Argentinanın paytaxtı Buenos-Ayresdə Milli Konqres binası yaxınlığında keçirilən dinc nümayiş polislə toqquşmaya çevrilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iştirakçıları dağıtmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnaqlarından istifadə ediblər.
Bildirilir ki, Konqresdəki mitinqdə iki minə yaxın insan iştirak edib, onların arasında çoxlu yaşlı vətəndaşlar da olub. Onlara əllərində dövlət bayraqları və əfsanəvi oyunçu Dieqo Maradonanın portretləri tutan futbol azarkeşləri də qoşulub.
Argentina mətbuatının məlumatına görə, ayrı-ayrı etirazçılar polisə daş, butulka və səs qumbarası atmağa başlayanda vəziyyət gərginləşib. Nümayişçilər barrikadalar qurmağa və avtomobili yandırmağa cəhd ediblər. Buna cavab olaraq asayiş keşikçiləri xüsusi vasitələrdən istifadə edərək kütləni dağıdıblar.
İğtişaşlar zamanı onlarla insan yaralanıb, 150-yə yaxın şəxs saxlanılıb.
Musavat.com