İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazdan gəlirimiz artıb, daha nə qədər artacaq?

1228 28.10.2022 09:50 İqtisadiyyat A A

Əlverişli qiymət şərtləri hasilat və nəqlə çəkilən xərclərin daha tez bağlanmasına səbəb ola bilər

Rusiyanın Ukraynaya hücumu yalnız beynəlxalq siyasi münasibətlərdə deyil, dünya iqtisadiyyatında da tamam fərqli düzənin formalaşmasına gətirib çıxarıb. Artıq heç kimə sirr deyil ki, Avropa və ABŞ başda olmaqla, inkişaf etmiş ölkələr  Rusiyanı etibarlı tərəfdaş olaraq görmür, onunla mümkün olan bütün sahələrdə iqtisadi-ticari əlaqələri də dayandırmağa çalışırlar. Artıq bu istiqamətdə böyük addımların atıldığını rahatlıqla söyləmək olar. Belə ki, Avropa İttifaqı Rusiya qazından 24 fevralda 40 faizə çatan asılılığını oktyabrın 18-i tarixi üçün 7 faizə qədər azaldıb. Aİ buna həm birlik ölkələrində qaz istehlakını azaltmaq, həm də digər mənbələrdən idxalı artırmaq yolu ilə nail olub. Belə mənbələrdən biri də Azərbaycandır.

Avropa İttifaqının xahişini nəzərə alan Azərbaycan cari ildə qitəyə qaz nəqlini 30 faizədək artırıb. Ölkə 2022-ci ilin yanvar-sentyabr aylarında ümumi qaz ixracını 22,6 faiz artıraraq 16,3 milyard kubmetrə çatdırıb. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edən Azərbaycan bu ilin doqquz ayında analoji həcmdə tədarükə nail olub - 8,3 milyard kubmetr. Göstərilən dövrdə Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana 1,9 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yekunlarına əsasən Azərbaycanın 22-23 milyard kubmetr qaz ixrac edəcəyi, bunun 11,5 milyard kubmetrinin Avropaya göndəriləcəyi planlaşdırılır.

Neft və qazdan gəlirimiz 135 milyard dollara yaxınlaşdı | marja.az

Doqquz ayda ixrac edilən qazın ümumi qiyməti 12 milyard 103 milyon dollar təşkil edib. Bununla yanaşı, dünya bazarında qazın kəskin bahalaşması səbəbindən ixrac edilən qazın ümumi dəyəri 4,1 dəfə artıq olub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin eyni dövründə Azərbaycanın xaricə satdığı qazın həcmi 14 milyard 927 milyon kubmetr, bundan əldə edilən gəlir isə 2 milyard 951 milyon dollar təşkil etmişdi. Nəticədə 2021-ci ilin yanvar-sentyabr aylarında xaricə ixrac edilən qazın hər min kubmetrinin dəyəri 198 dollar təşkil etmişdi. 2022-ci ilin eyni dövründə isə xaricə ixrac edilən qazın hər min kubmetri 731 dollara yüksəlib.

Qaz ixracından gəlirlərin sürətlə artması nəticəsində Azərbaycanın qaz gəlirləri sürətlə neft satışından daxil olan gəlirlərə yaxınlaşır. Belə ki, 2021-ci ilin ilk 9 ayında ölkədən 9 milyard 303 milyon dollarlıq neft ixrac edilmişdi və bu rəqəm qaz gəlirlərini 3,1 dəfə üstələyirdi. 2022-ci ildə isə ölkədən neft ixracından daxil olan gəlirlər 14 milyard 897 milyon dollar təşkil edib. Bu isə builki qaz gəlirlərindən 1,2 dəfə artıqdır.

Maraqlıdır ki, qaz ixracından əldə edilən vəsaitin çox kiçik bir hissəsi mənfəət qazı olaraq Azərbaycan dövlətinə çatıb. Dövlət Neft Fondunun məlumatına əsasən “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından doqquz ayda quruma 1 milyard 209 milyon dollar, yaxud təxminən 2 milyard 55,3 milyon dollar daxil olub. Bunun 328,567 milyon dolları, yaxud 558 milyon 563,9 min manatı qaz kondensatının payıdır.

Qaz ixracından Neft Fonduna az vəsaitin daxil olması, böyük ehtimalla,  “Şahdəniz” yatağının işlənməsinə dair hasilatın pay bölgüsü sazişindən irəli gəlir. Belə ki, sazişə əsasən ixracdan əldə olunan gəlirlər ilk növbədə işlənməyə çəkilən xərclərin qarşılanmasına yönəldilir. Dünya bazarında yaranan  əlverişli qiymət şərtləri yaxın 2-3 ildə davam edərsə, Azərbaycanın “Şahdəniz”dən gəlirlərinin daha sürətli artımını təmin edəcək.

Azərbaycanın qaz satdığı Avropada qiymətlərin yaxın və ortamüddətli dövrdə yüksək olaraq qalacağı gözlənilir. Dünya Bankı (DB) 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır. Digər bir sıra beynəlxalq qurumlar da eyni mövqedədirlər. Analitiklər hesab edirlər ki, Avropa İttifaqının qaz qiymətlərini aşağı salmaq üçün göstərdiyi çabalara rəğmən, 2024-cü ilin sonunadək buna nail olunması real görünmür. Məlumat üçün bildirək ki, Avropa Komissiyası qaz bazarında qiymətlərin cilovlanması üçün təkliflər hazırlayır. Komissiyanın qaza qiymət tavanı tətbiq edilməsi təklifi bir neçə ay müzakirə olunsa da, konkret qərara gəlinməsi mümkün olmayıb. Üstəlik, Avropanın ən böyük qaz təchizatçısı olan Norveç bu addıma qəti etirazını bildirib. ABŞ-ın maye qaz istehsalçısı olan şirkətlərinin də bu ideyanı qəbul edəcəkləri gözlənilən deyil.

Oxu.az - Azərbaycanın qazın satışından əldə etdiyi gəliri AÇIQLANDI - FOTO

Avropa bu qış qaz ehtiyatını təmin edə bilib. Onun anbarlarında 100 milyard kubmetrdən artıq qaz var. Bu, qitənin qış aylarını ciddi problem yaşamadan keçirməsinə imkan verəcək. Proqnozlara görə, aprel ayına qədər Avropa İttifaqının anbarlarının qazla dolum səviyyəsi 23-25 faizə qədər azalacaq. Bu isə növbəti mövsümə qədər Avropanın anbarlara vurmaq üçün gündəlik ehtiyaclarından əlavə 75-77 milyard kubmetr qaza ehtiyacı yaranacağı deməkdir. 2022-ci ilin yazından fərqli olaraq 2023-cü ilin yazında Rusiyadan qaz idxalı ya ümumiyyətlə, olmayacaq, ya da cüzi həcmləri ifadə edəcək. Belə bir şəraitdə qaz qiymətlərinin kəskin ucuzlaşması gözlənilən deyil. Yaxın və ortamüddətli dövrdə Avropa sənayesində qaza tələbatın da sürətlə artımı gözlənilir ki, bu da qiymətlərə artım istiqamətində təsir edəcək amillərdən biridir.

Dünya Bankının qiymətləndirmələrinə əsasən Azərbaycanın 2,4 trilyon kubmetr (qlobal ehtiyatların təqribən 1,4 faizi) təbii qaz ehtiyatları var və ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır: “Bu isə Azərbaycanın hasilatın artırılması üçün potensiala malik olduğunu göstərir. Beləliklə, qaz ixracı neftlə müqayisədə daha az gəlir gətirsə də, Azərbaycan üçün neftdən daha davamlı iqtisadi fəaliyyət və gəlir mənbəyidir. Bundan əlavə, o, Azərbaycanda hidrogen sənayesinin inkişafına da kömək edə bilər”.

Bankın hesabatına görə, təbii qaz kömürlə müqayisədə CO2 emissiyasının təxminən yarısına səbəb olur və buna görə də digər karbohidrogen mənşəli yanacaqlardan daha yaxşı perspektivlərə malikdir: “Nəticə etibarilə, təbii qaza tələbatın indiki səviyyələrə yaxın qalacağı və ya gələcəkdə daha da artacağı, xüsusən də Asiya regionunda tələbatının artacağı gözlənilir”.

Dünya Bankı hesab edir ki, təbii qazın daxili istehlakının azaldılması Azərbaycana təbii qaz ixracını artırmağa imkan verərdi: “Bundan əlavə, külək və günəş texnologiyalarının qiymətində davam edən azalma, xüsusən neft və qaz sənayesi ilə müqayisədə bərpa olunan enerji mənbələrinə investisiyaları cəlbedici edir. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalının artırılması karbonsuz elektrik enerjisinin ixracını artırmağa imkan verməklə yanaşı, karbon qiymətlərinin daha da geniş yayılacağı təqdirdə əlavə qiymət artımına gətirib çıxarardı. Bundan əlavə, bərpa olunan enerjidən yaşıl hidrogen istehsal etmək üçün istifadə edilə bilər ki, bu da Azərbaycan üçün başqa bir potensial imkandır”.

Neft və qazdan gəlir 146 milyard dolları keçdi | Banco.az

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın təqribən 23 000 MVt texniki günəş potensialı, 3 000 MVt külək potensialı və 500 MVt-dan çox su enerjisi potensialı var. Bununla belə, hesabata görə, hazırkı qiymətlərlə iqtisadi cəhətdən sərfəli olan həcm daha azdır: “Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanın elektrik stansiyalarının ümumi gücü təxminən 7 500 MVt təşkil edir və onun da əhəmiyyətli hissəsi təbii qazla çalışır”.

SOCAR-ın açıqladığı statistik məlumata əsasən, bu ilin üçüncü rübündə ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Şirkət bunu ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi  ilə əsaslandırır: “Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft, 898 milyon kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz artıb”.

Bu ilin üçüncü rübündə SOCAR-ın istismar etdiyi yataqlarda  2 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatının 1,3 faiz artması deməkdir.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin üçüncü rübündə bütövlükdə ölkə üzrə qaz istehsalı 11 milyard kubmetrə yaxın olub ki, bunun da 5,2 milyard kubmetri ixrac edilib (artım 16 faiz).

İyul-sentyabrda  SOCAR tərəfindən Gürcüstan bazarına 174 milyon kubmetr təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.

Onu da qeyd edək ki, hazırda Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizinin iki seqmentində - TANAP və TAP kəmərlərində genişləndirmə işləmlərinə başlanılıb. İyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Memoranduma əsasən 2027-ci ilədək ölkəmizin Avropaya qaz ixracı 20 milyard kubmetrə çatdırılmalıdır. Bu isə əlverişli qiymət şəraitində ölkənin qaz hasilatı və ixrac infrastrukturuna çəkilən xərcləri daha tez bağlamaqla mənfəət həcmlərini artırmağa imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR