İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəddar təbliğat savaşı və Azərbaycanın görməli olduğu işlər – təkliflər  

2071 21.09.2022 15:34 Siyasət A A

Dünya tamamilə qarışıb. Təkcə əsgəri döyüşlər deyil, iqtisadi, geoiqtisadi, geosiyasi - xülasə, bütün istiqamətlər üzrə qütblər, güclər savaşır. Bilinən odur ki, yeni düzən qurulur, başqa sözlə “başbilənlər” dünyanı yenidən bölüşdürürlər. Görünən budur ki, qarşıdakı illərdə çox mürəkkəb bir vəziyyət hökm sürəcək.

Bütün qarışıq zamanlarda, savaşlarda, çəkişmələrdə informasiya, təbliğat cəbhəsi xüsusi önəm kəsb edib, üstünlüklər həm də bunun üzərindən qazanılıb. Müasir dövrdə informasiya silahından maksimum və peşəkar şəkildə yararlanmaq günümüzün reallığıdır. Bu tələbə incəliklə, lazımınca əməl etmədən, kontr-mexanizmlər qurmadan böyük hədəflərə çatmaq hətta mümkünsüz ola bilər.

Hazırkı siyasi, hərbi və iqtisadi şərtlər daxilində Azərbaycanın yeri, mövqeyi və önəmi haqda çox danışmağa, izah verməyə ehtiyac yoxdur. Çünki bunu indi əksəriyyət bilir, başa düşür. Qısaca onu deyək ki, Qalib Azərbaycan hazırda dünyanın, bütün qütblərin diqqət mərkəzindədir. Regionun lider dövləti, şərtləri diqtə edən, İkinci Qarabağ Müharibəsindən sonra yeni reallıqlar yaradan Azərbaycanın bundan sonrakı dönəmdə həm görməli olduğu işlər çoxdur, həm də bizə qarşı planları önləməlidir.

12-13 sentyabr hadisələri zamanı informasiya cəbhəsindəki “qaydasız döyüş” metodlarının mövcudluğunun şahidi olduq. Ermənistanın uydurmalarına dünyada inananlar heç də az olmadı. Dünyanın bir çox media orqanları birtərəfli informasiyalar tirajladılar. Düzdür, Azərbaycan da sakit dayanmadı və bütün mümkün variantlardan istifadə olundu, həqiqətləri bir daha çatdırmağa çalışdıq. Nə dərəcədə nail olduq, bu başqa məsələdir.

Burada ortaya bir həqiqət də çıxdı ki, gələcək üçün planlar qurmağa, informasiya cəbhəsində daha artıq silahlanmağa bir gün belə vaxt itirmədən diqqət ayırmalıyıq.

Hər kəsə bəllidir – müasir dövrdə informasiya savaşı ən amansız savaşdır. İnformasiya, ənənəvi media və sosial media hazırda dünyada ən güclü silahdır. Biz informasiya cəbbəxanasını, arsenalını maksimum gücləndirməliyik, yeni “silah-sursat”larla təmin etməliyik.

                                                     ****
İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı dönəmdə Azərbaycan Prezidenti İlham Əliyev informasiya cəbhəsində də liderliyi üzərinə götürmüşdü. Ön cəbhədəki qələbəmizlə yanaşı, informasiya cəbhəsində də zəfər qazandığımızı söyləyə bilərik.
Postmüharibə dövründə Prezident dəfələrlə vurğuladı ki, qarşıdakı müddətdə Azərbaycan informasiya savaşında, habelə diplomatik mübarizədə bir an dayanmamalıdır və bu bizə çox lazımdır.

Proseslərin gedişi göstərdi ki, ermənilər məğlubiyyətlərindən sonra informasiya təxribatlarını dünya boyunca daha da artırıblar.12-13 sentyabr hadisələrində bunun bir daha əyani şahidi olduq ki, informasiya müharibəsi nə qədər önəmlidir.

Düzdür, qeyd etdiyimiz kimi, Azərbaycan bu dəfə də səsini dünyaya duyura bildi, həqiqətləri çatdırdı. Amma xeyli çatışmazlıqlar, boşluqlar da müşahidə olunmaqdadır.

Ancaq həm də onu müşahidə etdik ki, informasiya savaşında daha da böyük işlər görülməsinə ciddi zərurət var.

Əlbəttə, dövlət bu sahədə xeyli işlər görür və görəcək. İnformasiya məkanının bir təmsilçisi kimi, müəyyən düşüncələrimi bölüşmək istərdim.
İnformasiya cəbhəsində, mübarizəsində elə bir sistem, mexanizm qurmalıyıq ki, saat kimi işləsin. Hansısa fors-major, təxribatlar baş verəndə özümüzü itirməyək, gecikməyək, dünyaya dərhal həqiqətləri çatdıra bilək deyə, mükəmməl, daim çalışan, anındaca hərəkətlənən bir sistemə sahiblənməliyik. Elə bir mərhələyə, səviyyəyə çatmalıyıq ki, hansısa bir məqamda informasiya savaşında Prezidentin arxasında nizamlı bir təbliğat ordusu olsun. Həm dünyada, həm də daxili auditoriya üçün.

Həm daxili, həm də xarici auditoriya üçün informasiya-təbliğat işi paralel inkişaf etməlidir. Hazırda daxili auditoriyanı da bir çox hallarda xaricdən və xaricdən idarə olunan şəbəkələrə çaşdırmağa, yönətməyə baş vururlar.

840012.jpg (28 KB)

Əlbəttə, biz ilk növbədə həqiqətlərin operativ qaydada dünyaya çatdırılmasına dıqqət yetirməliyik.

Xüsusi ilə dünyanın nüfuzlu media orqanları ilə əməkdaşlıq etmək, onların Azərbaycan xəbərlərini də tirajlamasına nail olmaq üçün mexanizmlər qurulmalıdır. Çünki Azərbaycanın rusdilli, ingilisdilli saytları həm çox azdır, olanlar da dünyada populyar deyil, hətta çox yerdə tanıyan yoxdur.

Düzdür, dünyanın nüfuzlu media orqanları ilə əməkdaşlığa nail olmaq o qədər də asan iş deyil. Ancaq çarəsiz də deyil. Medianın İnkişafı Agentliyinin, yaxud da digər müvafiq qurumun xətti ilə Azərbaycanın nüfuzlu media qurumları ilə dünyanın aparıcı media orqanları arasında uyğun koordinasiya, informasiya mübadiləsi, əməkdaşlıq qurmaq üçün çalışmaq lazımdır. Bu, səmərə verə bilər.

Məsələn, Azərbaycanın güvənilən, operativ saytları ilə Avropa ölkələrinin saytlarının arasında bir körpü qurulur. Gündəlik onlar bir-birinə dünya üçün maraqlı olan xəbərləri qarşılıqlı şəkildə təqdim edirlər. Hər iki tərəfdən buna məsul edilmiş bir şəxs olur. Mən buna oxşar təcrübəni Moldovanın “Tribuna” agentliyinin redaksiyasında olarkən müşahidə etmişdim, çox bəyənmişdim.

İnformasiya-təbliğat sahəsində digər faydalı, effektiv iş böyüklü-kiçikli bütün ölkələrdə səfirliklərin olduqları ölkələrdə saytlarla əməkdaşlıq qurmaları, davamlı informasiya ötürmələridir. Bu iş üçün səfirliklərin çox peşəkar, media-piar işini bilən əməkdaşı olmalıdır. Təəssüf ki, əksər səfirliklərdə buna önəm verilmir.
Lazım gələrsə səfirliklərin xətti ilə şəffaf şəkildə, ödənişli əsaslarla o ölkələrin saytlarında məqalələr yerləşdirilməsi də uğurlu ola bilər, dünya təcrübəsində buna çox rast gəlinir. Bir çox dövlətlər bunu tətbiq edir.

Habelə, Azərbaycanda beynəlxalq təşkilatlarla, media orqanları ilə əməkdaşlıq qurmaq imkanları, normal dövlətçilik qafası olan jurnalistlərə bu işdə mümkün dəstəyi vermək faydalı ola bilər.

Bunun çox sadə bir mexanizmi qurula bilər: Dünyada, regionda gedən prosesləri izləyən, doğru nəticələr çıxarmağı bacaran, həmçinin, hansısa təlimat gəlmədən də Azərbaycanın maraqlarının, strateji mövqeyinin nədən ibarət olmasını bilən, dərk edən jurnalist və politoloqlardan ibarət bir beyin mərkəzi qurulur. Həmin mərkəzin görəvi səfirlikləri, nüfuzlu dünya agentliklərini, habelə yerli media orqanlarını, böyük sosial şəbəkə səhifələrini operativ və obyektiv məlumatlarla anındaca təmin etmək olur. Bu iş üçün çox da böyük bir komandaya ehtiyac da yoxdur. Cəmi 6-7 nəfər strateji düşünmək, operativ çalışa, təhlil etmək qabiliyyəti, səhih informasiyalar toplayıb hazır edən bilən adamlar kifayətdir. Belə bir işlək mərkəz çox faydalı ola bilər. Bəzən iradlar eşidirik ki, filankəs strategiyanı əla bilir, təəssüf, ingilis, fransız, rus dilində bilmir. Şərt deyil hamısı ingilis, rus dilini bilsin. Əsas strateji hədəfləri düzgün müəyyən edə bilən kəslər olmalıdır. Onların hazırladığı sanballı materialları tərcüməçi 15 dəqiqəyə tərcümə edə bilər müxtəlif dillərə...

İnformasiya cəhbəsindəki bütün boşluqlar doldurulmalıdır. Qeyd etdiklərimdən fərqli uğurlu təkliflər, ideyalar da təbii ki, ola bilər və var. Sadəcə, bir an belə gecikmədən sistemli işlər görülməli, mexanizmlər qurulmalıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR