İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb, BMT otuz ildə belə fəal olsaydı...

776 24.12.2022 11:57 Yazarlar A A

Azərbaycanlı ictimai fəalların aksiyasına reaksiyalar ermənilərin düşündükləri kimi ciddi olmadı, amma onlar tamam diqqətdən kənarda da qalmadılar – müxtəlif dövlətlər və təşkilatlar Bakını Dağlıq Qarabağ ermənilərini humanitar blokadada saxlamaqda ittiham etdilər.

Məsələ gedib hətta BMT-yə də çıxdı. Burada da müzakirələr oldu. Qəribəsi, bilirsinizmi, nədir? Bu dövlətlər, təşkilatlar vaxtında belə fəal olsaydılar, problem otuz il uzanmazdı. Bizim rayonlarımız bir-birinin ardınca işğal olunarkən BMT dörd qətnamə qəbul etdi. Amma onlar kazğız üstündə qaldılar, təşkilat bir dəfə belə olsun onları həyata keçirməyə cəhd etmədi və beləcə, otuz il keçdi.

Bu müddət ərzində Minsk Qrupunun həmsədrləri münaqişəni çözməkçün bazis prinsiplər axtardılar. Halbuki onlar dörd qətnamədə ifadə olunmuşdu: burada erməni silahlı dəstələrin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması tələb olunurdu. Amma otuz il ərzində ermənilər bu əraziləri diplomatik danışıqlarda bir torq predmeti kimi istifadə etdilər, ərazi əvəzinə status tələb etdilər. Fəqət, proseslər onlar deyən kimi olmadı – torpaqlarımızın böyük hissəsini biz özümüz azad etdik və faktiki olaraq BMT TŞ-nın dörd qətnaməsinin qərarlarını həyata keçirdik...

Amma problem bununla qətiyyən bitmədi. Biz torpaqlarımızı azad edəndən sonra həmsədrlər otuz ildə göstərmədikləri fəallıq nümayiş etdirdilər, Azərbaycanın əleyhinə çalışdılar. ABŞ-ı, Fransanı Ermənistanın geosiyasi orientasiyası maraqlandırmadı, onlar İrəvanın Rusiya ilə bir geosiyasi ittifaqda olmasına məhəl qoymadan Azərbaycana qarşı işə keçdilər. Elə Rusiya da dinc dayanmadı. İki il keçsə də Rusiya sülhməramlıları Dağlıq Qarabağı erməni silahlılarından təmizləmədi, əksinə, Dağlıq Qarabağda ötən əsrin səksəninci-doxsanıncı illərindəki vəziyyətə bənzər situasiya yaratdı. İndi nəinki bizim rəsmilər, əsgərlər, hətta beş-on ictimai fəalımız Dağlıq Qarabağ ərazisinə buraxılmır, onlar dinc monitorinqlərini keçirmək üçün ora keçə bilmir və bu soyuqda dinc aksiya keçirmək məcburiyyətində qalırlar.

Bəli, bu, çox qəribə münaqişə oldu. On illərdir ki, Dağlıq Qarabağ qazını, işığını bizdən alır, bizə qarşı müharibə aparsa da, münaqişə bölgəsinə yaxın ərazilərimizi humanitar blokada da saxlasa da heç kim buna məhəl qoymadı, heç kim Naxçıvanın blokadasından danışmadı. İndi isə bir ağızdan Dağlıq Qarabağın “humanitar fəlakət”lə üzbəüz qalmasından bəhs edirlər, Azərbaycanı az qala məhkəmələrə çəkirlər...

Həqiqətən də dünya ikili standartları dünyasıdır. Dünya bəlkə də heç vaxt belə eybəcər olmamışdı. Bu eybəcərlik özünü təkcə bizim bölgədə biruzə vermir. Rusiya Cənubi Qafqazda özünü “sülh göyərçini” kimi aparmağa çalışır, amma Ukraynada müharibə aparır. Yeri gəlmişkən, bu günlərdə Ukrayna prezidenti ABŞ-da oldu, Ağ Evdə görüşlər keçirdi, Konqresdə çıxış etdi, amma amerikalılar xoruz döyüşdürməkdə davam edir, Kiyevə zəruri olan köməyi göstərməyə tələsmirlər. Bir neçə ay bundan əvvəl bildirilmişdi ki, Vaşinqton Kiyevə qırx milyard dollarlıq hərbi yardım göstərəcək, amma hələ söhbət bir-iki milyarddan gedir.

Niyə burada birdən-birə Rusiyaya keçdik? Məsələ bundadır ki, Moskvanın bir əli buraları qarışdırmaqdadırsa, digər əli Ukraynadadır. Kiyevdə uğur qazana bilməyən Kreml nüvə silahının adını hallandırmadan belə çəkinmir. Kiyev Moskvanın bütün planlarını alt –üst etdi, onu bir növ biabır etdi, hərbi mifini dağıtdı. On illər bundan əvvəl bunu balaca Çeçenistan etmişdi. Ruslar düşünürdü ki, qalan Ukraynanı da Krım kimi bir neçə saatın içində işğal edəcəklər. Amma illərdir ki, Donetsk və Luqanskda ilişib qalıblar, gah irəli gedir, gah da geri çəkilirlər...

Rusiyanın bizim bölgədəki siyasəti də tamamilə faş oldu. Adam son olaylara baxanda Dağlıq Qarbağdakı Xüsusi İdarəetmə Komitəsini, onun rəhbəri, ermənilərin nökəri Arkadi Volskini xatırlayır. Bütün hallarda, bilməli idik ki, ruslar buralara öz sülhməramlılarını elə-belə, boş yerə gətirmirlər...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR