İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb ərəbləri də sıxmağa başladı - Rusiyaya sanksiya...

997 06.09.2023 08:00 İqtisadiyyat A A

Birləşmiş Ştatlar, Böyük Britaniya və Avropa İttifaqı Birləşmiş Ərəb Əmirliyinə Rusiyaya kömək edən malların tədarükünü dayandırmaq üçün birgə təzyiqlərə hazırlaşır

Birləşmiş Ştatlar, Böyük Britaniya və Avropa İttifaqı bu həftə Birləşmiş Ərəb Əmirliyinə Ukrayna münaqişəsində Rusiyaya kömək edə biləcək malların tədarükünü dayandırmaq üçün birgə təzyiq göstərməyə hazırlaşır.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, söhbət həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən yarımkeçiricilər, elektron komponentlər və digər ikili təyinatlı mallardan gedir. BƏƏ də G7-yə daxil olmayan əksər ölkələr kimi Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib. Bununla belə, səlahiyyətlilər deyirlər ki, onlar ölkənin Qərb şirkətləri tərəfindən malların təkrar ixracı ilə bağlı sanksiyalarından yan keçmək üçün istifadə edilməsini istəmirlər. ABŞ və Aİ-yə görə, Amerikanın başqa yerlərdə nəzarəti gücləndirməsindən sonra daha çox Qərb malları BƏƏ vasitəsilə Rusiyaya daxil olur. 2022-ci ildə Rusiya ilə BƏƏ arasında ticarət dövriyyəsi 68% artaraq 9 milyard dollara çatıb.

Yanvar-may aylarında BƏƏ-dən Rusiyaya kompüter komponentlərinin ixracı illik müqayisədə 1 milyon dollardan 149 milyon dollara yüksəlib. Nəşr qeyd edir ki, rabitə avadanlığı və elektronika ixracı da kəskin artıb. Rusiya ilə BƏƏ arasında münasibətlərin yüksək səviyyəsi sirr deyil. Bəzi məsələlərdə onlar strateji tərəfdaşlıq da edirlər. Siyasi baxımdan da bir çox proseslərdə maraqları üst-üstə düşür. Eyni zamanda BƏƏ-nin ABŞ və Avropa ilə də gizli və aşkar bir çox anlaşmaları var. Bu ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Bu qədər yaxınlıq olduğu halda, BƏƏ seçim qarşısında qalarsa, hansı yolu seçəcək? Rusiya yasağına əməl edəcəklərmi? Bu yeni konfliktlərə səbəb ola bilərmi?

Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan 75,7 ton qızıl idxal edib. Ölkə Rusiya qızılının əsas ticarət mərkəzinə çevrilib. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb və ABŞ-ın bu ölkəyə qoyduğu sanksiyalar fonunda baş verib. Görünən odur ki, sanksiyalar Rusiyanın qızıl ticarətində ənənəvi ixrac marşrutlarını kəsib, Birləşmiş Ərəb Əmirliklərinə son çarələrdən biri kimi üz tutulub. Birləşmiş Ərəb Əmirlikləri BRİKS-ə qoşulsa da Qərbdən üz döndərməyəcək. BƏƏ iqtisadiyyat naziri Abdulla Bin Touq al Marri belə deyib. Nazirin sözlərinə görə, ölkəsinin BRİKS təşkilatına daxil olmaq niyyəti qlobal ticarəti inkişaf etdirmək istəyi ilə bağlıdır. BƏƏ rəsmisi onu da əlavə edib ki, Əbu-Dabi Qərb ölkələri, o cümlədən ABŞ-la əməkdaşlıqdan imtina etmir: “Biz sülh və firavanlıq istəyirik, bunun arxasında iqtisadiyyat dayanır. ABŞ-la ticarət dövriyyəsi həcminin artırılması hər zaman diqqət mərkəzindədir, dövriyyənin həcmini təxminən 23 milyard dollara çatdırmışıq. Ötənilki 20 milyard dollarlıq dövriyyəni nəzərə alsaq, ciddi artım görürük”.

Fuad Əliyev: Bu gün adi vətəndaş çörək dalınca qaçmaq məcburiyyətindədir

Fuad Əliyev 

Siyasi icmalçı Fuad Əliyev Rusiyanın sanksiyalara qarşı alternativ bazarlar kəşf etdiyini düşünür. Onun sözlərinə görə, bəzi postsovet respublikaları da ərəb dövləti kimi Rusiyaya bu məsələdə dəstək verir. Ekspertin fikrincə, BƏƏ Qərb dövlətləri ilə yaxşı iqtisadi əlaqələrə malikdir, lakin birgə təzyiq mexanizminin ciddi nəticə verəcəyini gözləmir: "Digər tərəfdən isə ABŞ-ın müttəfiqi olan İsraillə BƏƏ arasında diplomatik münasibətlər qurulub. Vaşinqton ərəblərin bu siyasətini alqışlayır. O səbəbdən istəməzlər ki, münasibətlər gərgin müstəviyə keçid etsin. Ola bilsin ki, müəyyən təzyiqlər olacaq. Ancaq kimsə Əbu-Dabiyə qadağa qoya bilməz. Eyni zamanda Ərəb Əmirliyi Qərb üçün önəmli iqtisadi tərəfdaşdır”. Onun sözlərinə görə, Rusiya Afrika, ərəb ölkələri, Çin, Hindistan və digər bazarlarla sanksiyalardan aldığı zərbəni kompensasiya edə bilir: “Üstəlik, Rusiyanın enerji məhsulları hələ də Avropaya gedir. Qərb bu asılılığı minimuma endirə bilməyib. Üstəlik, sanksiyalar Rusiyaya təsir etsə də, ağır vəziyyətə sala bilməyib. Çünki ölkənin daxili resursları, potensialı və alternativ bazarlara çıxışları mövcuddur. O baxımdan koalisiya qüvvələri ayrı-ayrı ölkələrə təzyiq edirlər ki, Rusiya ilə əməkdaşlıq etmə. Əgər belədirsə, Vaşinqton himayə etdiyi Ermənistan hakimiyyətindən başlasın. İrəvan üzdə Rusiya əleyhinə danışır, amma altdan-altdan Avropadan mallar sifariş edib Rusiyaya ötürür. Amma ABŞ buna görə Ermənistana təzyiq etmir. Çünki Paşinyan iqtidarını qoruyur və onun əli ilə guya rus təsirini bölgədə azaldır. Halbuki Paşinyan həm də Rusiyaya sanksiyalar məsələsində kömək edir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR