İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediası Azərbaycanın təzminat davasından yazdı - “Ermənistan qərara əməl etməli olacaq...”

6131 31.01.2023 08:41 Gündəm A A

Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəməyə verib; politoloq: “Məhkəmə məsələyə siyasi yox, hüquqi yanaşmalıdır və ədalətli qərar qəbul etməlidir”

Xəbər verildiyi kimi, yanvarın 18-də Azərbaycan Bern Konvensiyası çərçivəsində Ermənistanı Beynəlxalq Məhkəməyə verib və Azərbaycan ekologiyasına vurduğu ziyana görə ona qarşı təzminat davası açıb. Bu, beynəlxalq praktikada Bern Konvensiyasına uyğun ilk iddiadır. Artıq məsələ Qərb mediasının da diqqətini çəkib. Məsələn, Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Guardian” bu barədə yazıb.

“Müharibə zamanı ətraf mühitə dəymiş ziyana görə Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia Bern Konvensiyasına uyğun olaraq hər hansı bir ölkənin dövlətlərarası arbitraja müraciət etdiyi ilk hadisədir”, - qəzet qeyd edib.

Londonda yerləşən “Clyde & Co” firmasının hüquqşünası Zaneta Sedilekova nəşrə bildirib ki, bu, işğalçı dövlət tərəfindən biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə qarşı mübarizənin unikal nümunəsidir. Onun sözlərinə görə, indi hər iki ölkənin arbitrləri təyin etmək üçün 3 ay vaxtı var ki, onlar hər hansı zərərin sübutunu nəzərdən keçirəcək və Ermənistanın təzminat ödəyib-ödəməməsi barədə qərar verəcəklər.

Hüquqşünas deyib ki, Bern Konvensiyasını imzalayan Ermənistan bu qərara əməl etməyə borcludur. “Azərbaycan öz işində uğur qazanarsa, bu, ilk dəfə olacaq ki, arbitraj məhkəməsi ətraf mühitin məhv edilməsinə görə dəymiş ziyanı hesablayacaq və çox güman ki, konkret ərazidə və konkret ölkə üçün biomüxtəlifliyin itirilməsi və ekosistem xidmətlərinin azalmasının iqtisadi dəyərini qiymətləndirəcək”, - Sedilekova bildirib.

Onun fikrincə, belə bir presedent dövlət və qeyri-dövlət subyektlərinin biomüxtəlifliyin itirilməsinin əhəmiyyətini necə dərk etmələrinə dərin təsir göstərə bilər və ola bilsin biomüxtəlifliyin qorunması, mühafizəsi və bərpasını sürətləndirsin.

Yəni Azərbaycan bununla həm də bir presedent yaratmış olacaq.

Bəs hüquqşünasların gözləntisi nədir? Beynəlxalq erməni lobbi dairələrinin arbitraj məhkəməsinə təsir imkanları varmı, nə dərəcədədir?

Çingiz Qənizadə Hacı Qalib Salahzadəyə qarşı şikayətini geri götürüb |  Kaspi.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, rəsmi açıqlamlara görə Azərbaycan dövləti Vyana konvensiyasını rəhbər tutaraq Bern Konvensiyası çərçivəsində Ermənistan dövlətini Beynəlxalq Arbitraj Məhkəməsinə verib: "Bern Konvensiyasına görə, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə Ermənistanı həmin ərazilərin biomüxtəlifliyini məhv etməyə görə ittiham eləmək haqqına malikdir. Azərbaycanın əlində biomüxtəlifliyin məhv edildiyini təsdiqləyən kifayət qədər sübutlar var. Azərbaycanın bu proseduru başlaması birdən-birə qəfil baş verməyib. Bundan ötrü ciddi araşdırmalar aparılmalı, dəlillər, sübutlar, faktlar toplanmalı, onlar qiymətləndirilməli, beynəlxalq səviyyəli mütəxəssislərin də birbaşa iştirakı təmin olunmalı və onlar tərəfindən rəylər verilməlidir. Məhz bu və digər prosedurlar həyata keçirildikdən sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edilir. Yəni artıq bu o deməkdir ki, Azərbaycan Məhkəməyə müraciət edənədək lazım olan bir hüquqi məsafəni qət edib, prosedurları aparıb. Biz həmişə deyirdik ki, Ermənistandan təzminat tələb edilməsi məsələsi həyata keçirilməlidir. Bu istiqamətdə ilk iddiamız qaldırılmış oldu. Ümid edirəm ki, gələcəkdə biz işğal zamanı Azərbaycan dövlətinin və vətəndaşlarının mülkiyyətinə Ermənistan tərəfindən vurulmuş zərərlə bağlı da iddialarla Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək. Məndə olan məlumata görə, bu istiqamətdə beynəlxalq təcrübəsi olan təşkilatların Azərbaycana dəvət edilməsi və onlarla birlikdə iş aparılması prosesi gedir. Məsələnin perspektivinə gəlincə, bilirsiniz ki, Ermənistan dövləti də Bern Konvensiyasını imzalayıb və Beynəlxalq Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarı icra etməyə Ermənistan borcludur. Ümid edirəm ki, məhkəmə haqlı tərəf olan Azərbaycanın tələbini yerinə yetirəcək, erməni lobbisinin təsiri altına düşməyəcək. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə Azərbaycanın ərazilərində həyata keçirdiyi talanlar, təbiətə, ekologiyaya vurduğu ziyanlar o dərəcədə açıq-aydın, kütləvi və gözlə görünəndir ki, ortaya qoyulan sübutları görməməzlikdən gəlmək mümkün deyil”.

Ç.Qənizadə qeyd etdi ki, erməni lobbisi güclüdür və beynəlxalq qurumlarda təsir imkanları var. Avropa Parlamentində qəbul olunan anti-Azərbaycan qətnamələrində erməni lobbisinin rolu bəllidir: “Digər bəzi beynəlxalq təşkilatlarda təsir rıçaqları, ələ aldıqları deputatlar, vəzifəli şəxslər var. Şübhəsiz ki, erməni lobbisi Beynəlxalq Məhkəməyə təsir etməyə çalışacaq. Əgər Beynəlxalq Məhkəmə ortada saysız-hesabsız sübutlar olmağına baxmayaraq erməni lobbisinin istədiyi qərarı qəbul etsə, Azərbaycanın tələbini yerinə yetirməsə, bu, Beynəlxalq Məhkəmənin imicinə çox ciddi zərbə olar. Ona görə də mən ümid edirəm ki, Məhkəmə erməni lobbisinin təsiri altına düşməyəcək. İnanıram ki, Azərbaycanı müdafiə edən hüquqşünaslar korpusu bu məsələyə o qədər ciddi hazırlaşıblar ki, erməni lobbisinin obyektiv qərarlar qəbul edilməsinin qarşısını kəsə biləcəyini düşünmürəm. Məsələnin başqa bir tərəfi də var. Bilirsiniz ki, işğal dövründə Azərbaycanın təbii sərvətlərinin talanması işində Ermənistanla birlikdə bir sıra başqa dövlətlərin şirkətləri də iştirak ediblər. Həmin şirkətlərin təmsil olunduğu dövlətlərin və şirkətlərin özlərinin də Beynəlxalq Arbitraj Məhkəməsinə təsir etməyə çalışacaqları şübhəsizdir. Azərbaycan tərəfi bu amilə qarşı da hazır olmalıdır ki, həmin şirkətlərin istəyi baş tutmasın”.

Sabaha olan hava proqnozu açıqlandı

Xəyal Bəşirov

Hüquqşünas Xəyal Bəşirov isə bildirdi ki, Azərbaycanın ortaya qoyduğu dəlil və sübutlar arasında əgər ədalətli araşdırılma aparılacaqsa, Ermənistanın Azərbaycan ekologiyası və təbiətinə vurduğu böyük zərərin ödənilməsi barədə qərar qəbul ediləcək: "Azərbaycanın Bern Konvensiyası çərçivəsində Beynəlxalq Arbitraj Məhkəməsinə rəsmi müraciət etməsi faktının özü bir tarixi hadisə, bir ilk oldu. Bu, sonrakı müraciətlərimiz üçün presedent rolunu da oynayacaq. Azərbaycanın iddiasının Beynəlxalq Arbitraj Məhkəməsi tərəfindən qəbul edilməməsi üçün heç bir qanuni əsas ola bilməz. Məhkəmə məsələyə siyasi yox, hüquqi yanaşmalıdır və ədalətli qərar qəbul etməlidir. Bu məsələdə Beynəlxalq Məhkəmənin ədalətli qərar çıxarması bundan sonrakı dövrlərdə digər dövlətləri də başqa dövlətin ərazilərində ekoloji terror, talan həyata keçirməkdən müəyyən qədər çəkindirən faktor olacaq. Hər bir dövlət biləcək ki, başqasının ərazisini işğal etmək, talamaq gec-tez beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmaq perspektivi vəd edir. Ermənistanın məsuliyyətə cəlb edilməsi bunun üçün də çox vacibdir, təkcə Azərbaycana deyil, həm də Avropanın özünə də dolayısı ilə lazımdır. Ona görə də ümid edirəm ki, nəhayət, Ermənistan 30 il ərzində törətdiyi cinayətlərin bir hissəsinə görə beynəlxalq məhkəmə tərəfindən məsuliyyətə cəlb ediləcək. Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycanın iddiasını qəbul etməməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə adıçəkilən konvensiyalara dövlətləri, xalqların etimadını da nəzərə almalıdır. Nəzərə almasa, nə həmin konvensiyalara, nə də Arbitraj Məhkəməsinə, beynəlxalq ədalət məhkəməsinə etimad qalmayacaq”. 

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR