İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan sonra Malvin adalarını geri istəmək...

9058 07.01.2024 13:53 Yazarlar A A

Avropada monarxlar öz övladlarını taxta oturda bilərlər, amma Türkmənistan lideri oğlunu pis-yaxşı seçki ilə hakimiyyətə gətirəndə pis kişi olur...

Yeni 2024-cü ilin ilk günlərində iki maraqlı hadisə bayram atəşfəşanlığının bir az kölgəsində qaldı. Bu hadisələrin hər ikisi Avropada hələ də davam edən monarxiya idarəetməsi ilə birbaşa bağlıdır. Yeri gəlmişkən, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bayram günlərindəki bir yazımda da qeyd etmişdim ki, biz tarixən monarxist deyilik, bizə demokratiya dərsi verməyə həvəslənənlərdən fərqli olaraq respublikaçılıq Azərbaycanın taleyidir, Cümhuriyyət qurucusu Rəsulzadəyə əbədi sevgi və rəğbətimizin də əsas səbəbi həm də budur...

iki (1).png (747 KB)

Dünyada zaman-zaman müzakirə olunan mövzulardan biri monarxiyaların taleyidir. Adamın inanmağı gəlmir ki, Avropada İsveç, Norveç, Danimarka, Lüksemburq, İspaniya, Böyük Britaniya, Belçika, Hollandiya və bəzi cırtdan dövlətlərdə - Andorra, Lixtenşteyn, Monakoda da monarxiya rejimi qalır. Belə qədimlik onlarda gələnək(tarixi adət-ənənə), başqa yurdlarda isə tarixi gerilik kimi izah edilir. Məsələn, onlar öz övladlarını taxta oturda bilirlər, amma Türkmənistan lideri oğlunu pis-yaxşı seçki ilə hakimiyyətə gətirəndə olur pis kişi. Pisdirsə, ikisi də pisdir. Çünki monarxiya dövlətdən heç də ayrı deyil. Böyük Britaniyada kralın və ya kraliçanın səlahiyyətinin müharibə və sülh elanı olması ilə yanaşı, monarx Anqlikan Kilsəsinin rəhbəri kimi (bu, mütərəqqi ingilislərin nöqteyi-nəzərindən həm də zamanın yadigarıdır ) Lordlar Palatasının üzvlərini təyin edir.

dan5 (1).jpg (346 KB)

Belə ki, parlamentin yuxarı palatası demokratik yolla seçilmir, xalqın seçdiyi parlamentarilərin hazırladığı qanun layihəsinə isə veto qoymaq hüququna malikdir. Üstəlik, baş nazir kraliça(indi kral) qarşısında müəyyən mənada “hesabat verir”. Bizdə bir çox seçkiləri Avropa strukturları “təyinatlı” adlandırıblar, amma özləri az qala ikinci yüzillikdir bu işlə məşğuldurlar. İndi baxın, Parisin ölkəmizə aşkar qərəzli və hətta düşmən münasibətini lənətləsək də, yeganə istisna Fransadır ki, XIX əsrdə monarxistlər və respublikaçılar bunun üçün iki inqilab ediblər. Əvvəl Napoleona, sonra isə hansısa Burbon sülaləsinə monarxiya rejimi qurmağa imkan verməyiblər, beşinci respublika qurublar. Vikipediyaya baxdım, Asiyada 13, Amerikada 9, Okeaniyada 6 və Afrikada 3 ölkədə hələ də belə idarəetmə forması davam etməkdədir...

mal (1).jpg (2.88 MB)

...Danimarka kraliçası II Marqret xalqa Yeni il müraciəti bildirdi ki, 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcək. 83 yaşlı kraliça taxt-tacın özündən sonrakı sahibini də açıqlayıb: “Mən taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə buraxacağam. Qərara gəldim ki, indi doğru vaxtdır. 2024-cü il yanvarın 14-də, sevimli atamı əvəz edəndən 52 il sonra Danimarka kraliçası vəzifəsindən ayrılacağam”. II Marqret 1952-ci ildə taxtdadır...

Britaniyada da 70 il davam edən matriarxal idarəetmə Elizabetin 2022-ci ilin sentyabrında vəfatı ilə başa çatdı. Böyük Britaniyada monarxiyanın populyarlığı şübhəsiz ki, Elizabetin şəxsi populyarlığına əsaslanırdı. Bu, İngiltərədəki anti-monarxist təşkilatların əksəriyyətinin indiyədək əsas arqumenti idi. Uels şahzadəsi Çarlzın taxta oturması ilə kral hakimiyyəti institutunun populyarlığının sarsılacağı haqda iddialar artıb. Britaniya monarxiyasının gələcəyi ilə bağlı daha bir problemin maliyyə ilə bağlıdır. İngilislər zaman-zaman kral məhkəməsinin xərclərindən narazı idilər, lakin “kraliçaya xərac”a açıq etiraz etməyə cəsarət etmirdilər. Əslində hər bir britaniyalı kral sarayının saxlanmasına ildə cəmi 61 pens xərcləyir...Demək, söhbət təkcə pulda deyil, monarxiya rejiminin özündən narazılıqlar artmaqdadır.

xan (1).jpg (228 KB)

İngilis hökumətinin XX əsrin əvvəlində Bakıya nə məqsədlə qoşun yeritdiyi haqda tarixi yenidən qurdalamağın mənası yoxdur. Krallığın ermənilərdən Osmanlıya və Azərbaycanın müstəqilliyinə qarşı necə istifadə etdikləri də bilinən faktlardır. Hətta “Böyük Ermənistan” xəyalını ermənilərin kindar başlarına yerləşdirməsində ingilis hökumətinin də xüsusi rolu olub. Böyük Britaniya vaxtilə bir çox İslam dövlətini müstəmləkəyə çevirmiş ölkədir. Ona görə də müsəlmanların ingilis monarxiyasına da, kraliçaya da münasibəti heç vaxt birmənalı olmayıb...

Daha bir ilginc hadisə Argentinanın yeni prezident Xavyer Miley hökuməti ilə İngiltərə krallığı arasında baş verənlərdir. Argentina hökuməti Yeni ilin ilk günlərində Britaniya monarxiyası ilə bağlı skandal bir açıqlamaya imza atdılar. Belə ki, Argentinanın yeni hökuməti Londonu Folklend adaları (Malvin adaları) üzərində suverenliyi geri qaytarmağa və bu məsələ ilə bağlı danışıqlara çağırıb. “Malvin adalarının Böyük Britaniya tərəfindən məcburi işğalından 191 il ötür. Argentina hökuməti və bütün cəmiyyət Malvin adaları üzərində suverenlik haqqımızı müdafiə edir” deyə, hökumətin açıqlamasında bildirilib.

scale_1200 (3).jpg (111 KB)

Qeyd edək ki, Argentina uzun zamandır ki, Malvin adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Adalar uzun illər əldən-ələ keçib. 1810-cu ildə argentinalıların əlinə keçib və 1820-ci ildə Argentinanın suverenliyi elan edilib. 1833-cü ildə isə ingilislər buraya hücum edərək arxipelaqı işğal ediblər. Lakin Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırmışdır. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayıb. “Dəmir ledi” Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-ın hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə uğradır.

1648635762_45-vsegda-pomnim-com-p-folklendskie-ostrova-foto-45 (1).jpg (178 KB)

Argentinanın ərazi münaqişənin həllində BMT-yə ümid bağlaması əlbəttə ki, mənasız işdir. Azərbaycan Qarabağ üzərində öz hərbi gücü ilə suverenliyini tam bərpa etməsi dünyada nümunə yaradıb. Argentina ermənipərəst dövlətdir. Amma gücü çatırsa, qoy gedib öz adalarını alsın...

Rədd olsun dünya monarxiyası, yaşasın Azərbaycan Respublikası!

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR