İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda “Donbas ssenarisi”? - Bakı üçün qərar vermə zamanı: “Uzağı bir həftəyə...”

1751 07.03.2023 11:04 Siyasət A A

Rusiya separatçı-terrorçuları tam “qanadı altına” alıb, işin içində İran da var; analitiklərdən ilginc rəy və proqnozlar...

Silahlı separatçıların ordumuza qarşı 5 mart təxribatının sözsüz ki, yaxın perspektiv üçün daha ciddi nəticələri olacaq. Artıq Azərbaycan tam əmin oldu ki, həm Ermənistan, həm də Qarabağ anklavındakı erməni quldurların havadarı Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Sülhü əngəlləmək üçün onlar hətta ortaq hərəkət edirlər - baxmayaraq ki, ilk baxışda Moskva-İrəvan münasibətləri gərgindir.

Laçın yoluna alternativ gizli yolla separatçı kriminal ünsürlərə silah-sursat, mina daşınmasının hansı anlamı ola bilər ki? Madam Rusiya 10 noyabr kapitulyasiya aktı ilə öz üzərinə düşən vəzifəni (bənd 4) üç ildir yerinə yetirmir, qanunsuz silahlı dəstələri Qarabağdan çıxarmağı ağlına gətirmir, əksinə, onlara faktiki ordu qurur, təlim keçir, cürbəcür yollarla, o cümlədən İran diversantlarının vasitəsi ilə terrorçulara PUA-lar çatdırılmasını təmin edir, ərazidə hərbçilərimizi izləmək və snayperlə vurmaq üçün hətta videokameralar qurulmasına kömək edir, Rusiya Müdafiə Nazirliyinin bülletenlərində isə legitim terrorçu dəstələr hərbi birləşmələr kimi göstərilir, demək, ərazimizdə antiterror əməliyyatı qaçılmaza çevrilir (diqqət: 5 mart insidentini Rusiya mediası sırf erməni mövqeyindən təqdim edib).

Xankəndi-Şuşa- Lacın- Gorus yolu - YouTube

Bütün bunlar, əlbəttə ki, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı açıq-aşkar qəsddir və sonu mütləq gəlməlidir. Təsadüfi deyil ki, Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri ötən bazar yaydıqları bəyanatlarda qanlı insidentə görə əsas məsuliyyət Ermənistanın üzərinə qoyulsa da, Rusiya tərəfi də məsuliyyət ortağı kimi göstərilib. Moskvadan qanunsuz birləşmələri Qarabağdan çıxarmasına bir daha çağırış edilib.

Bakının bu tələbi təbii ki, tam qanunidir. Üstəlik, 22 fevral 2022-ci il tarixli, altında Putinin də imzası duran Moskva bəyannaməsinin ruhuna uyğundur. Hansı sənəddə ki, tərəflərin bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmət, separatizmə və terrorçuluğa qarşı birgə mübarizə öhdəlikləri əksini tapıb. Hanı bəs?

“Bu gün (martın 5-də-red.) baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir” - bəyanatdan başqa bir sitat.

Bu da gözlənilən digər bir nəticənin anonsu. Proseslər həm də buna aparır. Eyni zamanda Laçın yolundakı aksiyanın nə dərəcədə haqlı olduğunu bütün dünyaya nümayiş etdirir. Az öncə Bakının Laçın yolunun girişi və Zəngəzur dəhlizinin hər iki başında nəzarət postları qoymaq təklifini İrəvanın dərhal rədd eləməsinin səbəbi indi bir daha aydın oldumu?

Vəziyyətdən yeganə çıxış yolu isə Ermənistanın ikili oyunlara və siyasi riyakarlığa son qoyaraq, vaxt itirmədən Azərbaycanla sülh müqaviləsi imzalaması və beləcə, Rusiyanın “ayağının” regiondan yığışmasına şərait yaratmasıdır. Yeri gəlmişkən, ötən həftə Almaniyada erməni icması ilə görüşdə N.Paşinyan bildirdi ki, Qarabağ məsələsi xarici güclər üçün (ilk növbədə Rusiyanı nəzərdə tutur - red.) Ermənistanı “nəzarət altında” saxlamaq üçün bir rıçaq rolu oynayıb. Elədirsə, Ermənistan rəhbərliyi niyə Azərbaycanla sülh sənədi imzalayıb həmin təsir-təzyiq rıçaqından qurtulmaq istəmir?..

*****

Bayram axşamı: Xankəndi-Laçın yolundakı aksiyaçılara sənət adamları dəstək  verir - VİDEO - GlobalInfo.az

“Azərbaycan dəfələrlə həm Ermənistana, həm də Rusiyaya Xankəndidəki separatçılara silah daşınması ilə bağlı sərt xəbərdarlıq edib. Separatçılar özlərinə yeni mövqe inşa edir, amma rus sülhməramlılar buna göz yumur, silah daşınır, yenə sülhməramlılar özlərini görməzliyə vururlar. Günlərini yola verməklə öz vəzifələrini bitmiş hesab edirlər”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. O, rus sülhməramlıların 10 noyabr sənədindəki vəzifə və öhdəliklərini yerinə yetirmədiklərini bildirib: “10 noyabr bəyanatının imzalanmasının üzərindən kifayət qədər uzun vaxt keçib. Lakin erməni silahlılar hələ də Qarabağdadır və rus sülhməramlılar altında Rusiya Prezidentinin imzası olan bəyanatın 4-cü maddəsini hələ də yerinə yetirməyiblər”.

Ədalət Verdiyev Ermənistanın çox sərt şəkildə cəzalandırılacağını vurğulayıb: “Baş verən təxribat və Azərbaycan hərbçisinə öz ərazimizdə güllə atılması növbəti geniş çaplı antiterror əməliyyatı üçün səbəbdir. Azərbaycan dövləti və şanlı Ordumuz şəhidimizin qanını yerdə qoymayacaq. Ermənistan çox sərt şəkildə öz cəzasını alacaq”.

*****

Vəziyyətlə bağlı Xəzər Hərbi Tədqiqatlar İnstitutunun analizi də maraq doğurur. Orada 4 məqama diqqət çəkilir:

“Birincisi, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bundan sonra Qarabağda istənilən ərazidə nəyisə yoxlamağı tələb edə bilərlər (bu, yeni məsələdir və yaxın günlərdə intensivləşəcək).

İkincisi, Qarabağda qanunsuz erməni silahlılarının olması faktı bir daha təsdiqləndi. Bu vəziyyət Azərbaycan Silahlı Qüvvələrini növbəti təmizləmə məqsədli hərbi əməliyyatlara başlamağa sövq edəcək.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Üçüncüsü, Qarabağda separatçı tör-töküntüləri təmsil edən istənilən hərbçi, polis və s. fəaliyyəti qanunsuzdur. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan hakimiyyəti separatçıların “hüquq-mühafizə orqanlarının” fəaliyyətini də qanunsuz hesab edərək, ləğvini tələb edəcək. Yəni qanunsuz silahlı birləşmələrin çıxarılması tələbi ilə yanaşı bu tələb də kəskin şəkildə ortaya qoyulacaq.

Dördüncüsü, Bakı tərəfindən Ermənistandan sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması tələbi ortaya qoyulur. Sözügedən istiqamətdə yaxın vaxtlarda ciddi addımlar atıla bilər. Yəni hətta günü sabah Azərbaycan əsgərləri silah və cihazlarını götürüb sərhəd xəttində mövqe tuta və oradan keçən bütün vasitələrə nəzarət edə bilərlər".

Təhlildə habelə Ordumuzun yaxın zamanda genişmiqyaslı antiterror əməliyyatına başlaya biləcəyi vurğulanıb: “Dünənki (srağagünkü-red.) atışmalarda Azərbaycan Silahlı Qüvvələri müəyyən əraziləri nəzarətə götürüb. Amma bu, əhəmiyyətli irəliləyiş deyil. Əslində bununla yaxın günlərdə genişmiqyaslı antiterror əməliyyatı üçün zəminin əsası qoyulub. Uzağı, bir həftə ərzində ciddi hadisələr baş verə bilər”.

*****

“Qarabağdakı separatçıların təxribatlara əl atacağı istisna deyil. Bunun qarşısını almaq üçün təcili olaraq Türkiyə-Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamaq, Azərbaycanla Ermənistan arasında olan problemləri həll etmək lazımdır”.

Bunu isə Musavat.com-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, 10 noyabr razılaşmasında Xankəndi ilə İrəvanı bir-birinə bağlayan Laçın dəhlizinin açıq olması Rusiyanın atəşkəsi pozmaqla bölgədə uzun müddət qalmaq və bura nəzarət etmək niyyətinin olduğunu ortaya çıxarıb. “Azərbaycan Ermənistanla dəhliz məsələsini həll etməyə çalışarkən Ermənistan Qarabağ məsələsinin onların öz məsələsi olmadığını iddia edərək regionda Rusiya və Azərbaycanı qarşı-qarşıya qoyub”, - deyə politoloq qeyd edib.

Onun ehtimalına görə, Rusiya bölgədə Donbas, Krım, Abxaziya, Osetiya modeli kimi bir model tətbiq edərək nəzarəti əlində saxlamaq istəyəcək. “Avropa və Amerika isə vəziyyətdən istifadə edərək regionda mövcudluğunu davam etdirmək, Ermənistanı Rusiyadan ayırmaq üçün ciddi fəaliyyətə başlayıb”, - deyə o əlavə edib.

Demək, Bakı üçün qərar vermək zamanıdır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR