İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazı ucuzlaşdıran səbəb - anbarları dolduran Avropada arxayınlıq yaranıb?

895 27.10.2022 08:20 İqtisadiyyat A A

Avropa İttifaqı nazirləri enerji təhlükəsizliyi tədbirləri paketini razılaşdıra bilmirlər

Soyuq payız-qış mövsümünün başlandığı dövrdə Rusiya qazından imtina edən Avropada qaz qiymətləri ciddi şəkildə ucuzlaşır. Oktyabrın 18-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 6 faiz ucuzlaşaraq iyunun əvvəlindən bəri ilk dəfə 950 dollardan aşağı enib.

Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 942 dollar təşkil edir. Məlumatda deyilir ki, qazın qiymətinin ucuzlaşması Avropa anbarlarında mavi yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması (93,5 faiz), regionda isti hava şəraitinin bərqərar olması və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması (18 faiz) fonunda baş verib.

Sinoptiklər oktyabrın sonunadək Avropada son 3 ildə müşahidə olunan ən mülayim hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar. Hazırda qoca qitədə havanın temperaturu keçən ilkindən ən azı 3 dərəcə yüksəkdir.

Azərbaycan Avropaya qaz ixracını ARTIRACAQ

Anbarlara illik ehtiyacının 25 faizdən çoxu həcmdə - 100 milyard kubmetrdən çox qaz toplayan Avropa ölkələrinin maye qaz terminallarındakı ehtiyatları da maksimum həddə çatıb. Artıq aydın görünür ki, Avropa İttifaqı bu qışı Rusiya qazı olmadan keçinə biləcək. Buna görə də hazırda diqqətlər 2023-2024-cü il qış mövsümünə hazırlıq prosesinə yönəldilir. Buna görə də Avropa İttifaqının energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər. Avropa İttifaqına sədrlik edən Çex respublikasının sənaye və ticarət naziri Jozef Sikelanın verdiyi məlumata görə, energetika nazirləri Avropa İttifaqı Enerji Şurasının 4-cü növbədənkənar iclasını keçirəcəklər: “Nazirlər fövqəladə antiböhran tədbirləri paketini təsdiqləmək üçün noyabrın 24-də Brüsseldə görüşəcəklər”.

Artıq bir neçə aydır enerji, xüsusilə də qaz bazarında qiymətlərin tənzimlənməsi, qeyri-real əsaslı qiymət artımlarına yol verilməməsi üçün Avropa Komissiyası tərəfindən tədbirlərin hazırlanması üçün müzakirələr aparılır. Komissiya əsas diqqəti təbii qaz üçün satıcı və alıcıları təmin edəcək qiymət tavanının tətbiq olunmasına yönəldir. Hazırlanmaqda olan antiböhran paketinə Aİ ölkələrində təbii qazın mübadilə qiymətləri üçün dinamik qiymət dəhlizinin yaradılması, maye qazın istehlakının 15 faizə qədəri səviyyəsində birgə alış mexanizminin işə salınması və sair addımlar nəzərdə tutulur.

"Bloomberg" agentliyinin hesablamalarına əsasən, Avropa İttifaqının depoladığı qaz həcmləri onun tələbatından yuxarıdır: “Avropalılar anbarları doldurmaq üçün hər yerdən qaz aldılar. İndi istilik sistemi işə salınmadan anbarlar ağzına qədər doldurulub. Qaz qiymətləri də ucuzlaşaraq yaydakından 3 dəfə aşağı düşüb. Lakin risklər hələ də qalmaqdadır. Çox şey hava şərtlərindən asılıdır: kəskin soyuqlaşma olarsa, Avropa anbarlardan istifadəyə başlayacaq. Hökumətlər həmçinin enerji aktivlərinə yönəlik bazarda təlatüm yaradacaq yeni təxribatlardan ehtiyatlanırlar. Noyabrda Avropanın uzunmüddətli soyuması gözlənilmir. Bundan əlavə, hesablamalara görə, 2022-ci ildə qaza tələbatın azalması, əsasən iri sənaye istehlakçılarının fəaliyyətinin dayandırılması hesabına təxminən 7-9 faiz səviyyəsində qiymətləndirilir. Lakin bu, Avropa İttifaqının 15 faizlik hədəfindən geri qalır”.

Rusiya Avropaya qazı kəsdi. Avropa nə edəcək? - 5 suala cavabda - BBC News  Azərbaycanca

İtaliyanın “Illumia” enerji şirkətinin mütəxəssisi Cakomo Masatonun fikrincə, Avropada qaz bolluğu dekabra qədər davam edəcək. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol isə bildirib ki, havalarda anomal soyuqlaşma olmasa, Avropa bu qışı Rusiya qazı olmadan keçirə biləcək: “Əgər fövqəladə səviyyədə soyuq və uzun davam edəcək qış olmasa, "Şimal axınları"ndakı kimi sürpriz hadisələr qeydə alınmasa, Avropa bu qışı iqtisadi və sosial sferalarda müəyyən zədələrlə başa vuracaq".

"Bloomberg"in yazdığına görə, noyabrda Avropa nazirləri enerji böhranına qarşı hansısa tədbirləri razılaşdıra bilsələr belə, onların real nəticələri bu qış deyil, gələn qış hiss ediləcək. Çünki Avropa İttifaqının nəzərdə tutduğu tədbirlərin icrasına ən yaxşı halda yazdan başlamaq mümkün olacaq.

İyul ayında Avropa nazirləri qaz istehlakının 15 faiz azaldılması barədə qərarı bir həftəyə razılaşdıra bildilər, çünki qiymətlər çox yüksək, anbarlar yarıboş idi. Ondan bəri ötən müddət ərzində enerji təminatında müşahidə olunan böhranın aradan qaldırılması, növbəti qış üçün ehtiyatların daha aşağı qiymətlərlə təmin olunması istiqamətində hər hansı qərara gəlinməsi baş tutmayıb. Agentlik bildirir ki, anbarların maksimum həddə qədər doldurulması Avropada arxayınçılıq hissinin yaranmasına səbəb olduğuna görə proses ləngiyir. Halbuki növbəti mövsüm üçün hazırlıqların indidən başlanması son dərəcə vacibdir. Agentliyə danışan ilin sonuna qədər Avropa Birliyinə sədrlik edən Çexiyanın ticarət və sənaye naziri Yozef Sikela oyunun başa çatmadığını deyib: “Avropa Komissiyası pazlın qalan hissəsini də yerinə qoymalıdır. Oyun hələ bitməyib. Bitmədiyinə görə də bizə fövqəladə tədbirlər lazımdır. Bu, hazırkı vəziyyət nəzərə alınmadan həyata keçiriləcək tədbirlər olmalıdır”.

Yeri gəlmişkən, Avropanın Rusiya qazından asılılığı minimuma endirməsində mühüm rol oynayan Norveç Avropa Komissiyasının təbii qaza qiymət tavanının tətbiq edilməsi təklifinə qarşıdır. Ölkənin Neft və Enerji Nazirliyindən Rusiyanın “İzvestiya” nəşrinə bildirilib ki, bu addım Avropada qaz çatışmazlığı problemini dərinləşdirə bilər.

Qeyd edək ki, Avropanın qaz tələbatını ödəmək üçün Norveç hökuməti yayda 7 yataqdan hasilata icazə verib. Bunun nəticəsində 2022-ci ildə Norveçdən Avropaya qaz nəqlini 8 faiz artırmaq mümkün olub. İlin yekununda Norveçin Avropaya satdığı qazın həcminin 122 milyard kubmetr olacağı gözlənilir. Bu həcmin yarısı 2020-ci ildəki yanğından sonra fəaliyyəti dayandırılan Hammerfest LNG maye qaz zavodunda istehsalın bərpası hesabına təmin edilib. Sentyabrın 27-dən isə Norveçdən Polşaya qaz nəql edən Baltic Pipe kəməri işə salınıb. İllik ötürücülük gücü 10 milyard kubmetr olan kəmər yalnız Polşanın deyil, Ukraynanın da qaz təminatına töhfə verəcək. Ukraynada hazırda qaz anbarlarında 15 milyard kubmetrə yaxın ehtiyat mövcuddur. Ölkənin daxili istehsalı ilə birlikdə bu həcm qışı keçirməyə imkan verəcək, əgər Rusiya təchizat sistemlərini sıradan çıxarmasa.

Bu arada Avropada qaza tələbatın azalması fonunda ABŞ-da - Texas ştatının qərbində təbii qazın qiyməti 2020-ci ildən bəri ilk dəfə sıfırdan aşağı düşüb. Ölkədə qaz ehtiyatları son 3 ilin maksimumuna çatıb.

Avropanın bu qış dərin sarsıntı yaşamadan enerji təchizatını təmin etməsi, növbəti qış üçün hazırlıqlara başlaması göstərir ki, artıq Rusiya qazının bu qitədə satış həcmlərinin artması ehtimalı demək olar ki, yoxdur. Avropa növbəti mövsümdə də Rusiya qazı olmadan enerji təchizatına nail ola bilsə, 2024-cü ildən qitəyə qaz çatdırılmasını artırmaq üçün başladılan bir neçə iri layihənin yekunlaşması nəticəsində öz enerji təhlükəsizliyini tam təmin etmiş olacaq.

Dünya SAKİT,
“Yeni Mesavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR