini çəkəndən sonra təkliflərə korrektə etməli oldular. Qərb fikirləşir ki, zəifləmiş Rusiyadan Çin istifadə edincə özləri bəhrələnsin, istədiklərini diktə etsinlər. Doğrudur, sözügedən barışıq müqaviləsi layihəsi haqqında təfsilatlı məlumatlar yoxdur. Amma bunun olma ehtimalı gözləniləndir. Çünki müharibə sonsuzadək davam edən deyil və hər iki tərəfin potensialı belə bahalı, böyük xərc aparan silahlı toqquşmaya kifayət etməyə bilər.

Digər tərəfdən, Qərb Rusiyanı çökdürməyə çalışarkən Çin kimi daha təhlükəli bir rəqibini getdikcə gücləndirmiş olur. Ukrayna Krımı qaytarmağı hədəfləyir, Rusiya isə onu öz ərazisi hesab edir. Demək, qarşılıqlı güzəşt əsasən Krım üzərində olacaq. Kompromissiz və güzəştsiz bu müharibəni, təbii ki, durdurmaq mümkün deyil. Ukraynaya da Qərbin verdiyi silahlar havayı deyil. Kiyev də maraqlıdır ki, müharibə tez bir zamanda bitsin. Məncə, maksimalist mövqe Ukrayna üçün də sərfəli deyil. 18 ay dünyanın ikinci ən qüdrətli ordusu ilə qeyri-bərabər şəraitdə müharibə aparmaq, əlbəttə, çox çətindir. Ona görə də hesab edirəm ki, tərəflər arasında ilkin razılaşmaların vaxtı o qədər də çox çəkməyəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR