İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı nazir: Azərbaycanın Türk dünyasındakı əlaqələrdə əməyi çox böyükdür

363 09.03.2023 22:12 Siyasət A A

“Azərbaycan və Qazaxıstan tək qonşu ölkələr deyil, tarixi ənənələri, gələcəyi bir olan qardaş ölkələrdir”.

Bunu APA-ya açıqlamasında Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib.

Darxan Kidirali deyib ki, gələcəkdə televiziya, teleseriallar, cizgi filmləri və informasiya agentlikləri arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirlər:

“Bundan əvvəl Qazaxıstan televiziyalarında Azərbaycan filmləri həftəliyi olmuşdu, “Dədə Qorqud” və digər filmlər ölkəmizdə çox sevilir. Bu yaxınlarda Qazaxıstanda Azərbaycan teleserialları həftəliyini təşkil edəcəyik. İndi Astana və Bakıda da çoxsaylı forumlar keçirilir, qarşılıqlı olaraq bu forumlara ölkələrimizdən gələnlər çoxdur. Yazarlarımızın kitablarının tərcüməsi, çapı xalqlarımızı mədəniyyət, informasiya sahəsində daha da birləşdirir”.

Nazir qeyd edib ki, Qarabağda Qazaxıstanın tikdirəcəyi məktəbin təməli atılıb:

“Bütün bunların hamısı bizim gələcək əlaqələrimizin güclü olması üçün atılan addımlardır. Eyni zamanda, Azərbaycanla Qazaxıstanın informasiya sahəsində çox güclü əlaqələri var. Bu sıraya kitabların çapı, birgə filmlərin çəkilməsi, televiziya sahəsində əlaqələr daxildir. Təbii ki, bunlar yetərli deyil, bu sahədə əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Azərbaycanla Qazaxıstan "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə imzalayıb. Bu Bəyannamə çərçivəsində iqtisadi, siyasi, informasiya və gənclər sahəsində əlaqələrimizin daha da inkişaf edəcəyini düşünürəm. Bizim beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrimiz genişlənməkdədir. Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY və Türk Dövlətləri Təşkilatını qeyd etmək istəyirəm. Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda yarandığı üçün Azərbaycanın Türk dünyasındakı əlaqələrdə əməyi çox böyükdür. İkitərəfli əməkdaşlıq da sürətlə inkişaf etməkdədir. Azərbaycan və Qazaxıstanın əlaqələrinin daha da sürətlə inkişaf edəcəyinə ümid edirik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR