İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı sülhməramlı əsgərlər gedir, yerinə onlar gəlir

10854 01.03.2023 21:42 Siyasət A A

Müxtəlif ölkələrdə fəaliyyət göstərən hərbi qüvvələri Ukraynaya yönəltmək, onların yerinə isə könüllüləri və çağırışçıları yerləşdirmək zərurəti yaranıb

Rusiya Dövlət Duması  beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçuların statusu ilə bağlı düzəlişləri müzakirə edir.  Hazırda sülhməramlı misiyada müqaviləli əsgərlər olmalıdır. Sənədin yeni redaksiyasında hazırlıqlı könüllü olmaq kifayətdir. Təklif olunan dəyişikliklərin birbaşa mənası onu göstərir ki, həm çağırışçıları, həm də könüllüləri xüsusi sülhməramlı əməliyyatlara göndərmək mümkün olacaq.

Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edildikdən sonra geriyə tətbiqi çox güman ki, Azərbaycandakı Rusiya sülhməramlılarının statusundan da yan keçməyəcək. Rusiya Azərbaycandakı sülhməramlı kontingentinin tərkibini könüllü hərbçilər və ya çağırışçılarla əvəz edəcək.

Azərbaycandakı sülhməramlıların isə Ukraynadakı müharibəyə aparılması mümkündür. Dəyişiklik nəyə xidmət edir, Qarabağdakı sülhməramlıların təcrübəsiz könüllülərlə əvəz edilməsi vəziyyəti gərginləşdirə bilərmi?

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid  doğruldumu...

Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçuların statusu ilə bağlı qanuna düzəlişlər çağırışçıları və könüllüləri sülhməramlı kontingentə cəlb etməyə xidmət edir: “Təkcə Qarabağda deyil, Moldova ərazisində də Rusiyanın sülhməramlı qüvvələri fəaliyyət göstərir. Lakin onlar həmin əraziyə Moldova dövlətinin istəyi ilə gəlməyiblər. Ukraynada müharibədə 149 mindən çox Rusiya əsgərinin öldürüldüyü bildirilir. Ola bilsin ki, Rusiya ordusunun şəxsi heyətinin komplekləşdirilməsi problemi yaranır. Ona görə də müxtəlif ölkələrdə sülhməramlı adı altında fəaliyyət göstərən hərbi qüvvələrini geri çağırıb Ukraynaya yönəltmək, onların yerinə isə könüllüləri və çağırışçıları yerləşdirmək zərurəti meydana gəlib.  Rusiya qanunvericiliyinə görə, çağırışçılar döyüşlərə cəlb edilmir. Ona görə də, hər halda, hazırda sülhməramlı adlanan hərbçiləri döyüşlərə cəlb edib, onları çağırışçılarla əvəz edəcəklər. Rusiya əhalisi Ukrayna müharibəsinə çağırışçıların göndərilməsi və onların həlak olması faktlarına etiraz edir. Ona görə də qanuna dəyişiklik etməyə məcbur qalırlar. O da mümkündür ki, ola bilsin, Rusiya başqa hansısa dövlətlərin də ərazisinə sülhməramlı qüvvələr yerləşdirmək planı qurub. Bu plan həyata keçiriləndə çağırışçılar sülhməramlı qüvvə olaraq göndəriləcək.

Qarabağdakı sülhməramlıların təcrübəsiz könüllülərlə və çağırışçılarla əvəz edilməsinin vəziyyəti gərginləşdirəcəyini düşünmürəm. Vəziyyətin necə olması ərazidə hansı hərbçilərin fəaliyyət göstərməsindən çox, Kremlin, Rusiya Müdafiə Nazirliyinin siyasətindən asılıdır".

Əxlaqımızda dövlətdən küsmək yoxdur” — Azər Həsrət

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə, Rusiya üzləşdiyi durumun diktəsi ilə bir sıra qanunlarına dəyişiklik etməyə məcburdur. Bununla Rusiya vəziyyətdən çıxmağa çalışır: "Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçuların statusu ilə bağlı qanuna düzəlişlərin müzakirəyə çıxarılması da bununla əlaqədardır. Sülhməramlı qüvvələrə könüllülərin cəlb edilməsinə "yaşıl işıq" yandırılması Rusiyanın silahlı qüvvələrində şəxsi heyət problemindən qaynaqlanır. Qanunda dəyişiklik edildikdən sonra Qarabağdakı rus sülhməramlı əsgərlərin geriyə çağırılması və onların yerinə könüllülərin gətirilməsi baş versə belə, Azərbaycan bundan narahat olmamalıdır. Könüllülərin cəlb edilməsi o deməkdir ki, Rusiya yaxın perspektivdə Qarabağda sülhməramlıların işinin daha asan olacağını bilir və ya planlaşdırır. Bu isə o deməkdir ki, Qarabağda vəziyyət Rusiyanın nəzərincə düzəlməyə doğru gedir, oradakı erməni əhali ilə Azərbaycan dövlətinin müvafiq qurumları arasında təmaslar artacaq, əlaqələr, danışıqlar intensivləşəcək. Yəni sülhməramlıların işi o qədər də çox olan deyil. Onlar, sadəcə, bəlli bir mərhələdə vasitəçilik edəcəklər. İnsanlar arasında münasibətlər intensivləşdikcə sülhməramlıların üzərinə elə də çox iş düşən deyil. Əlbəttə, belə bir şəraitdə Rusiyanın xüsusi peşəkar hərbçiləri Qarabağda saxlamasına zərurət qalmayacaq. O baxımdan, hesab edirəm ki, biz ehtimal edilən dəyişiklikdən-əvəzetmədən narahat olmamalıyıq. Əksinə, bu, yaxşı bir gəlişmədir və yeni ümidlər üçün yol açan nüansdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR