İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaribaşvili istefasından əvvəl Azərbaycanın əleyhinə sənəd imzaladı - müəmma

29592 31.01.2024 13:00 Siyasət A A

Siyasi şərhçi: “Buna Gürcüstan hökumətini məcbur elədilər, lakin...” 

Ötən həftəsonu  Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə Tiflisdə strateji tərəfdaşlıq haqqında saziş imzaladı. 

Azərbaycanın icra etdiyi regional layihələrdən ən çox qazananın Gürcüstan olduğunu xatırladan siyasi analitiklər bildirir ki, buna rəğmən Qaribaşvili hökumətinin bu cür davranışı böyük təəssüf doğurur. Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe çox təəssüf ki, uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin zədələnməsinə xidmət edir. Ekspertlərə görə, rəsmi Bakı Tiflisə bununla bağlı narazılığını ifadə etməlidir. 

Qeyd edək ki, Gürcüstanın baş naziri və hökuməti yanvarın 29-da istefaya gedib.  Gürcüstan Konstitusiyasına əsasən, baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri baş nazirin birinci müavininə həvalə edilir.

Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var. Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır.

Bu sazişin Azərbaycan üçün hansı mənfi təsirləri ola bilər? Ermənistana yönəlik güzəştli siyasət Avropa və ABŞ-ın sifarişidir? Gürcüstanda yeni hökumət formalaşacaq. Bundan sonra münaasibətlər hansı istiqamətə yön ala bilər?

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə  gələnlərdir”

Abutalıb Səmədov 

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanla Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq barədə saziş, əlbəttə, Azərbaycan üçün xoş olmayan mənzərədir: “Şübhə yoxdur ki, bu sazişin imzalanmasına Gürcüstan hökumətini məcbur etilər. İlk növbədə Avropa İttifaqının təzyiqləri və ABŞ-ın da mövqeyi onları məcbur elədi ki, belə bir saziş imzalasınlar. Heç təsadüfi deyil ki, Gürcüstan nümayəndə heyəti AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti ilə əlaqədar ötən həftə keçirilən səsvermədə də iştirak eləmədi. Bu da şübhəsiz ki, Avropanın Tiflisə təzyiqinin nəticəsi idi.

Siyasi ekspertin fikrincə, sözügedən sazişin imzalanmasının Azərbaycana hansısa təsiri olası deyil. Bu saziş əslində kağız parçasından başqa bir şey olmayacaq. Gürcüstanın nə elə böyük gücü var, nə elə böyük potensialı var ki, onun Ermənistana verə biləcəyi bir şey olsun. Çox maraqlıdır, İrakli Qaribaşvili bəyan elədi ki, əslinə qalsa, biz mövcud münasibətlərimizi rəsmiləşdirmişik. Yəni əslində demək istəyir ki, Gürcüstan-Ermənistan münasibətləri necə idisə, elə də qalacaq, heç nə dəyişməyəcək. Adını strateji tərəfdaşlıq da qoymaq olar, lap strateji müttəfiqlik də. Ancaq heç nə dəyişməyəcək. Bu səbəbdən Azərbaycan üçün mən güman edirəm ki, narahatedici heç nə yoxdur".

A.Səmədovun qənaətincə, Gürcüstanın yeni yaradılacaq hökuməti də indiyə qədər yürüdülən xətti davam etdirəcək: “Əgər onlar Avropa İttifaqına daxil olmağı qarşılarına əsas məqsəd kimi qoysalar - çox güman belə də olacaq - bu xətt də davam etdiriləcək. Mən hesab edirəm ki, biz də Gürcüstanla siyasətimizi bundan sonra dəyişməməliyik. Biz Gürcüstan dövlətinin xarakterini bilirik. Bilirik ki, hər an onlar bizim gözləmədiyimiz addımı ata bilərlər. Ancaq Gürcüstanın Azərbaycan üçün əhəmiyyəti var və biz bunu da nəzərə almalıyıq. Təbiidir ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar Gürcüstanın rolu da azalacaq, ancaq hər halda, hesab edirəm bu cür sazişlərin imzalanması Azərbaycan-Gürcüstan münasibətlərində ciddi dəyişikliklərə səbəb olmamalıdır. Necə indiyə qədər gəlmişiksə, bundan sonra o xətti davam etdirməliyik. Çünki ötən illər ərzində biz Gürcüstanın buna bənzər addımlarının şahidi olmuşuq. Sonuncu dəfə bizi Fransa silahlarının öz ərazilərindən Ermənistana keçirilməsinə şərait yaradarkən təəccübləndirdilər. Ondan sonra AŞ PA-dakı məlum səsvermədə iştirak eləmədilər. Yenə də təəccübləndik. Gürcüstan bizi təəccübləndirməkdə bundan sonra da davam edəcək”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR